Siyasət 

Azərbaycan və İtaliya etibarlı tərəfdaşlardır

Dövlətimizin başçısı İlham Əliyev  İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bir daha iki dost ölkənin əlaqələrinin hazırkı səviyyəsinə diqqəti yönəldərək bildirmişdir ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə dost ölkələrin şirkətləri cəlb ediləcək

44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi regionda yeni reallıqlar yaratdı, dövlətlərarası münasibətlərə işıq saldı, həqiqət anı olaraq hansı dövlətin sözlə əməlində vəhdətin qorunduğu, hansılarda isə dəyişikliyin olduğu diqqətdən kənarda qalmadı.

Qeyd edək ki, Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir. Azərbaycan-İtaliya münasibətlərinin yüksələn xətlə inkişafı da deyilənlərin bariz nümunəsidir. İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. İki ölkə arasında Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb.

Qarşılıqlı səfərlər, imzalanan sənədlər münasibətlərin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin ötən il İtaliya Respublikasına səfəri, keçirdiyi çoxsaylı  görüşlər, həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamənin qəbul olunması növbəti  illər ərzində əməkdaşlığa işıq salan mühüm addımlardan oldu. Qeyd edilən səfər  çərçivəsində imzalanan sənədlərin sayı 25-dən çox olmuşdur. İmzalanan sənədlər içərisində “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin   əhəmiyyəti bu gün də müzakirə olunmaqdadır.  Bu Bəyannamə təsdiq edir ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlardır. İtaliya iqtisadi sahədə Azərbaycanın bir nömrəli tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi çoxşaxəlidir və daim genişlənir. İtaliya şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də qeyri-neft sektorunda çox geniş təmsil olunurlar. Cənubi Qafqaz ölkələri arasında İtaliyanın ticarət dövriyyəsinin 90 faizindən çoxu  məhz Azərbaycanın payına düşür. Bu proqnoz da səslənirdi ki,  TAP layihəsi başa çatdıqdan  sonra bu rəqəmin daha da artması gözlənilir. TAP layihəsi vasitəsilə Azərbaycan təbii qazı İtaliya bazarına daxil olacaq. Artıq TAP  ötən il yanvarın 31-də istismara verilib.

Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə rolunu Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərin rəsmiləri daim yüksək dəyərləndirirlər. Keçirilən görüşlərdə də bu məqam xüsusi qeyd edilir ki,  Cənub Qaz Dəhlizi yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha da dərin münasibətlər yaratmaq istəyir.

Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur.  Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı və investorlarından biridir. Qurumla Azərbaycan arasında əlaqələrin hazırkı səviyyəsinə işıq salan “Tərəfdaşlıq prioritetləri” sənədində də qeyd olunmuşdur ki,  əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb.

Avropa İttifaqına daxil olan dövlətlərin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Xarici ölkələrə səfərləri zamanı  Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeni açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi bütün layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir. Onu da qeyd edək ki, Azərbaycan İtaliya üçün etibarlı və bir nömrəli xam neft təchizatçısıdır.

2018-ci ildə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TANAP istifadəyə verildi, 2019-cu ildə bu kəmərin Avropa sərhədinə çatması qeyd olundu. Layihənin digər hissəsi olan TAP isə qeyd etdiyimiz kimi, artıq istifadəyə verilib. TAP layihəsinin ölkələr arasında əlaqələrin inkişafına böyük töhfə verəcəyi əminliklə qeyd edilir. Dövlətimizin başçısının  “TAP Azərbaycan, Yunanıstan, İtaliya və və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu, bizim hamımıza fayda verəcəkdir. TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir” fikirləri onun qarşıdakı dövr üçün perspektivlərinin ümumi mənzərəsini yaradır.  İtaliya rəsmiləri də Azərbaycan qazının Avropaya nəqli üçün TAP-ın seçilməsini alqışlayaraq bildirmişdilər ki, bu, Avropanın enerji təhlükəsizliyi və rəqabət qabiliyyətinin gücləndirilməsi, eləcə də İtaliyanın aparıcı ticarət tərəfdaşlarından olan Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsi yolunda mühüm addım olacaq.  “İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var” söyləyən dövlətimizin başçısı İlham Əliyev əminliklə bildirir ki, gələcəkdə bu əməkdaşlıq daha da dərinləşəcək.  Atılan addımlar Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır.

Göründüyü kimi, dünya enerji bazarında mövqeləri möhkəmlənən, investisiya imkanları artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi, mövqeləri də möhkəmlənməkdədir. Dövlətimizin başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İndi başqa ölkələrə investisiya qoymaq, əlbəttə ki, lazımdır və biz də dövlət kimi bunu edirik.

Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafına dövlətimizin göstərdiyi diqqət və qayğı dövlətimizin başçısı İlham Əliyevin bu və ya digər ölkələrə, həmçinin digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri zamanı keçirilən görüşlərdə də xüsusi olaraq vurğulanır. İtaliya Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bu əminlik ifadə edilir ki, İtaliya şirkətləri Azərbaycanda energetika sahəsindən başqa digər sahələrdə də öz fəaliyyətini qura bilər. Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır.

Bu mühüm məqamı da qeyd edək ki,  İtaliya hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyib və bunu 44 günlük İkinci Qarabağ  müharibəsi zamanı da nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul etməsi Vətən müharibəsindən sonra azad edilmiş ərazilərin bərpasına dost ölkələrin yaxından cəlb edilməsinin və onlara geniş imkanlar yaradılmasının  bariz nümunəsidir. «İndi tariximizin yeni səhifəsidir. Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək. Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Beləliklə, biz hər şeyi sıfırdan etməli olacağıq. Buna görə də, əlbəttə, fəaliyyətimizin bu istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar lazım olacaq. Əlbəttə, sizin Azərbaycandakı fəaliyyətiniz və həyata keçirdiyiniz layihələr bizə sənayemizin qeyri-enerji sektorunu artırmağa kömək edir» söyləyən ölkə Prezidenti bu mühüm məqamı da qeyd etmişdir ki,  şirkətiniz Azərbaycanda dəyəri 1,6 milyard avrodan çox olan layihələrə cəlb olunub və  bu belə də davam edəcək. Çünki siz artıq bizim ölkəyə sadiq olduğunuzu nümayiş etdirmisiniz: «Sizin fəaliyyətinizdə yer alan yerli vətəndaşların sayı ilə bağlı dedikləriniz sizin sadiqliyinizi və Azərbaycanda uzunmüddətli strategiyanızı nümayiş etdirir. Çünki burada uzun müddət ərzində fəaliyyət göstərməyi planlaşdırmasaydınız bunu etməzdiniz. Başlanğıcda yalnız italyanlar işləyirdi, indi yerli kadrların sayı 70 faizdən çoxdur. Beləliklə, siz təlimlərə töhfə vermisiniz və bu da çox önəmlidir.»

Dövlətimizin başçısı İlham Əliyev bir daha iki dost ölkə arasında münasibətlərin hazırkı səviyyəsinə diqqəti yönəldərək bildirmişdir ki, İtaliya və Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir. Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik. Cənab İlham Əliyev diqqəti ötən il  tariximizdə yaşanan çətin vaxtlara yönəldərək bildirmişdir ki,  italyan xalqının Azərbaycanla  həmrəy olduğunun, İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq.  Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Bu əminlik də ifadə edilmişdir ki,  italyan şirkətləri ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar: «Artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir.» Dövlətimizin başçısı bu fikirləri ilə yazının əvvəlində Vətən müharibəsinin həqiqət anı olduğuna  bir daha aydınlıq gətirdi. Təbii ki, dost ölkə ən çətin anlarda tanınmaqla yanaşı, onun hadisələrin mürəkkəb şəkildə cərəyan etdiyi bir vaxtda mövqeyində dəyişiklik edib-etməyəcəyi diqqət çəkir. Azərbaycan 30 ilə yaxın müddətdə nə qədər münaqişənin həlli ilə bağlı təzyiqlərlə üz-üzə qalmışdısa, 44 gün davam edən İkinci Qarabağ müharibəsində vəziyyət daha da gərginləşdi, təzyiqlər artdı. Münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyünü bəyan edən dövlətlər müharibənin gedişində onun dayandırılması ilə bağlı təzyiqlər göstərməyə başladılar. Amma Azərbaycan, dövlətimizin başçısı İlham Əliyev qətiyyətli mövqeyindən bir addım da geri çəkilmədi. Müharibənin nə zaman dayandırıla biləcəyini işğalçı dövlətə və onun havadarlarına çatdırdı. 10 noyabr üçtərəfli razılaşma Azərbaycanın hərbi və siyasi Qələbəsinin dünyaya təqdimatı oldu. Bugünədək hələ də Bəyanatın özünü, şərtlərini həzm etməyən dövlətlər vardır. Bu baxımdan Azərbaycanın işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərinə dost ölkələrin şirkətlərini dəvət etməsi ölkəmizə qarşı səmimi dost, qardaş münasibətdə olan dövlətlər tərəfindən yüksək dəyərləndirilir. Qeyd edilən görüşdə Azərbaycan-İtaliya əməkdaşlığının genişlənməsinə xidmət edəcək addımlar da geniş müzakirə edilib.  Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi ilə bağlı məsələ üzərində işlərə başlanılıb.  Bu, həmçinin ölkələrimiz arasında sıx dostluq əlaqələrinin güclənməsinə də kömək edəcək.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Böyük Qayıdış başlayır. Bütün işlərə start verilir. Əminik  necə ki  düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, o qaydada da tarixi dədə-baba torpağımız olan Qarabağı qısa müddətdə bərpa edəcəyik.

Daha çox xəbərlər