“Bulla-dəniz” yatağında yeni 12 saylı stasionar dəniz özülü istismara verilib
ARANTV.AZ xəbər verir ki, “Bulla-dəniz” yatağında Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin inşa etdiyi, yeni 12 saylı stasionar dəniz özülü istismara verilib. İnşasına ötən il şirkətin daxili imkanları hesabına ilə başlanılan özül dənizin 30 metr dərinliyində quraşdırılıb. Yeni özüldə bir axtarış və 4 istismar quyusunun qazılması nəzərdə tutulur.
Bulla- dəniz yatağında istifadəyə verilən özüldə qazılacaq quyuların orta dərinliyi 6300 metr olacaq. Bu dərinlikdə qazma işləri isə yüksək təzyiq şəraitində həyata keçirilir və texnoloji cəhətdən mürəkkəb layihə hesab edilir. Özüldən qazılacaq quyular üzrə ümumilikdə gündəlik 2,5 mln. kubmetr qaz, 500 ton kondensat hasilatı nəzərdə tutulur. Qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən, qazma qülləsinin hündürlüyü 46,6 metr olan qurğu quraşdırılıb. Bu qurğu vasitəsi ilə rotor səviyyəsindən 7000 metrə kimi dərinliyə qazmaq mümkündür. Özüldə qazma işləri ilə istismarın eyni zamanda aparılması planlaşdırılıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirdi ki, Prezident İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq, SOCAR son 15 ildə yerli neft şirkətindən nəhəng beynəlxalq şirkətlər qrupuna çevrilib. “Bulla-dəniz-12” kimi müasir texnologiyalar əsasında inşa olunan yeni platformalar Azərbaycan neftçilərinin uğurlarının davamlılığını təmin edəcək.
Yeni özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası üzrə qabaqlayıcı tədbirlər ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib. İstehsalat sahəsi 4, yaşayış hissəsi isə 1 dayaq blokundan ibarətdir. İşçi personalının rahat və təhlükəsiz yaşaması üçün 36 nəfərlik yaşayış bloku quraşdırılıb. “Bulla-dəniz” yatağı Bakı arxipelaqının şimal hissəsində, Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası yatağından cənub-şərqdə 10 km məsafədə yerləşir.

