Maraqlı 

Təkrar yoluxma daha ağır keçirmi?

Koronavirusa təkrar yoluxma ilə bağlı müxtəlif ölkələrdən olan mütəxəssislər nə düşünürlər?

İnsan koronavirusa təkrar yoluxarsa, bu zaman onda immunoqlobulin “G” çox yüksək sürətlə formalaşmağa başlayır. Uyğun olaraq, mutasiyaya uğramış virusun xəstəni ağırlaşdırması şansı da azalır. Mütəxəssislərin fikrincə, təkrar yoluxma da adətən, insanlarda ilk yoluxmadakı simptomlarla özünü büruzə verir:

burun tutulması;

boğaz ağrısı;

əzələ ağrıları;

öskürək və s.

Belə bir fikir də var ki, ilk yoluxmada xəstəliyi yüngül keçirənlərin təkrar yoluxma riski ağır keçirənlərlə müqayisədə daha çoxdur.

Bəzi mütəxəssislər isə hesab edirlər ki, insan təkrar yoluxmur, sadəcə yoluxucu residiv baş verir. Düzgün qoyulmamış diaqnoz və ya yetərsiz müalicə nəticəsində qısa müddət sonra simptomlar təkrarən üzə çıxa bilir.

Bu virusun tədqiqi ilə artıq uzun müddətdir ki, dünyanın hər yerindən olan tibb mütəxəssisləri məşğul olurlar.

Rusiyadan olan mütəxəssis İlnaz İmatdinov və Rusiya Səhiyyə Nazirliyinin baş infeksionisti Vladimir Çulanov hesab edirlər ki, xəstəliyi yüngül formada keçirən xəstələrdə ona qarşı yüksək immunitetin yaranacağını demək olmaz. Belə xəstələrdə koronavirusa qarşı antitelin titri cəmi bir neçə ay qala bilir. Sonra isə öz-özünə yox olur.

Vladimir Çulanov bildirib ki, təkrar yoluxma riski tamamilə hər bir şəxsin immunitet sisteminin fərdi xüsusiyyətlərindən asılıdır.

16 iyul 2020-ci il tarixdə Amsterdam Universitetinin alimləri təkrar yoluxma ilə bağlı apardıqları işin nəticələrini açıqladılar. Onlar da belə qənaətə gəliblər ki, bu xəstəlikdə insanın immunitet sisteminə “bel bağlamaq” olmaz. Hər bir xəstələnib sağalan şəxs 12 ay içərisində virusa təkrar yoluxa bilər. Lakin bütövlükdə bir xalqda, kütlədə kollektiv immunitet yarandığı halda, virusun yayılma sürəti kəskin aşağı düşə bilər.

Tel-Əvivdə tibb məktəbinin immunologiya kafedrasının baş müəllimi hesab edir ki, zamanla böyük kütlələr koronavirusa yoluxub sağalmış olacaq, lakin mövcud ştammlara qarşı immunitetin hansı müddətə formalaşacağı bəlli deyil.

Həyata keçirilən bütün tədqiqatların nəticələrinə uyğun aşağıdakı yığcam nəticələrə gəlmək olar:

•  Bir dəfə koronavirusa yoluxan xəstənin təkrar yoluxmayacağına 100 % qarantiya verilmir.

•  Yoluxub sağaldıqdan sonra da mütləq şəkildə bütün profilaktik tədbirlərə əməl edilməlidir. Xəstə insanla təmasdan çəkinməli, antiseptiklərdən, əlcək və maskadan istifadə edilməlidir.

•  Koronavirus dəyişkəndir. Əvvəlcədən ştammın necə mutasiya edəcəyini və insan orqanizminə necə təsir edəcəyini müəyyən etmək qeyri-mümkündür.

•  Ekspertlərin fikirlərinə əsaslanaraq, onu demək olar ki, COVID-19 virusunun ikinci dalğası zamanı daha az insan xəstələnəcək. Bir neçə ay immunoqlobulin “G” insan orqanizmində qaldığından xəstə sayı az olacaqdır. Lakin üçüncü və ya dördüncü dalğa baş verərsə, nəticələr ağır ola bilər.

Nubar Süleymanova, “İki sahil”

Daha çox xəbərlər