Gələn həftədən metro AÇILIR? – RƏSMİ CAVAB
Azərbaycanda gündəlik koronavirusa yoluxma sayı azalmaqda davam edir. Belə ki, fevralın 8-də 44 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 3 nəfər isə “COVID-19″dan vəfat edib. Yoluxanların sayı azaldığına və fevralın 15-dən ali məktəblər fəaliyyətini bərpa etdiyinə görə gələn həftədən metronun da açılacağı ilə bağlı iddialar səsləndirilir.
Gələn həftə metro açıla bilərmi?
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hələlik bu barədə rəsmi qərar yoxdur:
“Biz də sizin kimi Operativ Qərargahın qərarını gözləyirik. Bilirsiniz ki, bu barədə qərar vermək səlahiyyəti Operativ Qərargaha aiddir. Bilirsiniz ki, karantin rejimi aprelin 1-nə kimi uzadılıb. Bu uzadılma avtomatik olaraq bizə də şamil edilir. Çünki uzadılma qərarında metro xüsusi bəndlə qeyd edilir. Bu isə o deməkdir ki, metronun açılması Operativ Qərargahın verəcəyi əlavə qərardan asılı olacaq”.

