Bu dövlət şirkəti işə qəbul prosesini məsafədən rejimə keçirib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) işə qəbul prosesini tamamilə məsafədən rejimə keçirib.
ARANTV.AZ ADY-na istinadən xəbər verir ki, namizədlər arasında aparılan müsabiqənin hər üç mərhələsi – ilkin seçim, testləşdirmə və müsahibə – məsafədən həyata keçirilir.
Məlumata görə, ADY-də işə qəbul prosesinin daha da şəffaflaşdırılması və optimallaşdırılması, namizədlərin daha rahat şəkildə vakansiyalara müraciət etməsi və müsabiqədə iştirak etməsi məqsədilə şəxsi kabinet, minlərlə test sualından ibarət baza və stasionar elektron test mərkəzi, daha sonra isə mobil elektron test sistemi istifadəyə verilib. Bu stasionar test mərkəzi və mobil test sistemi sayəsində Bakı və ətraf bölgələrlə yanaşı ölkəmizin digər ərazilərində yaşayan vətəndaşlar da paytaxta gəlmədən işə qəbul müsabiqəsinin test mərhələsində iştirak edə bilirlər. Bu mərhələni uğurla keçən namizədlər müsahibələrdə də onlayn şəkildə iştirak edə bilirlər.
Bildirilib ki, ADY-nin rəsmi saytının “Karyera” bölməsində (career.ady.az) işə qəbul prosesi haqqında bütün məlumatları əldə etmək, cari vakansiyalarla tanış olmaq və onlara müraciət edib müsabiqədə iştirak etmək mümkündür.

