Siyasət 

Qarabağın dirçəlişi: Biz elə inkişaf modeli qurmalıyıq ki…

Bütün xalqımızın arzusu idi ki, torpaqlarımız işğaldan azad olunsun və dağıdılmış şəhər və kəndlərimiz  yenidən abadlaşdırılsın. Həmin gün gəlib çatdı. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, biz erməni işğalçıları tərəfindən xarabazara çevrilmiş yurdlarımızı gülüstana çevirəcəyik. Belə irimiqyaslı işlərin həyata keçirilməsi üçün artıq hazırlıq işləri başa çatmaqdadır. Türkiyə, İtaliya, İran, Pakistan şirkətləri ilə ilkin danışıqlar aparılaraq müvafiq razılaşmalar əldə olunub.

Bugünlərdə Azərbaycana səfərə gələn  İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident İlham Əliyevlə görüşü zamanı bildirib ki, energetika, yenidənqurma və geri dönəcək əhalinin normal yaşayışına vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır: “ Qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki,  biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə sürətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik.”

Dövlətimizin  başçısı İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin – şəhərsalma, dövlət orqanlarının funksiyaları: “…Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin”. Burada yeni iqtisadi modelin tətbiq edilməsi nəzərdə tutulur.

Bununla bağlı dövlət başçısının Sumqayıt Kimya Sənaye Parkındakı çıxışında xüsusi qeydləri olub. Yeni iqtisadi model  azad edilmiş torpaqlarda müasir standartlara uyğun infrastrukturun formalaşmasını özündə ehtiva edəcək. Artıq bu proses başlanıb.

Həmin ərazilərdə formalaşacaq infrastruktur beynəlxalq standartlara uyğun olacaq: Füzuli rayonunda beynəlxalq hava limanının inşasına, Füzuli-Şuşa şose yolunun çəkilməsinə başlanması, beynəlxalq standartlara uyğun olaraq kommunal xidmətlərin verilməsi və digər infrasturukturun genişləndirilməsi ilə bağlı aparılan fəaliyyətlər ondan xəbər verir. Bu da müasir standartlara uyğun olaraq azad edilmiş ərazilərimizdə kənd təsərrüfatının, iqtisadiyyatın formalaşmasına imkan verəcək. Eyni zamanda, burada yeni modelin tətbiq edilməsi nəzərdə tutulur. Bu model özündə vergi güzəştlərini, təşviq mexanizmlərini, o cümlədən xarici investisiyaların cəlbi üçün xüsusi zonaların yaradılmasını da ehtiva edir.

Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev “Anadolu” agentliyinə Qarabağın yenidən qurulması üçün müxtəlif ölkələrin bərpa təcrübəsini araşdırıldığını deyib: “Bizim üçün ən uyğun təcrübənin Türkiyə modeli olacağını düşünürük. Bu qənaətə qonşu ölkənin son 20 ildə tikinti sektorunda əldə etdiyi nailiyyətləri nəzərə alaraq gəldik”.  Məsələ ilə bağlı Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinin səlahiyyətli şəxsləri  ilə  görüş keçirilib.

Şübhəsiz ki,  Qarabağın bərpasında qardaş Türkiyə şirkətlərinə üstünlük veriləcək. Türkiyəli iş adamları azərbaycanlı həmkarları ilə birlikdə Qarabağı yenidən tikib-quracaqlar. Hazırda Füzulidən Şuşaya yeni yolun inşasında iki ölkənin şirkətləri birlikdə çalışırlar. Bu, ilk addımdır. Bundan sonra addımlar sürətlənəcək və erməni vandallarının viran qoyduqları ərazilərimiz əvvəlkindən də abad və gözəl görkəmə salınacaqdır. Bunun üçün dövlətimiz qadir əllərə və hər cür imkana malikdir.

Daha çox xəbərlər