Gün də çıxdı. Təbiət də bizi alqışlayır, salamlayır. Sahibləri gəlib bu torpağa
Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı söylədiyi bu fikirlər torpaqlarımızın düşməndən azad edilməsini, burada yeni həyatın başlanmasını hiss etdiklərinin təsdiqidir
“Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik.” Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı bir daha bildirmişdir ki, 44 gün ərzində bu ərazini işğaldan azad etmək və düşməni, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır.
44 günlük müharibə Azərbaycanın qətiyyətli mövqeyinin təqdimatı oldu. Danışıqlar masası ətrafında hansı şərt daxilində oturacağını xalqa bütün müraciətlərində, xarici mətbuata müsahibələrində bəyan edən dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın gec-tez diz çökəcəyini, yalvarışlar edib danışıqlara gələcəyini diqqətə çatdırırdı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanat ölkəmizin siyasi qələbəsi, Ermənistanın məğlubiyyətidir.
Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı bu həqiqətlərə bir daha işıq salmışdır ki, müharibə zamanı görülən işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Azərbaycana qədər dünyada heç kim bu taktikadan istifadə etməyib. Döyüş meydanında qələbəmiz siyasi müstəvidə qələbəyə yol açdı. Azərbaycan bu təcrübəsi ilə dünyanın diqqətini bir daha özünə yönəltdi. Cənab İlham Əliyevin çıxışlarında da qeyd edildiyi kimi, Azərbaycanın münaqişənin həlli ilə bağlı yaratdığı möhkəm baza döyüş meydanında qələbəsində əsas rol oynadı. Bu günə qədər özlərini beynəlxalq hüququn mövcudluğundan xəbərsiz aparan işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər bu məfhumun mövcudluğunu qəbul etməklə yanaşı, onun zamana və məkana görə tətbiq edilməsinin hansı problemlərə yol açdığının, özlərinə qarşı inamsızlıq formalaşdırdıqlarının şahidi oldular. Ermənilərin hər bir beynəlxalq hüquqa zidd əməllərinə göz yummaqla hüququn işlənmədiyi barədə rəy formalaşdıran dövlətlər düşünürük ki, 44 günlük müharibənin yaratdığı reallıqları düzgün təhlil edəcək və nəticə çıxaracaqlar.
İkinci Qarabağ müharibəsində əsas məqsədlərdən biri bu idi ki, az itkilərlə düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmənin ordusunu faktiki olaraq məhv edərək hədəfə çataq və belə də oldu. Sentyabrın 27-də əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu sonra hücum əməliyyatına keçdi. Çünki torpaqlarımızı azad etməli, Ermənistanın təxribatlarına, günahsız insanların həlak olmasına son qoyulmalı idi. Azərbaycanın itkiləri müharibənin miqyasına görə həddindən çox aşağıdır. “Hər bir şəhidimiz əvəzolunmazdır, hər bir insanın həlak olması böyük faciədir, onun özü üçün, yaxınları üçün, qohumları üçün, xalq üçün” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, hər gün biz irəliyə gedirdik: “44 gün ərzində bir gün də olmayıb ki, biz geri çəkilək. Bir gün də olmayıb ki, hansısa məsələni biz həll etməyək. Hər gün səhər mənim tərəfimdən hər günün döyüş-əməliyyat planı təsdiq edilirdi, günün sonunda da təhlil olunurdu. Biz bunun nəticəsində qısa müddət ərzində böyük Qələbə qazana bilmişik, öz doğma torpaqlarımızı düşməndən azad edə bilmişik. Düşmənə elə sarsıdıcı zərbələr endirmişik ki, bu günə qədər özünə gələ bilmir.”
Mənfur düşmənin işğal edilmiş torpaqlarımızda nə kimi vəhşiliklər törətdikləri göz qabağındadır. Evlər, tarixi, dini abidələrimiz dağıdılıb. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq.
30 ildən sonra Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtdı. Cənab İlham Əliyevin Qubadlıda Azərbaycan bayrağını ucaltdıqdan sonra əsgərlərlə görüşündə qeyd etdiyi kimi, bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb.
Bu qayıdışın doğurduğu sevinc dövlətimizin başçısı İlham Əliyev 10 noyabrda qələbə müjdəsini xalqa çatdırdığı andan bugünədək yaşanan coşquda, xoş ovqatda özünün aydın ifadəsini tapır. İşğaldan azad olunan torpaqlarımızda bərpa işlərinə başlanılıb. Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılmışdır.
Cənab İlham Əliyev səfər çərçivəsində əsgərlərlə görüşündə bütün bu yerlərin tamamilə bərpa ediləcəyini vurğulayaraq, diqqəti ermənilərin 27 ildə torpaqlarımızda hansı vəhşilikləri törətdiklərinə yönəldərək bildirmişdir ki, bir daha hansı vəhşi düşmənlə üz-üzə olduğumuzun şahidiyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın.
Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası üçün bütün planlar hazırlanır. Təbii ki, yüksək səviyyədə icra ediləcək. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları başlanan hər bir işi uğurlu sonluqla başa vurmağa geniş imkanlar yaradır. Yoxsul, kasıb, dilənçi ölkənin işğal edilmiş rayonlarımıza qeyri-qanuni yolla yerləşdirdiyi ermənilərin Kəlbəcər, Laçın və Ağdam rayonlarını tərk edən zaman söküb apardıqlarını yada salanda bir daha onların nə qədər vəhşi, insanlıqdan uzaq olduqlarını görür, nifrət edirsən. Barbarlıq, vandalizm bu millətin yaşam tərzidir. İstər işğaldan azad olunmuş torpaqlarımızda mövcud vəziyyəti, istərsə də 10 noyabr razılaşmasına uyğun olaraq Kəlbəcər, Laçın, Ağdam rayonlarını tərk edərkən söküb dağıtdıqları, apardıqlarını aparıb, apara bilmədiklərini yandırdıqları durumu əks etdirən görüntüləri yəqin ki, dünya görür. Bu, onların beynəlxalq hüququ bir kənara qoyub Ermənistanın başına çəkdikləri sığaldan, cinayətlərə göz yummalarından qaynaqlanır. Amma işğalçı dövlət necə ki, döyüş meydanında, diplomatiya müstəvisində məğlub oldu, eləcə də törətdiyi bu cinayətlərə görə beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacaq. Dövlətimizin başçısı İlham Əliyev qeyd etdiyimiz səfərində də bu mesajı Ermənistana və onun havadarlarına çatdırdı.
Diqqəti ermənilərin dini abidələrimizi, məscidləri dağıtmasına, burada donuz saxlamalarına yönəldən cənab İlham Əliyev müharibə qurtaran kimi erməni xalqının abidələrinin qorunması ilə bağlı səsləndirilən fikirləri diqqətə çatdıraraq qeyd etmişdir ki, biz bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Bütün məscidlərimiz dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub: “Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər. Bunu törədən ölkə ilə hansı dostluqdan söhbət gedə bilər?”
Təəssüflər olsun ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər. Müsəlmanları, dinimizi təhqir edən işğalçı dövlətə dost demək ikrah doğurur. Dünyanı bu görüntülərə qiymət verməyə çağırış etməklə yanaşı, bəzi müsəlman dövlətlərinin də bu təhqirlərə göz yummalarından utanc hissi keçirmək olar. Onların “dost” deyib səmimiyyət qurduqları ölkəyə 20 il rəhbərlik etmiş cəlladlar məscidlərimizi dağıdıblar.
İşğalçı dövlət bunlara görə cavab verəcək. Cənab İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki, görüntülərdən sonra bizə irad tutmağa çalışan “beynəlxalq məmurlar” öz dillərini qarınlarına qoyacaqlar. Biz isə bu məscidi bərpa edəcəyik, vətəndaşlar gəlib burada ibadət edəcək, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq.
Xalqımız hər zaman olduğu kimi, sentyabrın 27-dən başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları dövründə də ölkə Prezidentinin hər sözünün arxasında oldu, ona inanaraq ətrafında sıx birləşdi. Xalqımız bir daha əmin oldu ki, cənab İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və istər danışıqlar masasında, istərsə də hərb meydanında bütün addımlarını ən xırda detalınadək hesablayaraq atır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində də bildirirdi ki, düşmənə layiq olduğu yeri yumruğumuzla göstərdik. Bu yumruq yalnız düşmənin başına vurulan zərbə deyil, birliyimiz, həmrəyliyimizdir.
Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirdi. Bu, ədalətin təntənəsidir! Xalqımız tam əmin idi ki, işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan davamlı inkişafı ilə dünyanın diqqətində olacaq. Artıq o əminlik reallıqda öz əksini tapıb. «Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”» söyləyən Prezident İlham Əliyev Qubadlı və Zəngilan rayonlarına səfəri ilə, həmçinin hər bir hərbçinin Ali Baş Komandanı olduğunu sübut etdi. Erməni əsgərindən fərqli olaraq, mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, humanist dəyərləri qoruyan ordu bölgədə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin Ordusudur. “Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq” söyləyən cənab İlham Əliyev əsgərlərlə görüşündə bu məqamı da xüsusi qeyd etmişdir ki, amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın: “Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik.”
Yeganə Əliyeva, “İki sahil”

