Dövlətimizin zəfər və şərəf tarixini yazan sərkərdə
Tarixi ədaləti bərpa edən Ali Baş Komandan İlham Əliyev qurucu lider, müzəffər rəhbər və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi
Əsrlər boyu böyük liderlərin, parlaq şəxsiyətlərin zəka gücü ilə qüdrətli dövlətlər, örnək olası cəmiyyətlər qurmuş toplumlarda hazırki dövrdə sanki bir lider böhranı yaşanmaqdadır. Bunun acı nəticələri isə dünyanın üzləşdiyi gözlənilməz durumlar, Yer üzərində getdikcə artan gərginliklərdir. Ölkələr, xalqlar arasındakı qarşıdurmaların, böhranların tez-tez qabarıb çəkilməsidir. Sadə insanların əsl liderlik keyfiyətlərindən məhrum təsadüfi kəslərin düşüncəsiz qərarlarından yaşadıqları əzab-əziyyətlər, dünyamızda meyarların dəyişməsi, getikcə dəyərdən düşməsidir. Çoxəsrlik dövlətçilik ənənələrinə malik ölkələrdə liderlik keyfiyyətlərindən məhrum hər cür təsadüfi insanların müxtəlif populist şüurlarla, qeyri-adekvat davranışlarla önə çıxıb müəyən müddət dövlətə rəhbərlik etməsi, ola bilər ki, o cəmiyyətlər üçün hələlik ciddi problem doğurmur. Lakin zaman keçdikdə belə təsadüfi seçimlərin bu cəmiyyətlərə, ümumilikdə bəşəriyyətə hansı fəlakətləri yaşadacaqlarını kimsə təxmin edə bilməz. Ən azı, ötən əsrin tarixi salnaməsində öz qeyri-normal təfəkkürləri ilə dünyanı faşizm kabusuna qədər gətirib çıxarmış, səbəb olduqları II Dünya müharibəsi kimi dəhşətlərlə milyonlarla insanın ölümünə səbəb olmuş təsadüfi kəslərin nümunəsi var. Ona görə də bu, inkaredilməz həqiqətdir ki, heç bir cəmiyyət tarixin heç bir dönəmində əsl şəxsiyət keyfiyyətlərinə malik lideri olmadan yaşaya bilməz. Qarşıya qoyduğu inkişaf hədəflərinə nail ola bilməz.
Dünyada lider böhranın müşahidə edildiyi müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsl liderlik xüsusiyyətlərini öz şəxsində qoruyan, bu xüsusiyyətləri xalqımıza xas yüksək mənəvi-əxlaqi normalarla uzlaşdıran və bütün dünyada nümunə yaradan, çox az sayda tanınan parlaq siyasət şəxsiyyətlərdəndir. Cənab İlham Əliyev Öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır, yeni minilliyin başlanğıcında bu statusun dəyər və meyarlarını formalaşdırır. Cənab İlham Əliyev bütün dünyada çox az təsadüf edilən liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm qurucu rəhbər obrazlarını Onun siyasi portretində tapa bilir.
Prezident İlham Əliyev xalqmızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin mənəvi-siyasi irsinin davamçısıdır. Müstəqil Azərbaycan dövlətini qurub-yaratmış böyük tarixi şəxsiyyətin arzularını reallığa çevirərərk bu dövləti zamanın böyük inkişaf reallıqlarına yetirmiş varisdir. Azərbaycanla bağlı yarımçıq arzularını, başa çatmamaış planlarını, bu dövlət timsalında həyatının ən dəyərli mənəvi mirasını böyük inam və ümid hissi ilə Ona etibar etmiş Ümummilli liderin bu inamını xalq və dövlət qarşısındakı misilsiz xidmətləri ilə doğruldan şəxsiyyətdir. Dövlətə rəhbərlik missiyasına “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” bəyanatı ilə başlayan cənab İlham Əliyev bu illərdə ölkə başçısı kimi üzərinə düşən bütün vəzifələri yerinə yetirdi. Xalq qarşısında vədlərinə əməl etdi. Bu illəri Azərbaycanın sürətli inkişaf mərhələsinə çevirdi.
Cənab İlham Əliyev həm də güclü sərkərdədir. Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin ilk illərindən başladığı nizami ordu quruculuğu prosesinin artıq hansı səviyyəyə gəlib çatdığının, cənab Ali Baş Komandanın iradəsi, mətinliyi sayəsində Milli Ordumuzun necə yüksək döyüş qabiliyyətinə malik olduğunun bütün dünya bir daha şahidi oldu. 44 günluk Vətən müharibəsində düşmənə endirilən sarsıdıcı zərbə, düşmən işğalından azad olunan torpaqlar qəhrəman Azərbaycan Ordusunun döyüş şücaətinin unudulmaz səhifələri, Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrikliyinin parlaq nümunəsidir. Ötən 17 ildə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi bir an olsun belə diqqətdən kənarda qalmadı. Ölkəmizin bu istiqamətdə mövqeləri gücləndi, ərazi bütövlüyümüz nüfuzlu qurumların rəsmi qərarlarında bir daha əks olundu. Bu qərarlar haqq işimizin uğurla yekunlaşmasında mühüm amil oldu. Azərbaycan Prezidenti həmin sənədlərin verdiyi üstünlüklərə, beynəlxalq hüquqa söykənərək hərbi əməliyyatlar zamanı ölkəmizə edilən təzyiqləri böyük ustalıqla dəf etdi. Məhz bu fəaliyyət sayəsində müharibənin gedişatında ölkəmizi dəstəkləyən dövlətlərin sayı artdı. Beləliklə, ötən dövrdə səbirlə, təmkinlə yürüdülən siyasət nəticəsində qüdrətlənmiş Azərbaycan təkbaşına haqqı, ədaləti, beynəlxalq hüququ bərpa etməyə nail oldu. İndi bütün dünya haqqa söykənən Azərbaycanın artan gücü ilə də hesablaşmaq zorundadır.
Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb edən döyüşlərdə Müzəffər Azərbaycan Ordusu şərəfli missiyanın öhdəsindən uğurla gəldi. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, ümumilikdə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə və çoxsaylı strateji yüksəkliklər düşmən tapdağından xilas oldu. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatı dünya hərb tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Müharibədə ağır itkilər verən, məğlubiyyətin qaçılmazlığını anlayan Ermənistan öz müqavimətini dayandırmağa, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməyə məcbur oldu, digər ərazilərin boşaldılacağı ilə bağlı öhdəlik götürdü və hazırda həmin ərazilərin qansız-qadasız boşaldılmasının şahidi olduq. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Azərbaycan Prezidentinin Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdiyi kimi, müharibə kimin-kim olduğunu ortaya qoydu: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”.
Bütün bu uğurlu əməliyyatlar Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirildi. Möhtərəm Prezidentimiz bu siyasi təzyiqlərə peşəkarlıqla, məharətli və vaxtında atılan diplomatik addımları ilə duruş gətirdi, bütün bu təzyiqləri neytrallaşdırdı. Cənab İlham Əliyev xarici televiziyalara verdiyi çoxsaylı müsahibələrində Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsindən bir addım belə olsun geri durmadı, dünyada mövcud olan ikili standartları, riyakarlığı elə bu siyasəti icra edən ölkələrin televiziyalarına müsahibəsində ifşa etdi. Bu zaman ərzində Gəncəyə, Bərdəyə, Tərtərə atılan ballistik və kasetli raketlər də birliyimizi pozmağa, həmçinin millətin ruhunu qırmağa hesablanmışdı. Amma baş verən bu müharibə cinayətləri Azərbaycan xalqının əzmini, iradəsini əzə bilmədi, onu qorxutmadı, əksinə gücləndirdi. Göstərilən təzyiqlərə baxmayaraq birliyimiz, Ali Baş Komandan ətrafında tək yumruğa çevrilməyimiz bizim bu bəlalardan çıxmağımızda mühüm rol oynadı. Ölkədə milli həmrəyliyi, xalq-iqtidar birliyini daha da gücləndirən cənab İlham Əliyev Azərbaycan xalqının onun ətrafında sıx birləşməsinə, sonsuz etimadına, inam və dəstəyinə güvənib şərəfli və çətin missiyanı həyata keçirdi. Bu dövrdə Azərbaycan əsl milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hamı bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Nəticədə qazanılan Qələbə Azərbaycanın həm hərbi, həm diplomatik, həm də siyasi müstəvidə Zəfərinin təntənəsinə çevrildi.
44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq ən parlaq səhifə kimi öz əksini tapacaq. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev şəxsi keyfiyyətləri, əzmi, qətiyyəti ilə əsrlərdir davam edən tarixi gedişatı dəyişməyi bacardı. Neçə 100 illərdir öz torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, Qarabağın işğaldan azad olunmasına böyük məharətlə rəhbərlik etdi. Tarixi ədaləti bərpa edən Ali Baş Komandan İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycan bu gün öz tarixi torpaqlarına, doğma Qarabağa qayıdır və artıq həmin ərazilərdə şanlı Azərbaycan bayrağı dalğalanır.
Sevinc Azadi, “İki sahil”

