Fərman və sərəncamların icrasına nəzarət gücləndirilməlidir
Prezident İlham Əliyevin Fərmanı əsasında «Dövlət Nəzarəti İnformasiya Sistemi»nin yaradılması dayanıqlı inkişafın əsası kimi qəbul edilən şəffaflığın, səmərəliliyin təminatına geniş imkanlar açacaq
Yeni dövrün, zamanın tələblərinə uyğun olaraq qarşıya yeni vəzifələr qoyulur ki, onların da icrası təkmil Dövlət proqramlarının qəbulunu, onların icra mexanizminin müəyyənləşdirilməsini tələb edir. Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin müəyyənləşdirdiyi yeni iqtisadi və sosial inkişaf modeli də bu məqamları özündə ehtiva edir. Son illərin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, təkmil sosial xidmətin əhatə dairəsinin genişləndirilməsi, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, ictimai həyatın bütün sahələrində şəffaflığın təmin edilməsi fonunda ölkənin hərtərəfli inkişafını təmin etməkdir. Şəffaflıq dayanıqlı inkişafın əsas amillərindən biri kimi bütün dövrlərdə öz aktuallığını qoruyur ki, bu da öz növbəsində nəzarətin gücləndirilməsini gündəmə gətirir.
Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, nəzarət funksiyasının yerinə yetirilməsinin o qədər də cətin olmadığını söyləyə bilərik. Əsas olan hər kəsin öz missiyasını layiqincə yerinə yetirməsi, dövlət maraqlarının qorunması, insan amilinə dəyərdən irəli gələn addımların atılması, vətəndaş-məmur münasibətlərinin inkişaf etdirilməsi, imzalanan Fərman və sərəncamların, təsdiqlənən Dövlət proqramlarının, inkişaf strategiyalarının, qəbul olunan qanunların icrasına nəzarətin gücləndirilməsidir. Ölkə Prezidenti İlham Əliyevin “Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında Fərmanına əsasən Prezident Administrasiyasında Prezidentin Fərman, Sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısı İlham Əliyev 2020-ci ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı nitqində də bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək. «Deputatlar qarşısında qanunvericilik sahəsində böyük vəzifələr dayanır» söyləyən ölkə Prezidenti qeyd etmişdir ki, tövsiyəm nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilməsidir: «Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir.” Həmin nitqində cənab İlham Əliyev onu da vurğulamışdır ki, qanunvericilik bazamızı təftiş etməliyik. Əgər lazım olarsa, onları qarşımızda duran mövcud hədəflərlə uzlaşdırmalıyıq. Çünki həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir.
Təbii ki, imzalanan hər bir sənəd, qəbul olunan qanun bu və ya digər sahənin inkişafına xidmət edir. Son nəticə onlardan irəli gələn vəzifələrin icrasının lazımi səviyyədə yerinə yetirilməsidir. Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək quruculuq və bərpa işlərində də ictimai nəzarətin rolunu xüsusi vurğulayır. Dövlət məmurlarının qarşısında bu tələbi qoyur ki, hər kəs öz işi ilə məşğul olsun.
Əvvəldə qeyd etdiyimiz kimi, yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə bu nəzarətin gücləndirilməsi qaçılmazdır. Bu məsələnin özü də kadr tələbatını aktuallaşdırır. Bir məqamı da qeyd edək ki, Azərbaycan kosmik klubun üzvü olaraq orbitə buraxdığı peyklər vasitəsilə istər Vətən müharibəsi dövründə, istərsə də işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərinə nəzarəti həyata keçirir. Dövlətimizin başçısı bildirir: “Peyk görüntülərindən səmərəli istifadə etməliyik. Peyk görüntüləri bizə əlavə imkanlar yaradır, həm müharibə dövründə, həm də müharibədən sonra təbii ki, bərpa işlərində. Biz ermənilər tərəfindən qırılmış meşələrin həcmini məhz peyklərdən müəyyən edə bilmişik və indi yerlərdə bunu təsdiq edirik. Meşələrimizin 54 min hektarı Ermənistan rəhbərliyi tərəfindən qırılıb, talan edilib və satılıb. Peyk görüntüləri, eyni zamanda, minalarla daha çox çirklənmiş yerləri də təsbit edir. Ona görə bu imkanlardan da səmərəli istifadə etməliyik.”
Cənab İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən də “Biz Azərbaycanda ən qabaqcıl texnologiyaları tətbiq etmək istəyirik” söyləyərək bildirmişdir ki,“yaşıl enerji” konsepsiyası Azərbaycan üçün irəliyə aparan yoldur. Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir: “Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Eyni zamanda, biz orada “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq.” Azərbaycan Prezidenti bu hədəfi də açıqlamışdır ki, ölkə müasirləşməlidir, intellektual baxımdan bacarıqlı olmalıdır və sənaye sahəsində güclənməlidir ki, neft və qaz qiymətlərindən asılı olmayaq. Bu, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Müasirləşmək, irəliyə doğru getmək və inkişaf etmək üçün güclü tərəfdaşa ehtiyacımız var. Cənab İlham Əliyev “Maire Tecnimont Group” şirkətində azərbaycanlı işçilərin olmasını dostluğun əsl rəmzi kimi dəyərləndirmişdir.
Göründüyü kimi, nəzarət hədəflərə qısa zamanda nail olmaq üçün əsas mexanizmdir. Dövlətimizin başçısı İlham Əliyev 2004-cü ildən qəbul olunan regional inkişaf proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq məqsədilə mütəmadi bölgələrə səfərlər edir, ictimaiyyət nümayəndələri ilə görüşür, onları narahat edən məsələləri özlərindən eşitməyə çalışır, icrası ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verir. Cənab İlham Əliyevin bölgələrə səfərlərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncamlar imzalaması, Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayırması da bu tərkibdəndir. Əsas məqsəd Dövlət proqramlarının icrasının lazım olan vaxtda başa çatdırılması, ehtiyac yaranarsa yeni sənədin qəbuludur. Təbii ki, bu sənədlərdən irəli gələn vəzifələrin icrasına nəzarət yerli icra hakimiyyəti orqanlarına məxsusdur. Cənab İlham Əliyevin çıxışlarında daim bu məqam öz əksini tapır ki, məmurlar xalq üçün çalışmalı, onların qayğıları ilə maraqlanmalı, həlli istiqamətində lazımı dəstəyi göstərməlidirlər: “Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Hər birinə, burada oturan bütün icra başçılarına. Hamısını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmurlar. Hər birinə demişəm ki, gedin, insanlara arxa durun, gedin, köməklik göstərin. Gedin, hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm.” Ölkə Prezidenti bildirir ki, 2003-cü ildə “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, incidilməməlidir.
Cənab İlham Əliyevin Fərmanı əsasında «Dövlət Nəzarəti İnformasiya Sistemi»nin yaradılmasında əsas məqsədlərdən biri də məhz yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsini təmin etməkdir. Bu gün bölgələrimiz arasında sağlam rəqabət gedir. Hər bir rayon, kənd, qəsəbə inkişaf, tərəqqi dövrünü yaşayır, quruculuq meydançasına çevrilib. Yol infrastrukturunun yenilənməsi, sosial layihələrin uğurlu icrası, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına, o cümlədən özünüməşğulluq proqramının uğurlu icrasına lazımı şəraitin yaradılması günümüzün reallıqları sırasındandır. Artıq işğaldan azad edilmiş ərazilərimizdə də quruculuq və bərpa işlərinə start verilib. Görülən tədbirlər nəticəsində həmin ərazilərimiz də cənnət məkana çevriləcək, malik olduqları potensial imkanlardan səmərəli istifadə etməklə ölkəmizin hərtərəfli inkişafına dəstək göstəriləcək. Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açılacaq. Əsas olan yenə də şəffaflığın təmin edilməsi, məsuliyyət hissinin artırılması, imzalanan Fərman və sərəncamların, verilən tapşırıqların icrasına nəzarətin lazımi səviyyədə həyata keçirilməsidir.
Qeyd etdiklərimiz əsasında belə ümumiləşdirmə apara bilərik ki, qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla şəffaflığın artırılması, iqtisadi inkişaf üçün maneələr törədən, qanunun aliliyini və sosial ədalət prinsiplərini pozan kölgə iqtisadiyyatının azaldılması, ölkə Prezidenti İlham Əliyevin çıxışlarında, imzaladığı Fərman və sərəncamlarda öz əksini tapir. Korrupsiyaya qarşı mübarizə, maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi, təkmil nəzarət mexanizminin, o cümlədən ictimai nəzarətin tətbiqi, bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsi, innovasiyaların geniş tətbiqi, sahibkarlığın və regionların inkişafına qayğı ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin mühüm bir istiqaməti kimi təsbit olunur. Bu mənada cənab İlham Əliyevin 27 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda icrası nəzərdə tutulmuş problemlər mühüm əhəmiyyət kəsb edir və yeni dövrün çağırışları baxımından öz aktuallıqları ilə xarakterizə olunur. Açıq hökumət dedikdə dövlət aparatının işinin keyfiyyətinin yüksəldilməsi məqsədilə hakimiyyətin və vətəndaş cəmiyyətinin səmərəli qarşılıqlı əlaqəsini təmin edən mexanizmlər və prinsiplər sisteminin tətbiqi nəzərdə tutulur.
Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir. Bu fakt inkaredilməzdir ki, ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, zəngin idarəçilik təcrübəsinə malik rəhbəri vardır. Bu fikir beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr vardır. Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunursa, bu təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir. Dövlətimizin başçısı İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin prioritetliyi xüsusi olaraq önə çəkilir. “Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar” söyləyən ölkə Prezidenti davamlı inkişafı şərtləndirən amilləri əsaslı şəkildə diqqətə çatdırır.
Təbii ki, hər bir təşəbbüs, layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən ABAD, hər bir vətəndaşın yaxın dostuna çevrilən DOST idarəetmədə şəffaflığın qorunmasını, rəqabətin güclənməsini şərtləndirir. Biznesin sadələşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi şəraitində əldə olunan uğurlar və təcrübə beynəlxalq səviyyədə qiymətləndirilir, öyrənilir və tətbiq olunur. Dövlətimizin başçısı İlham Əliyev daim bu çağırışı edir ki, yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir.

