Yaşın önəmi yoxdur,ruhu gənc olan hər kəsin Gənclər Günü mübarək olsun!
Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Gənclərimizin vətənpərvər ruhunda tərbiyə olunması mənsub olduğumuz xalqımızın rifahının, ölkəmizin çiçəklənməsinin bir növ rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalarımızdan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub saxlayır və yaşadır.
ARANTV.AZ 2 fevral- Azərbaycan Gəncləri Günü münasibətilə gəncliyimizin uğurlu simalarını sizlərə təqdim edir:
Həmsöhbətimiz Azərbaycan Dillər Universitetinin tələbəsi Hülya Xəlilovadır.
H.Xəlilova qeyd edib ki, Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üzrə təhsil alır: “İxtisasım üzrə təcrübə toplamaq və ixtisaslaşmaq üçün bir çox təşkilatlarda fəal çalışıram, eyni zamanda, könüllü kimi fəaliyyət göstərirəm. Əsas istiqamətim QHT-lərdə fəaliyyət göstərməkdir,çünki sırf ixtisasım üzrə ən əsas təcrübəni oradan əldə edirəm. Hal- hazırda isə “Düşüncə Gücü” İctimai Birliyində fəaliyyət göstərən “Gənc Diplomatlar” yaradıcılıq qrupunun rəhbəriyəm. Bu qrupda üzvlərlə birlikdə bir çox layihələr icra edirik,məqalələr yazırıq və təlimlər təşkil edirik. Pandemiya dövrü olmasına baxmayaraq üzvlərimizlə birlikdə onlayn şəkildə çox maraqlı vaxt keçiririk. Bununla yanaşı, Nirvana Academy-də idarə heyətində fəaliyyət göstərirəm. Asan xidmət, Formula 1 və bir çox konfranslarda da könüllü fəaliyyətlərim olub. 20 yaşım olmasına baxmayaraq bir çox təşkilatlarda fəaliyyət göstərərək yetərincə təcrübəli gənc olduğumu düşünürəm. Təbii ki, bütün bunlar Azərbaycanın hər zaman gənclərə dəstək olan lideri hörmətli prezidentimiz İlham Əliyev və 1-ci xanımımız Mehriban Əliyeva sayəsində gerçəkləşib. Onların hər zaman gənclərə dəstək olmalıları,bu yolda bir çox tədbirlər təşkil etmələri biz gəncləri çox ruhlandırır və biz hər zaman daha aktiv olmağa çalışırıq.”
Həmsöhbətimiz bildirib ki, gənclərimizin fəaliyyəti xüsusilə ötən il daha nəzərəçarpan oldu: “Həm ön cəbhədə,həm arxa cəbhədə,həmçinin COVID-19-la müharibədə gənclərimizin çox aktiv idilər. Pandemiya dövründə bir çox iş yerləri bağlı olduğu üçün insanlar maddi durumdan əziyyət çəkirdilər. Ölkəmizdə bir çox ehtiyacı olan ailələrə gənclərimiz çox dəstək oldular. Onlar ailələrə geyim,ərzaq, kitab-dəftər və s. lazımi ləvazimatları çatdırırdılar. Bununla yanaşı müharibə dövründə ön və arxa cəbhədə yorulmadan,usanmadan çalışan, dövlətimizi qoruyan əsgərlərimizədə dəfələrlə yardım edən çoxluq məhz gənclərimiz oldu. Müharibə boyunca istər cəbhədə, istər sosial medyada,istər xarici dövlətlərdə daima əsgərlərimizə yardım edib,dəstək oldular,motivasiyadan əsla əsgərlərimizi düşürtmədilər. Zamanla torpaqlarımızın bir-bir azad olunma xəbəri gəldikcə və o möhtəşəm qələbə xəbərini duyduğumuz zaman sevincimizin həddi-hüdudu olmadı. Bütün gənclər əllərimizdə bayraqlar, çələnglər paytaxtımız Bakı şəhərində və ölkəmizin bütün rayonlarında sevincimizi bütün dünyaya duyurduq. Qürurla şəhidlərimizi qarşılayıb,onları son mənzilə yola saldıq.”
Hülya Xəlilova əlavə edib ki, bir Azərbaycan gənci olaraq fəxrlə qeyd edirəm ki, ölkəmizdə gənclərimizin inkişafı üçün hər cür şərait yaradılıb və biz gənclərdə əlimizdə olan bu şəraiti çox gözəl dəyərləndiririk: “Bunun da ən gözəl tərəfi ondadır ki, bir çox yaradılmış təcrübə proqramları,özünü inkişaf kursları ödənişsiz şəkildə fəaliyyət göstərdiyi üçün bütün gənclərimiz proqram və kurslardan təmənnasız yararlanaraq özlərini inkişaf etdirə bilirlər.Təcrübədən kənar ölkəmizdə təhsilə də çox böyük yer ayrılıb. Ölkəmizdə gənclərimizin 98%-i ali təhsillidir. Gənclərimiz bununlada kifayətlənməyib xaricdə öz təhsillərini davam etdirirlər. Gənclərimizə bu sahədə də dəstək çox böyükdür. Onlar üçün müxtəlif təqaüd proqramları hazırlanmışdır. Bununlada gənclərimiz çox münasib qiymətlərə,hətta öz pulunu qazanaraq xaricdə təshil almaq imkanı əldə edirlər.”
Sonda həmsöhbətimiz fikirlərinə öz təbriki ilə yekun vurdu: “Çox şadam ki,biz gəncləri qiymətləndirib 2 fevralı məhz bizim günümüz kimi dəyərləndiriblər. Hər il 2 fevral gənclərimiz üçün bir çox maraqlı tədbirlər,əyləncələr təşkil olunur və bu da bizi çox xoşbəxt edir. Bu il ölkəmizdə Pandemiya olsada biz gəncləri yenə unutmadıqları üçün başda ölkə başçımıza,daha sonra isə bütün gənc sevərlərə təşəkkür edirəm, bizlər üçün bu il bir çox onlayn tədbirlər təşkil olunub və çox maraqlı olacağına da əminəm. Yaşın önəmi yoxdur,ruhu gənc olan hər kəsin Gənclər günü mübarək olsun.”











