Azərbaycanda qızların təhsili yeni çağırışlara müvafiq inkişaf etməlidir
Mehriban xanım Əliyeva: Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq
ICESCO tərəfindən elan olunan «Qadınlar ili» çərçivəsində «Qadınlar və qızlar elmdə» Beynəlxalq Günü münasibətilə videokonfrans formatında keçirilən tədbirdə çıxış edən respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İslam aləminin ayrılmaz parçası olan Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə sadiqliyindən də bəhs etmişdir
Ötən ay ölkəmizdə səfərdə olan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən Prezident İlham Əliyev təşkilatla əlaqələrin genişləndirilməsindən, bu əməkdaşlığın müsəlman həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələrdən, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərdən söz açaraq bildirmişdir ki, məqsəd xalqımızın tarixini, müqəddəs abidələrimizi, mədəni irsimizi yox etmək idi: «Bu, bir daha onu nümayiş etdirir ki, demək olar, 30 illik danışıqlar ərzində Ermənistanın yalnız bir məqsədi olmuşdur, bu da danışıqları sonsuz və faydasız etmək idi və bu da baş verdi.» Təkcə məscidləri deyil, digər xalqlara məxsus müqəddəs abidələri viran qoyan, dinin mənşəyini dəyişməklə qədim Qafqaz Albaniyasının kilsələrini erməniləşdirən separatçılar cinayət xarakterli bir çox əməllər törədiblər. Beynəlxalq birliyin 30 ildə sülh yolu ilə edə bilmədiyini, yaxud etmək istəmədiyini 44 gündə güc yolu ilə həll edən Azərbaycan bölgədə yeni reallıqlar yaratdı. Hazırda işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparılır.
Görüşdə Azərbaycanla sıx əməkdaşlıq edən, Vətən müharibəsinin davam etdiyi müddətdə belə ədalətli mövqe tutaraq ölkəmizlə birlik nümayiş etdirən, İslam həmrəyliyi ilə bağlı məsələlərdə müsəlman ölkələrini birliyə çağıran Azərbaycanın rolunu dəstəkləyən ICESCO-nun Baş direktoru erməni qəddarlığını, vəhşiliyini müsəlman dövlətlərinin həmrəyliyinə, İslam mədəni irsinə qarşı mənəvi terror adlandırmışdır. Azərbaycanın ICESCO üçün hər zaman önəmli olduğunu «Biz Qələbəni qeyd etdik, çünki bu, bizim bir parçamızdır, Sizin Qələbəniz ICESCO-nun qələbəsinin bir parçasıdır. Bizim üzv dövlətlərimiz çox önəmlidir və biz kimliyindən asılı olmayaraq onları hər zaman dəstəkləyəcəyik» sözləri ilə diqqətə çatdıran Salim bin Məhəmməd əl-Malik bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə gördüklərimiz, dağıdılmış məscidlərin ürəkağrıdan mənzərəsi bəşəriyyət əleyhinə cinayətdir.
Bu günlərdə ICESCO tərəfindən elan olunan «Qadınlar ili» çərçivəsində «Qadınlar və qızlar elmdə» Beynəlxalq Günü münasibətilə videokonfrans formatında keçirilən tədbirdə çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda uğurla davam etdirilən gender siyasətindən, ailə, qadın, uşaq problemlərinin həlli istiqamətində həyata keçirilən islahatlardan bəhs edərək vurğuladı ki, belə mötəbər tədbirdə iştirakımı bizim qadınların təhsil və elmdə qazandığı uğurlarla bağlı siyasətimizin yüksək qiymətləndirilməsinin təzahürü hesab edirəm: «BMT Baş Assambleyasının qəbul etdiyi, 11 fevral tarixini «Qadınlar və qızlar elmdə» Beynəlxalq Günü elan edən qətnaməyə uyğun olaraq, bugünkü müzakirə mövzusuna Baş direktor tərəfindən diqqətin yönəldilməsini alqışlayıram.»
Elm və texnologiyanın, innovasiyanın zərurətə çevrildiyi müasir zamanda gender bərabərliyi «Davamlı İnkişaf üzrə 2030 Gündəliyi» daxil olmaqla, beynəlxalq inkişaf məqsədlərinə nail olunması üçün mühüm əhəmiyyətə malik bu tədbirin təşkili təqdirəlayiqdir. ICESCO-nun 2021-ci ilin «Qadınlar ili» elan edilməsi ilə bağlı təşəbbüsü qadınların cəmiyyətdəki roluna verilən qiymət olmaqla, onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir.
Sabit dünya naminə önəmli təşəbbüslərin müəllifi olan Azərbaycandan beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışların əsasını da əməkdaşlıq prinsiplərinə sadiqlik təşkil edir. Azərbaycanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası arasında əlaqələrin inkişafı üçün dünya miqyasında nadir platforma olan «Bakı prosesi»nin, Ümumdünya Dini Liderlərinin Zirvə görüşlərinin uğurla davam etməsi millətlər və dinlərarası əlaqələrin möhkəmlənməsinə verilən töhfədir. Birinci Avropa Oyunlarına və IV İslam Həmrəyli Oyunlarına ev sahibliyi edən Azərbaycan dünyada sülh, qarşılıqlı hörmət və anlaşma məkanı olduğunu təsdiqlədi. Xalqları biri-birinə yaxınlaşdıran bu kimi tədbirlərdə fəal iştirak edən, təşkilatçılığı ilə başqalarına nümunə göstərilən Mehriban xanım Əliyeva müəllifi olduğu ölkədə və beynəlxalq aləmdə dəstəklənən humanist layihələri ilə diqqəti cəlb edir. Qadınlarımızın siyasətdə, ictimai işlərdə, həyatımızda, məişətimizdə rolunun artırılması, gender bərabərliyinin uğurlu davamıdır. ICESCO-nun tədbirindəki çıxışında «Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, – bir əsrdən öncə, – sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır» söyləyən Mehriban xanım Əliyevanın bildirdiyi kimi, İslam aləminin ayrılmaz parçası olan Azərbaycanda qızların təhsili və onların elm sahəsində iştirakı sürətlə dəyişən dünyamızın tələblərinə, yeni çağırışlara müvafiq inkişaf etməlidir.
«Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır» söyləyən Mehriban xanım Əliyeva Azərbaycanda elmin inkişafında qadınların rolunu diqqətə çatdırmaqla onu da vurğulayır ki, ən böyük təhlükə olan COVID-19-a qarşı mübarizənin ön cəbhəsində çalışan tədqiqatçı, alim, həkimlər arasında çoxluq təşkil edən qadınlarımıza, tibb işçilərimizə, bütünlükdə səhiyyə işçilərinə ehtiramımızı ifadə etməliyik.
Bu baxımdan tam əminliklə söyləmək olar ki, elmə böyük töhfələr verən xanımlar üçün yaradıcılıq ilham mənbəyidir. BMT-nin İnkişaf Proqramı ilə bərabər «Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda» adlı mentorluq proqramının həyata keçirilməsində məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaradılması və onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir.
ICESCO-nun xoşməramlı səfiri kimi bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamaqla bağlı çağırış edən Mehriban xanım Əliyeva prioritetləri də açıqlamışdır: «Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq. Azərbaycan bu mənada öz töhfəsini verməyə hazırdır.»
Ermənistanın işğal etdiyi ərazilərimizin 30 ildən sonra Azərbaycan tərəfindən azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən ötən ilki 44 günlük Vətən müharibəsi zamanı dəyərli dəstəyinə görə ICESCO-ya, şəxsən onun Baş direktoru doktor Salim Al Malikiyə dərin minnətdarlığını ifadə edən Mehriban xanım Əliyeva ICESCO-nun xoşməramlı səfiri kimi İslam ölkələrinin Azərbaycanla həmrəyliyini, ermənilərin viran qoyub dağıtdığı məscidlərin, dini abidələrin, ziyarətgahların təmirində müsəlman ölkələrinin iştirakını yüksək dəyərləndirmiş, Vətən müharibəsini zəfərlə başa vuran Azərbaycanda görüləcək işlərdən də bəhs etmişdir. «Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk» söyləyən Mehriban xanım Əliyeva ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi təşəbbüsünü əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək səmərəli təşəbbüs kimi dəyərləndirmişdir. Təbii ki, həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə, təhsil sahəsində əməkdaşlığı da gücləndirə bilər.
Konfransda deyildiyi kimi, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət məkanı olub. Asiya və Avropa arasında körpü, çoxkonfessiyalı, çoxmillətli ölkəmizin mədəni müxtəlifliyə sadiqliyinin nəticəsidir ki, respublikamızda dini münasibətlər sağlam zəmində qurulub və inkişaf edir. İnsanlığa dəyərin ifadəsi olan cəmiyyətimizdə hökm sürən tolerantlıq və dözümlülük Azərbaycan xalqının yaşam tərzidir.
Tədbirdə ICESCO-nun 2020-2030-cu illərdə strateji planında nəzərdə tutulan vəzifələr də açıqlanmışdır. Bildirilmişdir ki, əsas məqsəd İslam dünyasında sosial, iqtisadi və mədəni həyatda qadınların rolunu gücləndirmək, gənc qızların müasir standartlara uyğun daha mükəmməl təhsil almasını təmin etməkdir. Bunun üçün təşkilata üzv ölkələrin məktəblərində donor təşkilatlar tərəfindən yoxsul ailələrdən olan qızlara 50 min kompüterin hədiyyə edilməsi, təqaüdlərin verilməsi planlaşdırılır.

