İlham Əliyev: Sözüm imzam qədər qüvvətlidir
“Biz Qoşulmama Hərəkatına üzv olduq. Yadımdadır, o vaxt bəziləri bunu səhv addım kimi qiymətləndirirdi. Ancaq mən bilirəm ki, bu, düzgün addım idi. Üzv olan kimi, dərhal 120 ölkənin dəstəyi ilə münaqişəyə dair qətnamə qəbul etdirdik – bizim maraqlarımıza xidmət edən qətnaməni. Bu gün Qoşulmama Hərəkatının sədri kimi öz sözümüzü dünya miqyasında deyirik. Onu da bir daha demək istəyirəm ki, müharibə zamanı BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı bizə sərf etməyən qərəzli anti-Azərbaycan təşəbbüslərinin qarşısının alınmasında Qoşulmama Hərəkatına üzv ölkələr öz sözünü dedi. Bu təşəbbüs baş tutmadı”.
ARANTV.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində bildirib.
Dövlətimizin başçısı deyib:
“Biz İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr qurduq. Tarixdə bu gün bu əlaqələr ən yüksək zirvədədir. İslam Əməkdaşlıq Təşkilatı bu münaqişə ilə bağlı düzgün, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən qətnamələr qəbul etdi. Biz müsəlman ölkələri ilə təmaslar əsnasında onlara erməni vəhşilikləri haqqında məlumat çatdırırdıq. Dağıdılmış, təhqir edilmiş məscidlərin şəkillərini mən öz həmkarlarıma göstərmişdim və sual verirdim ki, siz bundan sonra bu ölkə ilə necə əlaqələr qurursunuz? Bu şəkilləri görəndən sonra siz onlarla necə görüşürsünüz, onların əlini sıxırsınız? Axı, bütün bu vəhşiliklər təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı edilən cinayətdir.
Biz regionda qonşu ölkələrlə sıx münasibətlər qurduq. Çünki əvvəllər nədənsə hesab olunurdu ki, regionda Azərbaycanın ənənəvi müttəfiqləri var və Ermənistanın ənənəvi müttəfiqləri var. Biz bu konsepsiyanı darmadağın etdik. Bu gün qonşularımızın hamısı bizim yaxın dostlarımızdır. Bizim bütün qonşularımızla həm ikitərəfli, həm üçtərəfli formatda çox gözəl əməkdaşlığımız var. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı var, Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı var, Azərbaycan-İran-Rusiya üçtərəfli formatı var. Ermənistanın hər hansı ölkələrlə bu formatı varmı? Yoxdur. Bu, bizim siyasətimizin düzgün olmasının bariz nümunəsidir. Biz Ermənistanı onların uzun illər saydıqları dayaq nöqtələrindən məhrum etdik. Çünki siyasətimizi düzgün qurmuşuq. Hər zaman öz siyasətimizi açıq aparmışıq. Heç bir ölkəyə qarşı heç bir avantürada yer almamışıq. Demişdim ki, Azərbaycan ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən, ilk növbədə, qonşulara qarşı heç bir təxribat xarakterli addım, təşəbbüs olmayacaq. Beləliklə, dünyada, regionda, qonşular arasında hörmət qazanmışıq və ölkəmizi gücləndirmişik. Bizimlə hesablaşmağa başlamışlar. Bizim sözümüzə inanırdılar və inanırlar. Həmişə demişəm, sözüm imzam qədər qüvvətlidir”.

