Cəmiyyət 

5 dekabr– Beynəlxalq Könüllülər Günüdür

ARANTV.AZ xəbər verir ki, 5 dekabr–onların günüdür. Müxtəlif təşkilatlarda, dövlət qurumlarında, beynəlxalq səviyyəli idman və musiqi tədbirlərində  könüllü xidmət göstərənlərin. Son illər ölkəmizdə böyük könüllü ailəsi formalaşıb. Onların sıraları getdikcə genişlənir.

Ölkəmizdə ən böyük könüllük hərəkatı “ASAN xidmət”-də formalaşıb. Bura gənclər üçün əsl platformadır. Onlar cəmiyyətə öz bilik və bacarıqlarından istifadə etməklə  xidmət göstərməyə çalışırlar. Eyni zamanda da təcrübə qazanırlar.

“ASAN” xidmətdə könüllük fəaliyyəti 2013-cü ildən yaranıb.  Həmin vaxt 15 nəfərdən ibarət ailənin üzvlərinin sayı indi 17 mindən çoxdur.

“ASAN” könüllük məktəbi tərəfindən hər bir könüllüyə şəhadətnamə və xasiyyətnamə də  təqdim olunur. Könüllü kimi fəaliyyətləri ərzində isə “ASAN” xidmətdə müxtəlif vəzifələri yerinə yetirirlər. Əsas işləri isə vətəndaşlara yardım göstərməkir.

Təcrübə də göstərir ki, gənclərin həyatda uğurlu karyera qurmaq, yeni dostluqlar qazanmaq, biliklərini artırmaq, asudə vaxtı səmərəli keçirmək üçün könüllülük əla fürsətdir.

Təhsil Nazirliyi tərəfindən 2015-ci ildən başlayan “Bir tələbə bir konüllü” proqramı isə artıq 19 mindən çox gənci əhatə edir. Bu proqram daxilində 6 istiqamət mövcuddur. Yaşa, yaşad, öyrən, öyrət, kəşv et və zövq al. Hər bir istiqamət daxilində müxtəlif layihələr – əyləncəli tədbirlər, yerli və beynəlxalq səviyyəli dövlət tədbirlər həyata keçirilir.

Proqrama qoşulan tələbələr artıq 300-dən çox tədbirə könüllü dəstək göstəriblər. Əsasən də beynəlxalq səviyyəli nüfuzlu idman yarışlarında çalışıblar. Daha dəqiq ölkəmizin I Avropa, IV İslam Həmrəyliyi Oyunlarına, Formula 1 yarışlarına ev sahibliyi etməsi ilə  bu missiyaya başlayıblar.

Beynəlxalq Könüllülər Günü BMT-nin Baş Məclisi tərəfindən 1985-ci ildə etibarən iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabrda qeyd olunur. Bugün artıq ölkədə böyük könüllü ailəsi formalaşıb. Onlar hələ qarşıda neçə-neçə dünya səviyyəli  yarışlara, tədbirlərə öz bilik və bacarıqları ilə töhfə verəcəklər.

Daha çox xəbərlər