Hövsan yaşayış kompleksində inşa olunan sosial mənzillər gələn il satışa çıxarıla bilər
ARANTV.AZ xəbər verir ki, Azərbaycanda ilk dəfə reallaşan sosial mənzillərin tikilməsi və aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillə təmin edilməsi paytaxtla yanaşı, digər şəhərlərdə də nəzərdə tutulur. Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata görə, hazırda güzəştli mənzillərin tikintisi üçün torpaq sahələrinin müəyyənləşdirilməsi işi aparılır.
Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin binalarında “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 324 mənzildən 278-nin alqı-satqısı başa çatıb. Vətəndaşlar tərəfindən müxtəlif səbəblərə görə rəsmiləşdirilməsindən imtina olunan mənzillərin sayı isə 46-dır. Agentlikdən bildirilir ki, həmin mənzillər növbəti elanda təkrarən yeni mənzillərlə birlikdə satışa çıxarılacaq.
Hövsan yaşayış kompleksində isə təməli qoyulan binanın 6-cı mərtəbəsinin tikintisi sürətlə davam etdirilir. Kompleksdə 7 ədəd yeddimərtəbəli və 4 ədəd 10 mərtəbəli bina olacaq. Hazırda bütün yeddimərtəbəli binaların tikintisi sürətlə davam edir. Kompleksdəki mənzillərin gələn il satışa çıxarılması mümkün ola bilər. Bu prosesin bölgələrdə də başlanması nəzərdə tutulur.
Xatırladaq ki, indiyədək mnənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər və məcburi köçkünlər üstünlük təşkil edir. Ümumilikdə, mənzil alanların 58 faizinin yaşı 35-ə qədərdir.

