Azərbaycan neftçilərinin hamisi
Azərbaycan neftçilərinə hörmət və ehtiramın, diqqət və qayğının tarixi var. Cənab İlham Əliyev də istər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olduğu, istərsə də ölkəyə rəhbərlik etdiyi dövrdə bu ənənəni davam etdirməklə bərabər, onun daha geniş miqyas almasını təmin edib. Beləliklə, neftçilər dövlət təltifləri ilə mükafatlandırılır, iş şəraitləri və sosial rifahları ildən-ilə yaxşılaşdırılır.
Hər il 20 sentyabr – Neftçilər Günü ərəfəsində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə neft sənayesinin inkişafında xidmətləri olan şəxslər orden və medallarla və fəxri adlarla təltif edilir. Ölkəmizdə azsaylı peşələrdəndir ki, hər il xeyli neftçi müxtəlif dövlət təltifləri ilə mükafatlandırılır.
Prezident İlham Əliyevin “Həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikrindən irəli gələrək son illərdə ölkəmizin neft sənayesində milliləşdirmə siyasəti genişləndirilərək əcnəbi mütəxəssislərin yerli kadrlarla əvəz edilməsi ilə neft-qaz layihələrində çalışan Azərbaycan vətəndaşlarının sayı artmaqdadır. Eyni zamanda, neftçilərə sağlam əmək şəraitinin yaradılması, istehsalatın bütün sahələrində onların təhlükəsizliyinin, sağlamlığının və iş qabiliyyətlərinin qorunmasının təmin edilməsi, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi bütün işəgötürənlərin qarşısında qoyulmuş mühüm vəzifələrdən biridir.
Neftçilərə diqqət və qayğının daha bir təzahürü onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdir. Təsadüfi deyil ki, neftçilər ölkədə ən yüksək məbləğdə əmək haqqı ilə təmin olunan peşə sahibidirlər və bunu rəsmi statistika da sübut edir. Həmçinin neftçilərin mənzillərlə təmin edilməsi də onlara olan diqqət və qayğının daha bir nümunəsidir.
Digər tərəfdən, “OPEC plus” razılaşması çərçivəsində Azərbaycanda neft hasilatının azaldılmasına baxmayaraq, ölkədə neftçilərin kütləvi ixtisarına yol verilməməsi sosial amillə bərabər, neftçilərə verilən dəyərdən irəli gəlir. Həmçinin ali məktəblərə qəbul prosesində böyük axın olan sahələrdən birini neft-qazla bağlı ixtisaslar təşkil edir. Beləliklə, bu sahədə əməkhaqlarının yüksək olması ilə yanaşı, neftçilərə verilən önəm gənclərin də diqqətindən yayınmır və gələcəkdə onların layiqli davamçısı olmaq hər bir gəncin arzusuna çevrilir.
“Neftçi peşəsi Azərbaycanda həmişə çox hörmətli peşə olub. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhfələr veriblər”,- deyə “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilmiş mərasimdəki nitqində bildirən Prezident İlham Əliyev ölkəmizin uğurlu inkişafında qəhrəman neftçilərin əməyinin əvəzolunmazlığını, onların Azərbaycanın qüdrətini, inkişafını təmin etdiklərini vurğulayıb.
Bundan başqa, bu il Neftçilər Günündə Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində edilən paylaşımda deyilir: “Neftçi peşəsi hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir, onların əməyi əsl qəhrəmanlıqdır. Ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır”.
Aydın məsələdir ki, neftçilər Azərbaycan iqtisadiyyatının strateji sahəsini təmsil edirlər. Neft sənayesi aparıcı sahə olmaqla ölkəmizi dövlət müstəqilliyinin ilk illərində düçar olduğu iqtisadi böhrandan çıxarmaqla bərabər, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına imkan verib. Ancaq qeyd edilənlər burada başlıca səbəbin Prezident İlham Əliyevin neftçilərə diqqət və qayğısının arxasında ənənədən əlavə, onların ölkəmizin inkişafındakı roluna ədalətli baxış və müasir texnologiyaya baxmayaraq, neftçi əməyinin fərqində olması dayanır. Bu mənada Prezident İlham Əliyev onları dəstəkləməyə davam etməklə, həmçinin Azərbaycan neftçisinin hamisidir.
Ceyhun Piriyev, “İki sahil”

