Əsas səhifə 

Azərbaycan xalqı öz Lideri, Müzəffər Sərkərdəsi ilə Zəfər tarixini yazdı

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «İlin siyasətçisi» seçilməsi yalnız bu gün deyil, son 17 ildə hər bir vədini konkret əməli işdə təsdiqləməsinin təqdimatıdır

2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi yazılır. Hansı sahədən bəhs etsək, son ümumiləşdirmə Qələbə sevincimizdir. Çünki 30 ilə yaxın müddətdə hər yeni ilə qədəm qoyarkən ən başlıca arzu və istəyimiz əsasında üçrənğli bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanması, «Dağlıq Qarabağ münaqişəsi» ifadəsinin tarixə qovuşması idi. Bu gün bu arzunun gerçəkliyə çevrilməsi fonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni il bayramını qeyd edirik. Dövlətimizin başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciətində də qeyd edildiyi kimi, Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı  ən qısa zamanda əsl cənnətə çevirəcəyik.

İkinci Qarabağ müharibəsində  Azərbaycanın  tarixi Qələbəsindən sonra dövlətimizin başçısı,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə ardıcıl  səfərləri, həmin torpaqlarımızda yeni həyatın başlanması üçün biri-birindən əhəmiyyətli addımların atılması,  Zəfər Günümüzün təsis edilməsi barədə Sərəncamı, xalqa müraciətlərində böyük inamla qeyd etdiyi vədinə uyğun olaraq ölkəmizdə Qələbə paradının keçirilməsi ölkə Prezidentinin bu sevincimizi xalqımızla paylaşmaqla yanaşı,  haqqın-ədalətin bərpasını dünyaya bir daha çatdırmaq istəyindən xəbər verir.

Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev hər bir bayram tədbirində, beynəlxalq əhəmiyyətli  konfranslarda, xarici ölkələrə  səfərləri zamanı keçirdiyi görüşlərdə, Nazirlər Kabinetinin iclaslarında uğurlarımızın xronologiyası əsasında bu əminliyi ifadə edirdi ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri  əsasında Azərbaycanın ərazi bütövlüyü  çərçivəsində öz həllini tapacaq. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Daim işğalçı Ermənistana bu çağırış da edilirdi ki,  qeyri-konstruktiv mövqeyindən, işğalçılıq siyasətindən nə qədər tez əl çəksə, bir o qədər özü üçün əhəmiyyətli olacaq. Bu torpaqların öz sahibinə qayıdacağı gün uzaqda deyil.

Göründüyü kimi, elə də oldu. Ermənistan hakimiyyəti Azərbaycan Ordusunun belə əks-hücum əməliyyatlarına keçəcəyini düşünməzdi. Artıq xalqımızın, onun bir parçası olan Ordumuzun da səbir kasası dolmuşdu. Azərbaycan Silahlı Qüvvələri daim dövlətimizin başçısı İlham Əliyevin hücum əmrini gözləyirdi.

İşğalçı dövlət bu il üç dəfə təxribat törətmişdi.  Emənistan silahlı qüvvələrinin sentyabrın 27-də müxtəlif istiqamətlərdən törətdikləri təxribatların qarşısı dövlətimizin başçısı, Müzəffər Ali baş Komandan İlham Əliyevin «Azərbaycan əsgəri irəli» tapşırığından sonra qətiyyətlə alındı. Ordumuzun uğurlu  əks-hücum əməliyyatları hər gün cəbhə bölgələrindən gələn xoş xəbərlərdə öz əksini tapırdı. Hər gün erməni ordusunun çökdürüldüyü, hərbi texnikasının dağıdıldığı və ya qənimət kimi götürüldüyü xəbərləri ictimaiyyətdə böyük ruh yüksəkliyi, qələbə əzmi yaradırdı. 10 noyabr Bəyanatı xalqımızın bu sevincinin dünyaya təqdimatı oldu. Döyüş meydanında üstünlüyü ələ alan Azərbaycan siyasi müstəvidə də bunu nümayiş etdirdi. Haqqın-ədalətin, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğu bir daha təsdiqləndi.

Son 17 ildə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla Prezidentin  birliyi dayanır. Dövlətimizin başçısı İlham Əliyevin 17 illik  fəaliyyətinin əsasında da  xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək amalı durur. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı  uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağın incisi olan  Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” fikirləri ilə bir daha müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ona olan etimadını, inamını bütün istiqamətlərdə doğrultduğunu, ən əsası Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vəsiyyətini yerinə yetirməsindən qürurlandığını ifadə etdi. Həmin müraciətdə bu fikirlər də öz əksini tapmışdır ki, dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram.  Nə qədər gözəl sözlər deyilir, nə qədər böyük dəstək göstərilir: “Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq!”

Azərbaycan xalqının birliyi, həmrəyliyi daim önə çəkilir, yüksək dəyərləndirilir. “Bugünlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir” söyləyən cənab  İlham Əliyev bildirmişdir ki,  bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 ildə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu mənə güc verir. Bu mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir: “Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.”

Dövlətimizin başçısı İlham Əliyev 44 gündə bir neçə cəbhədə mübarizə apardı. Onun bu müddətdə  30-a yaxın xarici mətbuata müsahibələrinin hər biri Azərbaycan həqiqətlərinin təbliğində,  dövlət maraqlarının qorunmasında, xalqın iradəsinə əsaslanan siyasətin təbliğində əhəmiyyətli rol oynadı. Bu müsahibələrin hər birinin mahiyyətində möhkəm təmələ əsaslanan siyasətin davamlı uğurların qazanılmasında başlıca rol oynaması faktlar əsasında qeyd edilir.  Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində “Cənab Prezident, bu müharibə öz qəddarlığına görə artıq tarixə düşüb və Siz artıq bu müharibənin tarixinin bir hissəsisiniz. Siz tarixdə necə qalmaq istərdiniz” sualına cavabını xatırlatmaq istərdik: bilirsiniz, hər bir müharibə qəddarlıq, qurbanlar, insanların iztirabları, yaxın adamların itirilməsi deməkdir. Fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir… Tarixdə rol məsələsinə gəldikdə isə, bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.»

Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti, Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurlu davam etdirən Prezident İlham Əliyevin səyləri, dəyişməz mövqeyi, Ordumuzun gücü, qüdrəti sayəsində torpaqlarımız işğaldan azad ediləcək. Çünki cənab İlham Əliyevin hər bir vədinin arxasında konkret əməli iş dayanır. Dövlətimizin başçısı  sosial siyasətin əsas tərkib hissəsi kimi öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atıb, həmin mənzillərin onlara təqdimatı mərasimində, həmçinin məcburi köçkünlərlə  tez-tez görüşlərində  onların üzündəki nisgili, torpaq həsrətini gördükdə daim bildirirdi ki,  yaradılan bu şərait müvəqqəti xarakter daşıyır, tezliklə münaqişə öz ədalətli həllini tapacaq, doğma yurd-yuvalarınıza yaqıdacaq, həmin ərazilərdə  yeni şərait yaradılaraq həyat davam edəcək. Cənab İlham Əliyev bu vədini də yerinə yetirdi. Artıq işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa işləri başlayır. Bir mühüm, sevincli məqamı xüsusi qeyd etməliyik ki, 2021-ci il quruculuq, bərpa ili olacaq. Qarabağ yenidən cənnət məkana çevriləcək.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər  paradındakı çıxışında da bu məqamı xüsusi qeyd etdi ki, biz bu illər ərzində həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də   ölkə daxilində güc topladıq. İqtisadiyyatımızı, ordumuzu gücləndirdik. Azərbaycan son illərdə uğurlu inkişaf yolu keçib. İldən-ilə üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi. Ölkə Prezidenti bu məqamı da bildirdi ki, son 17 ildə dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə işğalçı qüvvələrini torpaqlarımızdan çıxarmasa, hərbi yolla bu məsələni həll edəcəyik. 2003-cü ildə Prezident seçiləndə Konstitusiyamıza və  müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Yuxarıda qeyd etdiyimiz kimi, cənab  İlham Əliyev son 17 ildə  xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub. İqtisadiyyatı hər bir ölkənin inkişafının əsası kimi qəbul edən cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasını uğurla həyata keçirərək həm Azərbaycanın enerji sektorunda qazandığı uğurları davamlı etdi, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi, həm də neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi siyasətini  yerinə yetirdi. Bu gün Azərbaycan yalnız neft-qaz deyil, qeyri-neft sektoru sahəsində də mövcud imkanları ilə dünyanın diqqətindədir. Azərbaycan iqtisadi möcüzələr, ən  islahatçı ölkə kimi tanınıb,  insanların sosial  rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.  Bu fikir böyük inamla qeyd edilir ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa siyasi və iqtisadi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ilə regional inkişafın  aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi Cənub Qaz Dəhlizinin, onun əsas tərkib hissəsi olan TANAP-ın istifadəyə verilməsi bir daha bu reallığı təsdiqlədi ki, Azərbaycanın başladığı hər bir layihə daim uğurlu sonluqla başa çatıb.

Əməkdaşlıq əlaqələri regional çərçivədən çıxaraq coğrafiyasını daha da genişləndirir.  Azərbaycan son 17 ildə yeni dostlar, tərəfdaşlar qazanıb. Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı ilbəil artır.  Bu gün Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə regionda yeni əməkdaşlıq formatları formalaşıb, düyanın yeni xarici siyasəti ölkəmizdə müzakirə olunur.

Azərbaycanın iqtisadi  müstəqilliyi siyasi müstəqilliyi üçün əsas rolunu oynayır. Təkcə son illər regionda yaradılan əməkdaşlıq formatlarına diqqət yetirmək kifayətdir. Bu əməkdaşlığın  təşəbbüskarı Azərbaycandır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik  ki, Dağlıq Qarabağ münaqişəsindən sonra Azərbaycanın xarici siyasətində ikinci əsas məsələ olan  Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi də Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Uzun illər idi ki, məsələ öz həllini gözləyirdi. Azərbaycanın xarici siyasət uğurları sırasında 2011-ci ildə  155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər sədrlik etməsini də xüsusi qeyd etməliyik.

2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyev  xalqa müraciət edərkən bildirmişdir: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Son 17 ilin mənzərəsini təqdim edərkən bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki,  cənab İlham Əliyev uğurlu addımları ilə ona göstərilən  etimadı doğrultdu, hər bir vədini gerçəkləşdirdi,  Azərbaycanı yüksək zirvələrə qaldırdı, ölkəmizi beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkana çevirdi.  Azərbaycan beynəlxalq münasibətlər sistemində möhkəmlənən yeri və rolunu, regionda və dünyada  sabitləşdirici və birləşdirici faktor kimi mövqeyini  dünyanın COVID-19-la mübarizə tədbirlərində də  nümayiş etdirdi. Bu tədbirlər də Azərbaycanın siyasətində konkret addımların əsas yer tutduğunu və sistemli şəkildə həyata keçirildiyini təsdiqlədi.

2003-cü ildə keçirilən andiçmə mərasimində  cənab İlham Əliyev  bəyan etmişdir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir: «Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Son 17 ilin uğurları qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində möhkəm bazadır.  17 il  ölkə iqtisadiyyatında qazanılan misilsiz uğurlarla da xarakterikdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artıb.  Azərbaycanın 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatları bu gün 52 milyard dollara çatdırılıb.

Təbii ki, 17 ilin uğurlarını, dövlətimizin başçısı, Ali baş Komandan İlham Əliyevin təkmil siyasətinin Azərbaycana qazandırdıqlarını  bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Yenə də bu fikri böyük sevinc hissi ilə qeyd edirik ki, ən böyük uğurumuz, görülən işlərin, atılan addımların zirvəsində  30 ilin nisgilinə son qoyulması, ərazi bütövlüyümüzün təmin edilməsi dayanır.

44 günün hər günü tarixi qələbəmizdir. 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsi  Azərbaycan Ordusunun malik olduğu imkanları bir daha dünyaya nümayiş etdirdi. Ordumuzun 300-ə qədər kəndi,  5 şəhəri, 4 qəsəbəni, xeyli sayda strateji yüksəklikləri işğaldan azad etməsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Bəyanatın imzalanması ilə nəticələndi. Azərbaycan Ordusu dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı- Zəfər tarixini. Cənab İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi Şuşanın işğaldan azad edildiyi gün- 8 noyabr Zəfər Günü kimi təsis olundu. Azərbaycanın bayramları sırasına daha bir möhtəşəm, unudulmaz tarix əlavə olundu. Bu tarixi xalqımız 30 ilə yaxın idi ki səbirsizliklə gözləyirdi. Dekabrın 10-da  Vətən müharibəsində Qələbəmiz münasibətilə Zəfər  paradı keçirildi.  Bu parad müstəqillik tariximizin şanlı Qələbə paradıdır.  Zəfər paradındakı çıxışında  cənab İlham Əliyev bir daha  bildirdi ki, biz Qələbəni döyüş meydanında qazandıq.

Zəfər paradında dost, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı da  hər birimizi qürurlandırdı. Qələbəmizdə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, rolunu xüsusi vurğulayan Türkiyə Prezidenti bildirdi ki, qardaşım İlham Əliyev beləliklə mərhum Heydər Əliyevin vəsiyyət etdiyi arzusunu da yerinə yetirib. Bu vəsilə ilə güclü Azərbaycanın təməllərini atan ümummilli lider Heydər Əliyevi buradan rəhmətlə anıram. Azərbaycan qardaşım İlham Əliyevin liderliyi altında dastan yazmağa davam edəcək.

Azərbaycanın tarixi Qələbəsi dünyanın ən nüfuzlu mətbu orqanlarında geniş təhlil edilir, dövlətimizin başçısı, Müzəffər Ali baş Komandan İlham Əliyevin qətiyyəti, gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycanın hər sahədə təcrübəsi nümunə göstərilir. Azərbaycan bu Qələbəsi ilə dünyanın hərb tarixinə də yeni səhifə yazdı. Ölkəmizin bu sahədə də təcrübəsi nümunə göstərilir, öyrənilməsinin vacibliyi bildirilir. Məhz bu təhlillər əsasında “Rusiyanın məşhur “Vedomosti” nəşri  ölkə Prezidenti İlham Əliyevi “İlin siyasətçisi” seçdi.

Hər ilini zəngin tarixinə uğur səhifəsi kimi yazan Azərbaycan, Zəfərin mübarək! 2020-ci ilin qələbə sevinci ilə 2021-ci ilə qədəm qoyuruq.  Qarşıdakı ildə Qarabağımızı bərpa edib, quruculuq məkanına çevirəcək, ölkəmizin dayanıqlı inkişafına yönələn tədbirlər uğurla həyata keçiriləcək. Möhtəşəm uğurlar Azərbaycanımızladır.

Yeganə Əliyeva, «İki sahil»

Daha çox xəbərlər