Cəmiyyət 

”Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctmai Birliyinin növbəti qurultayı keçirilib

ARANTV.AZ xəbər verir ki, “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin növbəti qurultayı keçirilib. Toplantıda qurumun ötən dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Həmçinin İcmanın yeni sədri və idarə heyəti seçilib.

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasi” İctimai Birliyinin qurultayında sədr Bayram Səfərov qurumun ötən dövrdəki fəaliyyəti barədə danışdı. Bildirdi ki, İctmai Birlik Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq siyasəti və erməni separatizminin beynəlxalq aləmdə ifşası istiqamətində səylərini davam etdirir. Münaqişənin tarixi kökləri və onun həlli ilə bağlı Prezident İlham Əliyevin yürütdüyü siyasət, həyata keçirilən genişmiqyaslı tədbirlər barədə maarifləndirmə işləri aparılıb. Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağdan məcburi köçkün düşən vətəndaşların hüquq və mənafelərinin qorunması, İcma üzvlərinin pozulmuş hüquqları barədə müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilib. Müntəzəm olaraq Xocalı soyqırımı, Qaradağlı faciəsi, Şuşanın və Azərbaycanın digər ərazilərinin işğalı ilə əlaqədar xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciətlər edilir. Birliyin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev, millət vəkilləri Flora Qasımova və Elman Məmmədov İcmanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində həyata keçirilən  dövlət siyasətinə  verdiyi  dəstəkdən danışdılar. Qeyd olundu ki, Prezident İlham Əliyevin ardıcıl və prinsipial mövqeyi sayəsində bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Qurultayda təşkilati məsələlərə də baxıldı. Tural Gəncəliyev “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri seçildi. Sonda qurultay iştirakçıları adından dünya ictimaiyyətinə ünvanlanan bəyanat  qəbul olundu.

Daha çox xəbərlər