Azərbaycanın xarici ölkələrdə rəsmi turizm nümayəndəlikləri açılıb
ARANTV.AZ xəbər verir ki, Azərbaycanın altı xarici ölkədə rəsmi xarici turizm nümayəndəlikləri fəaliyyətə başlaması üzrə müqavilə imzalanıb. Dövlət Turizm Agentliyinin məlumatına əsasən “Travel Consul Agency Network Worldwide” şirkəti dünya üzrə fəaliyyət göstərən bölmələri vasitəsilə altı ölkə üzrə Azərbaycanın rəsmi turizm nümayəndəlik ofislərinin açılması hüququnu əldə edib. Artıq Almaniyanın Frankfurt, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, və Rusiyanın Moskva şəhərlərində fəaliyyətə başlayacaq nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.
Nümayəndəliklər fəaliyyət göstərdikləri ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, hesabatların, təbliğat materiallarının hazırlanması və yayılması, təlimlərin keçirilməsi və digər istiqamətlər üzrə də fəaliyyət göstərəcəklər. Gələn ilin əvvəllərində isə daha dörd ölkədə turizm nümayəndəlilkərinin açılması nəzərdə tutulur.

