Sosial 

Hər kəsə diqqət və qayğı

Aztəminatlı şəxslərə birdəfəlik ödəmənin verilməsi, məşğulluq imkanlarının artırılması, sosial müdafiə, sosial yardım və işsizlikdən sığorta ödənişi proqramlarının genişləndirilməsi istiqamətlərində böyük işlər görülməkdədir

 

Pandemiya həyatımızın hər bir sahəsinə kökündən təsir edib və bu proses davam etməkdədir. Xəstəlik kütləvi ölümlərlə yanaşı, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb olub. Lakin sözsüz ki, daha ciddi narahatlıq yaradan məsələlərdən biri işsizlikdir. COVID-19 pandemiyası səbəbilə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə müəssisələr və işçilər ciddi problemlərlə üzləşiblər. Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) açıqlamalarına görə, 2020-ci ilin sonuna qədər dünyada təqribən 25 milyon insan işsiz qalıb. Bu, yetərincə böyük rəqəmdir. Müqayisə üçün qeyd edək ki, 2008- 2009-cu illərin qlobal maliyyə böhranı 22 milyon insanın işsiz qalmasına səbəb olmuşdu. Dünya İqtisadi Forumunun açıqlamalarına görə hazırda dünyada 4 milyarddan çox insan pandemiya səbəbilə sosial təcrid olunaraq evlərindən çıxmır. Bu da öz növbəsində xidmət və logistika sektoruna mənfi təsir göstərir. Aparılan hesablamalara görə pandemiyadan xüsusilə zərərçəkən sahələr otellər, aviaşirkətlər, restoranlar, alış-veriş mərkəzləri və mağazalardır. Nəticədə sadalanan sahələrdə çalışan bir çox insan iş yerlərini itirirlər. Artıq dünyanın bir çox nəhəng şirkətləri virus səbəbilə öz işçilərini qısamüddətli və ya uzunmüddətli dövr üçün işdən uzaqlaşdırıb.

Korona­virusun vətəndaşlarımızın sağlamlığına təsirlərini mini­mumlaşdırmaq üçün tətbiq edilən sosial təcrid tədbirləri, eyni zamanda, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Lakin buna baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, sosial-iqtisadi quruculuq uzunmüddətli dövrdə Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsinə zəmin yaratmışdır. Dövlət başçısı birmənalı şəkildə bildirib ki, respublikamızda dövlət siyasətinin prioritetləri insanların sosial müdafiəsi ilə bağlıdır. Son 17 ildə ölkəmizdə insanların həyat səviyyəsinin yüksəldilməsi, gəlir imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər görülüb. Ölkəmizdə ədalətli resurs bölgüsü yüksək səviyyədə təmin edilir. Qayğıya ehtiyacı olan bütün vətəndaşlara zəruri dövlət dəstəyi göstərilir. Respublikanın iqtisadi-maliyyə imkanları artdıqca əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına hədəflənən tədbirlərin miqyası da adekvat şəkildə genişləndirilir. Belə ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq ölkəmiz BMT tərəfindən bəyan olunan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasında, o cümlədən də yoxsulluğun azaldılması istiqamətində diqqətəlayiq nəticələr qazanıb. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda etdiyi çıxışında Azərbaycanın qısa müstəqillik tarixində sosial sferada əldə etdiyi nailiyyətlərə diqqət çəkərək vurğulayıb: “Ötən 17 il ərzində Azərbaycanda yoxsulluq 49 faizdən 5 faizə enmişdir. Son 17 ildə ölkəmizdə 3700-dən artıq məktəb yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir. Ölkəmizdə savadlılıq səviyyəsi 100 faizə yaxındır. “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə, Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir”.

Pandemiya dövründə başqa bir mühüm sosial dəstək tədbiri ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlıdır. Müvafiq qurumların əlaqələndirilmiş fəaliyyəti nəticəsində ölkə üzrə ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb. Paralel şəkildə ünvanlı dövlət sosial yardımı qaydaları sadələşdirilib və əhatə dairəsi genişləndirilib. Artım 14 min ailəni – 58 min ailə üzvünü əhatə edib, bu artım üçün ayrılan əlavə vəsait 8 milyon manat təşkil edib. Pandemiya dövründə əlillik müddəti başa çatan şəxslərin ödəniş müddəti uzadılıb. Bəhs olunan bu dəstək tədbiri 14 min nəfərə şamil olunub. Təkcə bu məqsədlə 3 milyon manat vəsait ayrılıb. Respublika üzrə 65 yaşdan yuxarı 15 min tənha şəxsə və tənha əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərilib. Ümumiyyətlə, pandemiya dövründə əhaliyə sosial ödənişlərin davamlılığı təmin edilib, bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun qənaət etdiyi 250 milyon manat ehtiyatından istifadə olunub.

Daha çox xəbərlər