-Şəhid Şahbazov Ruslanın atası Mahir kişi: “Bala sağ salamat gəl, Laçın da alınsın sənə qurban kəsəcəm”.
-Şəhidimiz Ruslan: “Əynimizdə bu forma varkən biz özümüz elə vətənə qurbanıqda ay ata”.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, şəhidimiz bu dialoqu ilə yaddaşlara həkk olunub. Onun həyat hekayəsini yaxınlarının dili ilə izləyicilərə təqdim edirik:
“Xüsusi Təyinatlıların giziri Şahbazov Ruslan, 19 iyul 1991-ci il tarixdə Tərtər rayonu Ələsgərli kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Ruslan, əsgər kimi xidmətini başa vurduqdan sonra XTQ kurslarına başlayıb. Kursu gizir hərbi rütbəsi ilə, müvəfəqiyyətlə başa vurub. 2016-cı ilin Aprel ayında baş verən hərbi əməliyyatların iştirakçısı olub. Qorxmazlığı, igidliyi, qoçaqlığı, cəsarəti ilə fərqləndiyinə görə döyüş yoldaşları ona “Şahbaz” ləqəbi verib.
Dəfələrlə orden və medallarla təltif edilib:
“Hərbi Xidmətlərə Görə” medalı, “Azərbaycan Ordusunun 100 illiyi Yubiey medalı, Vətən müharibəsində “Azərbaycan Bayrağı” Ordeni və “Vətən uğrunda” medalı.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa edilməsi zamanı yüksək peşəkarlıq nümayiş etdirib, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərib. 29 sentyabr tarixində Vətən müharibəsinin Talış kəndi cəbəhəsində vuruşarkən qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.
Gizir Şahbazov Ruslan, Prezidet İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir”.
