Paytaxtda yeni avtomobil yolu inşa olunur
ARANTV.AZ xəbər verir ki,Paytaxtda yeni avtomobil yolu inşa edilir. Bu yol Bakı Dairəvi-1 avtomobil yolu ilə Abbas Mirzə Şərifzadə küçəsini birləşdirəcək.
Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Bakıda nəqliyyat axınına müsbət təsir edəcək, yollardakı sıxlığı aradan qaldıracaq yeni avtomobil yolları salınır. Bakıda daha bir yolun tikintisinə bu ilin fevralında başlanılıb. Yeni yol Bakı Dairəvi-1 avtomobil yolu ilə Abbas Mirzə Şərifzadə küçəsini birləşdirəcək. Yeni yolun uzunluğu 1310 metr təşkil edir. Yol I texniki dərəcəyə uyğun inşa olunur. 4 hərəkət zolaqlı yolun ümumi eni 18.5 metrdir. Yolun profilə salınması üçün relyefdən hündür hissələr aşağı salınıb. Bu məqsədlə Azərsu ASC tərəfindən 160 metrlik hissədə qazma işləri görülüb. Yolun tikintisi altına düşən 91 maneə, daha dəqiqi yaşayış, qeyri-yaşayış və torpaq köçürülmələri həyata keçirilib. Kommunikasiya xətləri isə yenidən tikilib. Bu çərçivədə layihə boyu yeni kanalizasiya xətləri çəkilib, quyular yenilənib, su xətləri çəkilib. Həmçinin elektrik kabelləri dəyişdirilib, qaz xətləri köçürülərək yeni borularla əvəzlənib. Layihədə nəzərdə tutulan qalınlıqda yol əsasının salınıb. Tikinti işləri çərçivəsində 2 hərəkət zolaqlı köməkçi yol, səkilər və yol ayrıcının inşası aparılıb. Yol ayrıcında 67 dayaqdan ibarət işıqlandırma sistemi quraşdırılıb. Növbəti mərhələdə 3 laydan ibarət və 28 santimetr qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işləri isə yekunlaşmaq üzrədir.
Anar Nəcəfli – AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:
– Yeni yolun inşası ilə Bakı Dairəvi-1 avtomobil yolu ilə Abbas Mirzə Şərifzadə küçəsi arasında yeni bağlantı yaradılacaq. Nəticədə sürücülər Badamdar şossesindən istifadə etməməklə birbaşa A.M.Şərifzadə küçəsinə və Bakı Dairəvi yoluna çıxış əldə edəcəklər. Bu isə öz növbəsində sürücülərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvana çatmasına, Badamdar şossesi istiqamətində xüsusən günün pik saatlarında olan nəqliyyat sıxlığının xeyli dərəcədə azalmasına şərait yaradacaq.
İşlərin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvə və texnika cəlb edilib. Layihənin sonuncu mərhələsində 64 yeni yol nişanı və göstərici lövhələr quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.

