Cəmiyyət 

Gələn il keçiriləcək bəzi imtahanların tarixləri açıqlanıb

ARANTV.AZ xəbər verir ki, 2019-cu ildə keçiriləcək magistratura, rezidentura və dövlət qulluğuna qəbul, eləcə də sınaq imtahanlarının tarixləri müəyyənləşib. Gələn il magistraturaya qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək. Fevralın 3-də magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə sınaq imtahanı təşkil ediləcək. Rezidenturaya qəbul imtahanlarının vaxtına gəlincə, I mərhələ martın 31-də, II mərhələsi isə iyulun 14-də olacaq. Fevralın 10-da bakalavriat səviyyəsinə qəbul üzrə sınaq imtahanının keçirilməsi nəzərdə tutulur. Bakı şəhəri və bölgələr üzrə 9 illik təhsil bazasında buraxılış imtahanlarının birinci mərhələsi martda, 11 illik təhsil bazasında isə apreldə təşkil ediləcək. Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da apreldə olacaq. Dövlət qulluğuna qəbul üçün yeni ilin ilk imtahanları 26 yanvar və 17 fevral tarixlərində nəzərdə tutulur. Dövlət qulluğuna qəbul imtahanları hər ay keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar verildikdən sonra elan edilir. Digər imtahanların da qrafiki müəyyənləşəndən sonra ictimaiyyətə açıqlama veriləcək.

Daha çox xəbərlər