Ölkəmizdə pambıq yığımı davam edir
ARANTV.AZ xəbər verir ki, Ölkəmizdə pambıq yığımı davam edir. Pambıqçılar zəhmət çəkib yetişdirdikləri məhsulu son qozasına qədər yığmağa çalışırlar. Bərdə rayonunda indiyə qədər 24 min 311 ton məhsul yığılıb. Bu nəticə ilə Bərdə respublika üzrə ikinci yerdədir. Rayonlarda payızlıq taxıl səpini də davam edir. Füzulu rayonunda 36 min 700, Qaxda isə 13 min 583 hektar sahəyə toxum səpilib. Qax rayonunda tütün yığımı da başa çatmaq üzrədir.
Bərdə ötən əsrin 70-80-ci illərində olduğu kimi indi də pambıq istehsalında öndə gedən rayonlar sırasındadır. Bu il rayonda 9 min 630 hektarda pambıq becərilib və indiyə qədər 24 min 311 ton məhsul yığılıb. Bu nəticə ilə Bərdə pambıqçılıq rayonları arasında ilk beşlikdədir. Hektar üzrə 25 sentnerlik orta məhsuldarlıq isə ölkə üzrə ən yüksək göstəricidir. Bərdəli fermerlər yetişdirdikləri məhsulu son qozasına qədər toplamaq üçün səylə çalışırlar. Yığılan pambıq əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə filialına, “Azərpambıq” MMC-nin Bərdə pambıq istehsalı və emalı zavoduna və “P-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətin Yevlaxdakı qəbul məntəqəsinə təhvil verilir. Bərdə böyük pambıqçılıq ənənəsi olan rayonlardandır. 1981-ci ildə rayonda 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul yığılıb. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə maraq azalıb. Dövlətimizin başçısının göstərişləri nəticəsində artıq Bərdədə də pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoyub. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmağa imkan yaradır.
Qax rayonunda tütün yığımı başa çatmaq üzrədir. Bu il fermerlər 605 hektarı ətirli “Virciniya” növü olmaqla 623 min 500 hektar sahədə tütün yetişdiriblər. İndiyə qədər sahələrdən 6 min 132 ton tütün yarpağı dərilib, 878 ton quru tütün istehsal edilib. Mövsümün sonunadək quru tütün istehsalının 900 tona çatacağı gözlənilir. Ötən təsərrüfat ilində isə rayonda 810 ton 300 kiloqram quru tütün istehsal olunub. Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, Qaxda taxıl səpini də başa çatmaq üzrədir. Fermerlər bu günədək 10 min 722 hektarda buğda, 2 min 861 hektarda isə arpa əkiblər. Bu isə qaxlı fermerlər 13 min 572 hektar taxıl sahəsindən 41 min 97 ton məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 30,2 sentner olub.
Respublikamızın əsas taxılçılıq rayonlarından olan Füzulidə isə səpin artıq başa çatıb. 36 min 700 hektar sahəyə taxıl səpilib. Bunun 28 min 25 hektarı buğda, 8 min 675 hektarı isə arpadır. Füzuli rayonunda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Yeddinci ildir ki, Füzuli respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Bu il rayonda 36 min 300 hektar sahənin taxılı biçilib, 108 min 217 ton məhsul əldə edilib. Taxıl istehsalında rayonda yaradılan dörd iri taxılçılıq və bir toxumçuluq təsərrüfatının, həmçinin aqroparkın böyük rolu var.
Bu il Samux rayonunda 526 hektarda şəkər çuğunduru yetişdirilib. Rayon Statistika İdarəsindən bildirilib ki, təsərrüfatlardan 21 min 594 ton şəkər çuğunduru yığılaraq İmişli Şəkər Zavoduna təhvil verilib. Məhsuldarlıq hər hektardan 410,5 sentner olub. Gələn il rayonda şəkər çuğunduru sahələrinin genişləndirilməsi nəzərdə tutulur.

