Kriminal 

Bakıda qısqanc kişi arvadını çayxanada bıçaqladı, sonra isə… – QANLI CİNAYƏTİN TƏFƏRRÜATI

Xətai rayonunda arvadını bıçaqlayaraq öldürmək istəyən Rəcəb Məmmədovun cinayət işi.

ARANTV.AZ  xəbər verir ki, hadisə Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Şəhrizad” çay evində baş verib. Belə ki, Rəcəb Məmmədov orada arvadı Günel Məmmədovanı (1986-cı il təv.) bıçaqlayıb, hadisə yerindən qaçıb. Şahidlərin köməkliyi ilə qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Cinayəti törətməkdə şübhəli bilinən R.Məmmədov Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Rəcəb Məmmədov ifadəsində bildirib ki, ərindən boşanıb iki uşağı olan Günellə 2013-cü ilin yayında Bakı şəhərində tanış olub. Müxtəlif ünvanlarda kirayədə yaşayıblar. 2018-ci ildə rəsmi nigaha daxil olublar. Həmin vaxt onlar Babək prospektində kirayədə yaşayıblar. Maddi vəziyyətlərinin ağır olduğunu bildirərək işləmək istəyən Günellə həmin ilin oktyabr ayında münasibətləri kəskinləşib. Qısqandığına görə arvadının kişilər yığışan yerdə işləməsinə razı olmayıb. Aralarında bu mövzuda mübahisələr yarandığından Günel ondan boşanmağı tələb edib.

Rəcəb Günelin başqasını sevməsini fikirləşib onu güdmək qərarına gəlib. Oktyabrın 16-da işdən icazə alıb səhər saatlarında yaşadığı binanın qarşısına gəlib və arvadının mənzildən çıxmasını gözləyib.

Saat 10 radələrində Günelin arxasınca işlədiyi “Şəhrizad” çay evinə gəlib. Ora bağlı olduğundan arvadı dayanıb müdüri gözləyib:

“Yaxınlaşdım Günelə dedim ged evə. Dedim burdan nə qədər maaş alacaqsansa o pulu mən verərəm sənə. Razılaşmadı mənə dedi çıx get burdan”.

Rəcəb Məmmədov daha sonra bildirib ki, yoldaşının içəri daxil olmasını görüb onun arxasınca gedib. Ümumi zalda masanın arxasında tək əyləşən Günelə yenə yaxınlaşıb, kişilərin yığışdığı yerdə işləməsinə icazə vermədiyini söyləyib. Bu zaman arvadı onu təhqir edərək getməsini deyib:

“Ordan çıxıb təxminən 1 saat küçədə dayandım. Güneli qorxutmaq üçün yaxınlıqdakı dükandan 2 manata bıçaq alıb cibimə qoydum. Təzədən qayıtdım çay evinə. Kabinetdə oturub Günelə yenə dedim ki, ged evə burda işləmə. O, yenə mənə burda işləyəcəyini dedi. Elə bu vaxt cibimdən bıçağı çıxarıb onun qarnına iki dəfə zərbə vurdum. Sonra isə boğazını kəsdim”.

Rəcəb Məmmədov daha sonra oradan çıxaraq bıçağı küçədə yerə atıb və polis bölməsinə gedərək təslim olub.

Məhkəmə iclasında Rəcəb Məmmədov  ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş Günel Məmmədova təqsirləndirilən şəxsi bağışlayıb. Bildirib ki, uşaqlarına atalıq etmiş Rəcəb Məmmədova qarşı şikayəti yoxdur.

Məhkəmə R. Məmmədovun əməlini CM-nin 29.120.2.4-cü maddəsindən, 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə  tövsif edib.

Sonda məhkəmənin hökmü ilə Rəcəb Məmmədov 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.

Ölkə.Az

Daha çox xəbərlər