Benzin və dizel yanacağının qiyməti niyə artdı?
Benzinin və dizel yanacağının bahalaşması artıq faktdır.
Fəqət çox ağır savaşdan çıxmış ölkəyik. Savaş cəmi 44 gün davam etdi, amma döyüşlərin intensivliyini yəqin bu sözlərimi oxuyan qazilərimiz təsdiqləyər.
Savaşdan çıxmış ölkə olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun inşası və s. işlər görməliyik.
Həmin ərazilərin normal hala gətirilməsi üçünsə 100 milyard manata yaxın investisiya lazımdır.
Çətin dövrdür, anlayıram.
Postsavaş zamanı, işğaldan azad edilmiş torpaqlara külli miqdarda vəsait qoyuluşunun gərəkliliyi və ən nəhayət, koronavirus pandemiyası nəticəsində olduqca ağır itkilər vermiş iqtisadiyyat.
Livan savaşından sonra İsraildə bütün məhsul və xidmətlər 53 faiz bahalaşmışdı.
Folklend-Malvin savaşından sonra Britaniyada, İraq savaşından sonra ABŞ-da, Liviya savaşından sonra Fransada bahalaşma yaşanmışdı.
Və üstəlik, indi dünyanın istisnasız olaraq bütün ölkələrində yanacaq bahalaşmaqdadır. Bəli, aviareyslər, dəmiryol daşımaları azalıb, turizm koma vəziyyətindədir, amma Qərb və Şərq ölkələri pandemiyanın vurduğu nokdaun zərbələrindən çıxmaq, büdcə kəsirini azaltmaq üçün, ən başlıcası isə sosial öhdəlikləri və investisiya planlarını yerinə yetirmək üçün yanacağın qiymətini artırırlar.
Hazırda bəzi ölkələrdə benzin və dizelin qiymətlərinə nəzər salaq (Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün):

Rusiyada 1,0 manat;
Ukraynada 1,72 manat;
Belarusda 1,14 manat;
Gürcüstanda 1,12 manat təşkil edir.
1 litr üçün dizel yanacağının qiyməti;
Türkiyədə 1,44 manat;
Rusiyada 1,12 manat;
Ukraynada 1,72 manat;
Belarusda 1,21 manat;
Ermənistanda 1,19 manat;
Gürcüstanda 1,15 manat səviyyəsindədir;
Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir;
Unutmayaq ki, Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur.
Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır və bu da reallıqdır.
Və ən nəhayət, son illər Azərbaycana avtomobil idxalı benzinə və dizelə tələbatı yüksəldib.
Eyni zamanda, son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına analoji olaraq, benzinə və dizelə tələbat da yüksəlib.

Bunları anladıq. Bəs neft və təbii qaz ehtiyatları baxımından zəngin Azərğbaycanda niyə benzinlə dizel yanacağı bahalaşdı? Bu, paradoks deyilmi?
Deyil.
Çünki həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ölkədə ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi külli miqdarda vəsait qoyuluşunu tələb edir.
Xatırladım ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.
Dünənki tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə onların arasında qiymət fərqi azaldılıb.
Bütün bunlarla yanaşı, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.
Qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək.
Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq.
Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.
Qayıdaq dünyadakı situasiyaya.
Almaniyada bu günlərdə dizel yanacağı və benzin qəflətən bahalaşıb. Qiymətlər orta hesabla 0,11 avro artıb.
Səbəb COVİD-19 koronavirus pandemiyasının ölkə iqtisadiyyatında yaratdığı ağır fəsadlardır. Məhz bu səbəbdən son vaxtlar Almaniyada A95 markalı benzinin 1 litrinin qiyməti 1,4-1,55 avro arasındadır ki, bu da qonşu Avstriya, Polşa və Çexiya ilə müqayisədə bahadır.

İsveçrə və Fransada qiymətlər təxminən analoji, Hollandiyada isə daha bahadır.
Ümumiyyətlə, dünyanın əksər ölkələrində yanacaq qiymətləri bahalaşır və proses ilin sonunadək davam edəcək.
OPEC+-un qəbul etdiyi qərarlar koronavirus pandemiyasının yaratdığı genişmiqyaslı və total məhdudiyyətlərlə bağlı iqtisadi böhranın faciə şəklinə düşməsinə yol vermədi, eyni zamanda qlobal neft böhranının qarşısını aldı.
…..Avropa ölkələrində, Türkiyədə, Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrində yanacaq qiymətlərinin bu ilin ikinci yarısında da artımı gözlənilir.
Bizimsə…
Xərclərimiz çoxdur, lap çoxalıb.
Millət olaraq bu sınaqlardan da çıxacağıq.

