Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır
Cəlil Xəlilov: Bu gün qürurla deyirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır
– Cəlil müəllim, Azərbaycan cəmiyyəti qələbə sevincini yaşayır. Dekabrın 10-da Bakıda Zəfər Paradı keçirildi. Zəfər Paradının əhəmiyyətini necə dəyərləndirirsiniz?
– Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olması və işğalçı ölkə üçün kapitulyasiya aktı kimi dəyərləndirilən üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Azərbaycan öz gücü hesabına, hərbi-siyasi yolla bu problemi həll etdi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Bu savaş ilk gündən Azərbaycan Ordusunun qüdrətini, əsgər və zabitlərimizin yüksək döyüş ruhunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək düşmənə sarsıdıcı zərbələr endirdi. İllər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu və möhkəmləndirdiyi, minaladığı mürəkkəb konstruksiyalı mühəndis-istehkam qurğuları və digər müdafiə sistemləri ordumuz tərəfindən ilk həmlədə yarıldı. Bildiyimiz kimi, dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. «Azadlıq» meydanında keçirilən Zəfər paradı öz haqq mübarizəsindən qalib çıxan Azərbaycanın bütün dünyaya qələbəsinin, Türkiyə-Azərbaycan əbədi qardaşlığının nümayişi idi. Azərbaycan xalqı ilk növbədə tarixi ədalətin bərpa edilməsini bayram edərək mövcud olduğu illər ərzində əldə etdiyi ən böyük zəfərini beynəlxalq ictimaiyyətə rəsmən elan etdi. Bu hərbi parad Azərbaycanın tərəfdaşlarına həm də rəqibləri üçün böyük və əhəmiyyətli siyasi bir ismarıc idi. Belə ki, hər zaman qonşuların ərazi iddiaları nəticəsində suverenliyimiz və müstəqilliyimiz təhdid altında olsa da, Azərbaycan Qarabağ mövzusunda ictimaiyyət, ordu, müxalifət və iqtidar bir yerdə bir yumruğa çevrilib erməni qəsbkarlarının layiqli cavabını verə bildi. Prezident İlham Əliyevin də dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik.
– Şanlı ordumuz «böyük Ermənistan» xülyasını tam iflasa uğratdı. Sizcə, qısa müddət ərzində böyük Qələbənin qazanılmasının əsas amilləri nədən ibarətdir?
Rəşadətli ordumuz 44 gün davam edən İkinci Qarabağ müharibəsində düşmən təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən qat-qat üstün olduğunu bütün dünyaya sübut etdi. Azərbaycan bu döyüşdə parlaq qələbə qazandı, işğal altındakı torpaqlarımızı yağılardan təmizlədi. Müzəffər ordumuzun hər bir əsgər və zabiti müharibədə qəhrəmancasına döyüşdü, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatını risk altına atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi. Artıq «Dağlıq Qarabağ» qurumu adlı heç bir şey olmayacaq. Bu, Qələbəmizin ən əsas tərəflərindən biridir. Uzun illərdir ki, bu məsələ öz həllini tapa bilmirdi. Lakin müzəffər ordumuzun sayəsində biz onların bütün məkrli planlarının qarşısını aldıq. Ölkəmizin iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna böyük dərəcədə təsir etdi. Bilirsiniz ki, uzun illərdir dövlət büdcəsindən ən çox vəsait məhz müdafiə xərclərinə ayrılır. Bu da öz məntiqi nəticəsi ilə yekunlaşdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu formalaşdırıldı. Bu gün qürurla deyirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu da çox yüksəkdir. Rəşadətli ordumuz qısa müddətdə düşmən ordusunu məğlub etdi. Cənab Prezident bu 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya, həm təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qorudu və təmin etdi. Həmişə də inamlı danışdı, cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı, yüksək intellekt, dərin bilik və diplomatik peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir daha dünyaya tanıtdı, hər kəsə də öz yerini göstərdi.
– Koronavirus pandemiyası ilə mübarizə görünməz düşmənlə müharibədir. Dünyanı cənginə almış COVİD-19 bəlası Azərbaycandan da yan keçməyib. Ordu bu problemdən necə qorunur?

– Təəssüflə qeyd etmək istəyirəm ki, bu gün karantin tədbirlərinin daha da sərtləşdirilməsi bütün dünyada olduğu kimi, ölkəmizdə də son aylarda yaşanan yüksək yoluxma səviyyəsi ilə əlaqədardır. İlk vaxtlarda insanlar arasında inamsızlıq karantin qadağalarının pozulmasına səbəb olurdu. Amma təəssüflər olsun ki, bu gün demək olar hər kəs ailə üzvləri arasında virusa yoluxma halını müşahidə edir. Bundan da pis nəticələr görməmək üçün hər kəs bilməlidir ki, bu dəfə tətbiq edilən sərt karantin qaydalarına əvvəlki vaxtlarla müqayisədə daha ciddi riayət olunması hər bir vətəndaşın borcudur. Bilməliyik ki, qaydalara düzgün əməl etmək yoluxmanı azaldır. Çünki kimsə ətrafındakı insanların infeksiyaya yoluxub-yoluxmadığını bilmir. Ona görə də hamının maska taxması vacibdir. Əksər hallarda COVID-19-a yoluxan insanlar özlərində heç bir klinik əlamət hiss etmirlər. Bu baxımdan da həmin şəxslərin ictimai yerlərdə, əhalinin sıx toplaşdığı digər yerlərdə sağlam insanları yoluxdurması qaçılmazdır. Orduda əsgərlərimiz tez-tez həkim nəzarətində olurlar. Hərbi xəstəxanalarda müalicə alırlar. Həkimlərimizə minnətdarlıq etmək istəyirəm ki, onlar bu müddətdə çox əziyyətlər çəkdilər. İnsan həyatının faydalı olması üçün vacib şərtlərdən biri sağlamlıqdır. Azərbaycan vətəndaşının sağlam və xoşbəxt yaşamasının təmin olunması, tibbi xidmətin keyfiyyəti və bu xidmətlərə pasientlərin əlçatanlığı cənab Prezident İlham Əliyevin daim diqqətdə saxladığı məsələlərdən biridir.
Ölkə başçımız vətəndaşların sağlamlığının hər iki istiqaməti – tibbi profilaktika və tibbi yardım üzrə tədbirlərə ciddi önəm verir.
– Uzun müddət bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq, işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər. Yarıtmaz fəaliyyəti ilə gündəmdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdi. Sizcə, Minsk qrupuna bundan sonra ehtiyac varmı?
– ATƏT-in Minsk qrupu ötən illər ərzində münaqişənin həllində heç bir rol oynamadı. Əslində, vasitəçilik problemi həll etməyə yönəlmiş fəaliyyətdir. Beynəlxalq hüquqda problemin həlli üçün hamı tərəfindən qəbul olunmuş konkret normalar var. Bu, ilk növbədə hər bir ölkənin tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərpası məsələsidir. İkincisi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi faktının qeyd olunduğu digər başlıca sənədlər BMT TŞ-nin qəbul etdiyi 4 qətnamədir. Vasitəçilər isə “siz nəyə razılaşsanız, biz onu qəbul edəcəyik” kimi neytral, yaxud laqeyd mövqe nümayiş etdirirdilər. Vasitəçilik missiyası və vəzifəsi özündə BMT TŞ-nin 4 qətnaməsinin tələblərinin yerinə yetirilməsini ehtiva etməli idi. Təəssüf ki, biz həmsədrlərin fəaliyyətində bunu görmədik. Hələ bugünədək biz bir dəfə də rast gəlmədik ki, Minsk qrupunun həmsədri olan ölkələr tələb etsinlər ki, bu problemin həlli yolu BMT TŞ-nin qəbul etdiyi qətnamələrdən keçir və heç olmasa Ermənistanı çağırırıq ki, bu qətnamələrin tələblərini yerinə yetirsin. Bu günə qədər hərbi təcavüzün ortada olmasına, torpaqlarımızın bir hissəsinin işğal olunmasına, 1 milyon insanın öz vətənində məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Minsk qrupu təcavüzkarın adını indiyə kimi çəkməmişdir. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edərkən bildirdi ki, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Əgər həqiqətən də onlar problemin sülh yolu ilə həllinin tərəfdarı olsaydılar, o zaman bitərəf mövqe sərgiləyərdilər. Zaman göstərdi ki, onların fəaliyyəti bəzi Avropa ölkələri, təşkilatları kimi ikili standartlara söykənib. Onların səriştəsiz fəaliyyəti nəticəsində torpaqlarımız illərdir işğal altında qaldı. Artıq məlum olduğu kimi onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Bunun əksinə olaraq isə Azərbaycan dövləti hərbi-siyasi yolla öz torpaqlarını işğaldan azad etdi, Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə məcbur etdik. Reallıq bundan ibarətdir.
Şəmsiyyə Əliqızı, «İki sahil»

