Sosial 

Xalqın sevimli şairi

Nəriman Həsənzadə – 90

(Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığı və şəxsiyyəti haqqında bir neçə dost sözü)

 

Deyirlər, sənətkar ömrü onun yaşadığı bir insan ömrü ilə deyil, yaratdığı əsərləri, sənət nümunələri, xalq məhəbbəti, millət sevgisi ilə ölçülür. Belə insanlar sağlığında ikən xalqının ürəyində, qəlbində elə ocaq çatır, elə işıq yandırır ki, bu ocaq, bu işıq sönməyən bir nura çevrilir, xalq yaddaşlarında əbədiləşir, nəsildən-nəsilə, əsrdən-əsrlərə keçərək əbədiləşir… Böyük Nizami, Nəsimi, Füzuli, Vaqif, S.Vurğun, Ü.Hacıbəyli, C.Cabbarlı və onlarla belə nəhəng mütəfəkkirlərimiz sağlıqlarında ikən xalq məhəbbətini, Vətən sevgisini elə bir ilahi səviyyədə qazanmışlar ki, bu sevgi, bu məhəbbət onları dünən də yaşadırdı, bu gün də yaşadır, sabah da yaşadacaqdır…

Fəxrlə deyə bilərik ki, bu gün də bizim ümumxalq məhəbbəti qazanmış korifey sənətkarlarımız, şair və ədiblərimiz vardır. Bunlardan biri də Azərbaycanın Xalq şairi, Heydər Əliyev Mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, Əməkdar incəsənət xadimi, görkəmli alim, publisist və ictimai xadim Nəriman Həsənzadədir.

“Şair N.Həsənzadəni nə vaxtdan tanıyırsan?” – deyə məndən sorsalar, doğrusu, bu suala cavab verməkdə çətinlik çəkərəm. Bu tanışlığın nə gününü, nə də tarixini deyə bilmərəm. Bircə onu bilirəm ki, Nəriman müəllimin özündən əvvəl onun şeirləri ilə tanış olmuşam və bu şeirlər məndə onların müəllifinə xüsusi bir sevgi yaratmışdı. Bu da bir həqiqətdir ki, ötən əsrin 60-70-ci illərinin uşaqları, gəncləri çox kitab oxuyardılar. Məktəbdə tənəffüs vaxtı da şagirdlər əlinə düşən bədii kitabı acgözlüklə oxuyardılar.

Yadımdadır, orta məktəbin 5 və ya 6-cı sinfində oxuyurdum. Kimsə mənə balaca bir şeirlər kitabı verdi. Səhv etmirəmsə, baharın gözəl günlərindən biri idi. Həyətimizdəki “yarım dünya” adlandırdığım tut ağacının altında oturub o balaca kitabı açdım. Ətrafımda arılar, müxtəlif böcəklər hey fırlanır, hərə öz dilində nəsə söyləyirdi. Bəlkə onlar da şeirə qulaq asmaq istəyirdilər…

Kitabın iç vərəqində cavan bir oğlanın şəkli vardı. Deyəsən, gənc şair əsgər paltarında idi. Çox sonralar mən Nəriman müəllimin oğlu Nazimi görəndə həmin kitabdakı şəkil gözlərim önündə canlandı. Nə böyük oxşarlıq!

Kitabın adı yadımda qalmayıb. Nədənsə o ilk kitabın adını Nəriman müəllimdən də heç soruşmamışam. Birnəfəsə kitabı oxuyub qurtardım. Kitabdakı şeirlər nə qədər təbii, canlı idi. Hər bir şeirdə təbiətin bir lövhəsi, ülvü məhəbbət hissi şairanə bir dillə canlanırdı. Kol dibində boynu bükük bənövşə, dağlardan tökülən şəlalə, dağlar döşü ilə baş alıb gedən cığırlar, bahar yağışları, çiçəkdən-çiçəyə qonan böcəklər, ilk məhəbbət, sevgi yanğısı burdakı şerlərə hopmuşdu. Həm də nə qədər mənalı, nə qədər təbii verilirdi bu hisslər, bu düşüncələr…

Yuxarı siniflərdə oxuyanda da N.Həsənzadənin şeir və poemalarını oxudum, radioda ürəyəyatımlı, həzin səsini eşitdim. Şeirdən-şeirə şairin yüksəldiyini, istedadının parladığını hiss edir, duyurdum.

Bakıya gəlib, institutda oxuyanda N.Həsənzadə poeziyasına daha dərindən bələd oldum. Onun çağlayan istedadının məhsulu olan “Nəriman”, “Kimin sualı var”, “Zümrüd quşu” və s. poemalarını, yüzlərlə şerlərini oxudum. Artıq o vaxt gənclərin ən çox sevdikləri şairlərdən biri məhz N.Həsənzadə idi.

Şairin “Nəriman” poeması xalqımızın böyük oğlu, bütün şüurlu həyatını qətrə-qətrə millətin, Vətəninin yolunda əridən, görkəmli dövlət xadimi, şöhrətli yazıçı-dramaturq Nəriman Nərimanovun həyatına həsr olunmuşdu. Bu, poema yox, özünün bədii dolğunluğuna, məzmununa, əhatə dairəsinə görə nəzmlə yazılmış roman idi. Bu əsər böyük Nərimana bədii heykəl idi. Sonralar şair bu poema əsasında “Qoy bütün Şərq eşitsin” adlı pyes də yazdı. Poema kimi pyes də çox uğurlu oldu. Bakıda və Moskvada yüksək mükafatlara layiq görüldü…

Onun yaradıcılığında böyük istedadla tükənməz zəhmət bir vəhdətdədir. O, həmişə bir ziyalı, bir vətəndaş kimi zamanın nəbzini tutmağa çalışmışdır.  Nəriman müəllim təkcə şair deyil. O, həm də tanınan, seçilən dramaturq, geniş təfəkkürlü alim, istedadlı publisist, pedaqoq və ictimai xadimdir.

Şairi yaxından tanıyanlar bilirlər ki, o dünya poeziyasına, fəlsəfi fikrinə, estetik baxışlarına dərindən bələd olan bir insandır. Şərqin intibah dövrünü onun kimi yaxşı bilən və dəyərləndirən adamlar çox azdur.

Bu vaxta kimi şairin ölkəmizdə və xaricdə 50-dən yuxarı əsəri nəşr olunmuşdur. Onun əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə edilərək geniş yayılmışdır. Təkcə şeirləri yox, böyük əsərləri, o cümlədən “Nabat nənənin çörəyi” povesti bir çox xarici dillərə tərcümə olunaraq dərc edilmişdir.

Xalqda belə bir misal vardır. Deyirlər, qardaşını yaxşı tanıyırsan? Cavab verir ki, Vallah yoldaşlıq etməmişəm. Doğrudan da, səfərdə yol yoldaşı olmaq insanı apaydın tanıdır. Tale elə gətirdi ki, mən Nəriman müəllimlə uzaq bir səfərdə yol yoldaşı oldum.

Yadımdadır. 1989-cu ilin noyabrın 1-də Azərbaycandan biz nümayəndə heyəti ilə Kubaya Azərbaycan Günlərində iştirak etmək üçün yola düşdük. Bakıda günəşli külək, Moskvada qar, sazaq vardı. Bir gün Moskvada qaldıqdan sonra nəhəng TU-186 təyyarəsi ilə yola düşdük. Yolüstü İrlandiyada, Kanadada  bir-iki saatlıq istirahətdən sonra Kubaya uçduq. Kubada 28-30 dərəcə isti vardı… O vaxt hələ SSRİ dağılmamışdı. Ancaq M.Qorbaçov imperiyanı dağıtmaq üçün müsəlləh idi. Yerlərdə milli azadlıq hərəkatı genişlənirdi. Dağlıq Qarabağ məsələsində Qorbaçovun ermənipərəst mövqeyi hamıya aydın idi.

Kubanın çox yerində olduq. Çoxlu görüşlər keçirdik. Kubalıların qonaqpərvərliyi hələ də yadımdadır. Harada olurduqsa, bütün böyük-kiçik görüşlərdə nümayəndə heyətimizin üzvləri Qarabağ hadisələrindən danışırdıq. Nəriman müəllim hər yerdə M.Qorbaçov hakimiyyətini kəskin tənqid edirdi. Onun alovlu, məntiqli, milli qayəli çıxışları hələ də qulaqlarımdadır.

Biz avtobusda şəhərdən-şəhərə yol gedəndə də Qarabağ məsələsi şairi tərk etmirdi.

– Əyə, Musa, – deyirdi – mən bu erməniləri yaxşı tanıyıram. Tarixən hansı rus çarına dil tapıblarsa, ondan öz xeyirlərinə, bizlərin isə əleyhinə gen-bol istifadə ediblər. İndi də belədir. Bu haramzadalar Qorbaçovu artıq tilova salıblar. Çətin olacaq, qardaş, çətin olacaq.

Şairin nə qədər haqlı olduğunu tarix sübut elədi…

Səfərdə Nəriman müəllimdə gözəl bir xüsusiyyət də hiss elədim. Bu sadə insanda böyük ürək gördüm. Hansı şairdən söz düşürdüsə tərifləyirdi, “gözəl şairdir” deyirdi. Şairlər içərisində Nizamini Allah sayır, S.Vurğun ilhamından danışmaqdan doymurdu. S.Vurğun və Nazim Hikmətin ona gəncliyində göstərdikləri qayğıdan danışırdı – S.Vurğun mənim əlimdən tutub poeziyaya gətirdi. Mənə zəmanəti də böyük şair verdi. Nazim Hikmətsə yuxarılara xahiş edərək mənə ev verdirdi. Belə şeylər yaddan çıxmır heç vaxt…

Bəzən hansısa şairdən bir beyt deyirdim. Əgər ürəyinə yatırdısa, “Allah, Allah, nə gözəldir. Bax, buna şeir deyərəm”, – deyə fikrini bildirirdi.

Çox vaxt söhbətimiz dolanıb yenə el-obamızın üstünə gəlirdi. Biz tez-tez Azərbaycanın müstəqilliyindən, o taylı, bu taylı, Azərbaycanın birləşməsindən danışırdıq. Azadlıq! Bu böyük arzu, istək idi… Azadlıq bütün insanlar üçün əziz bir sözdür.

Kubadan qayıtdıqdan bir qədər sonra Vətənimizdə 20 Yanvar hadisələri törədildi. Bakı şəhidlər qanına bələndi. O günlər Nəriman müəllim Parisdə idi və orada müdhiş xəbəri eşitmişdi. Ordasa şair o taylı, bu taylı azərbaycanlıları toplayaraq Qorbaçov hakimiyyətinə öz etiraz səslərini dünyaya yaymışdılar.

Bir neçə gündən sonra Nəriman müəllim Bakıya qayıtdı. Onu görəndə tanımadım. Şairin məğrur qəddi əyilmiş, rəngi avazımışdı. O günlər və sonralar Nəriman müəllim öz dərdini, nisqilini bayatılar vasitəsilə göstərdi. Bu bayatılar nakam şəhidlərimizə, dərdli Vətənimizə, xalqımıza bir ağı idi. Ancaq şairin bayatılarında da məğrurluq, ucalıq əks olunmuşdu. Dillər əzbəri olmuşdu bu bayatı.

Analara qurban olum,

Oğul doğurlar.

Oğullara qurban olum,

Şəhid olurlar…

– deyə şair dözümlüyə çağırdı xalqımızı. Kürsülərə sinə gərdi, alovlu nitqlər söylədi. Xalqı birliyə, bütövlüyə çağırdı şair. Ümummilli liderimiz Heydər Əliyevi o vaxtlar müdafiə edənlərdən biri də o idi. Prezident Aparatının qarşısına ilk gələnlərdən və söz deyənlərdən oldu N.Həsənzadə.

Nəriman müəllim həm də cəsarətli sənətkardır. Mən onun pyeslərində guya tarixi kölgədə qoymaqda günahlandıran opponentlərinə verdiyi məntiqli cavabların, daha doğrusu, onları yerlərində oturtmasının canlı şahidi olmuşam…

Mənə elə gəlir ki, N.Həsənzadə poeziyasında qızıl xətlə keçən qadın sevgisinə, qadın ülviyyətinə az-az şairin yaradıcılığında rast gəlmək olar.

Kimin ürəyində bir duyğu varsa,

Demək ürək səsi ötəri səsdir.

Məhəbbət dünyada yetim qalarsa,

Bir könül ağrısı bir əsrə bəsdir.

N.Həsənzadənin mahnıları, şer və poemaları nəzmlə yazdığı pyesləri dillər əzbəridir.

N.Həsənzadə öz sevgisinə əbədi sadiq olan bir insandır. O, vaxtsız dünyadan köçən ömür-gün yoldaşı Sara xanımı heç vaxt unutmur. Bu ayrılığa, əbədi itgiyə onlarla şer yazıb.

Gül gətirdim, çiçək qoydum üstünə,

Gül sənindi, yer sənindi, sən mənim…

Yaxud:

Nə deyim, sağ olsun heykəltaraşı,

Gör necə düz verib o gözü, qaşı.

Saçları örpəyinin altından çıxıb,

Tək nəfəs verməyi yadından çıxıb…

Böyük məhəbbət, ilahi sevgi əbədi ayrılıqdan sonra da əbədi qalan, daima közərəndir… Bunlar isə N.Həsənzadə kimi mərdanə insanlara xas olan bir duyğudur…

Son illər Nəriman müəllim çox məhsuldar işləyib. Lap gənclik ehtirası ilə bir-birinin ardınca şeirlər kitabları, “Tariximiz, taleyimiz” adlı toplu hazırlayıb nəşr etdirib. Bu kitabda şairin müxtəlif vaxtlarda yazdığı məqalələr, resenziyalar, düşüncələr toplanıb.

N.Həsənzadənin geniş fəaliyyətində tədqiqatçılıq, müəllimlik fəaliyyəti də mühüm yer tutur. Uzun illər Bakı Dövlət Universitetində estetikadan mühazirələr oxumuşdur. Neçə illərdir o akademik Arif Paşayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Milli Aviasiya Akademiyasında humanitar fənlər kafedrasına başçılıq edir.

Nəriman müəllim çox ağır və olduqca mürəkkəb tədqiqatın nəticəsi olan “Kulturologiya” dərsliyini yazıb nəşr etdirmişdir. Kulturologiya elmi bu gün dünyada aparıcı elm sahələrindən biridir. Yeri gəlmişkən deyək ki, kulturologiya təkcə mədəniyyəti, incəsənəti deyil, bütövlükdə ictimai-siyasi həyatın bütün sahələrini, bir sözlə, insan fəaliyyətini əhatə edir. Nəriman müəllim bu sahədəki boşluğu özünəməxsus tərzdə doldurmağa çalışmış və müvəffəq olmuşdur. Bu kitabın üstün cəhəti ondadır ki, müəllif onu dünya mədəniyyəti kondesində yazmış, Azərbaycan mədəniyyətini Şərq və Qərb mədəniyyətinin ayrılmaz hissəsi kimi vermişdir. Öz kitabını Nəriman müəllim böyük alim, akademik Arif Mir Calal oğlu Paşayevə ithaf etmişdir.

Son illərdə Nəriman müəllim bir-birinin ardınca “Poylu – beşiyim mənim”, “Nizami”, “Nuru Paşa” adlı poema əsərləri yazıb nəşr etdirmişdir.

Şairin “Nizami” poeması da maraqlı, yeni sujet xətti ilə seçilir. Poema müasir ədəbiyyatşünaslığımızın görkəmli nümayəndəsi, akademik Nizami Cəfərova həsr olunmuşdur. Müəllif özü bu barədə belə deyir: “Bu əsərin maraqlı yaranma tarixi var. Gənc dostum Nizami Cəfərovun 40 yaşı tamam olurdu. Məni dəvət etmişdi. Bir şeirlə getmək istədim. İlk gəncliyindən ürəyimdə ayrıca yeri, bənzərsiz gülüşləri olan bu insanın həyatı çox da nikbin keçməyib. Mərhum atası doğma torpaqlarından zorla deportasiya edilənlərdən olub.”

N.Həsənzadənin tariximizi yüksək səviyyədə bilməsi ona bir çox samballı pyes və poemaların yaranmasında kömək olmuşdur. “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Qoy bütün Şərq eşitsin” pyesləri, “Simurq quşu”, “Nəriman”, “Qafqaz” və s. poemaları bədii-tarixi əsərlərdir.

Şair bu yaxınlarda bu siyahını bir qədər də zənginləşdirdi. “Nuru Paşa” poeması Azərbaycanın müstəqilliyi dövründə yazıldı. Müstəqilliyimizin qazanılmasında canları hesabına fədakarlıq göstərmiş hər kəs bizim üçün və tariximiz üçün müqəddəs sayılmalıdır. Belə tarixi şəxsiyyətlərdən biri də ötən əsrin əvvəllərində Qafqaz İslam Ordusunun Komandanı, Osmanlı Ordusunun general-leytenantı Nuru Paşa olmuşdur. 1918-ci ilin sentyabrında Bakının rus-erməni, menşevik və bolşevik ünsürlərindən təmizlənməsində və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Bakıya köçməsini silah gücünə həyata keçirilməsində Nuru Paşanın fədakarlığı və qəhrəmanlığı ölçüyə gəlməzdir.

N.Həsənzadə həm də irfani şairdir. Onun “Seyid Nigari türbəsi” poeması buna bariz sübutdur. Bu da bir həqiqətdir ki, bizim söz bahadırlarımız – Ulu Nizami, Nəsimi, Füzuli və i.a. irfani şairlər olmuşlar… Poemada dövrünün mürşüdü olmuş Seyid Nigarinin həyatı və fəaliyyəti yüksək təfəkkür işığında təsvir olunmuşdur.

Nəriman müəllim həm də yaxşı atadır, əvəzsiz babadır,  övladları Xatirəyə və Nazimə təkcə ata yox, əsl sirdaş və rəfiqdir, nəvələrini dünyalar qədər sevir.

Yenə deyirəm, N.Həsənzadə yaradıcılığı haqqında çox deyilib və bundan sonra da deyiləcəkdir. Əziz dostumun lirik dünyası, təfəkkür asimanı ümmandır və heç vaxt tükənən deyil. Mənsə, bu gözəl, böyük şairdən bir insan kimi söhbət açdım. Təbii ki, onun haqqında mən günlərlə danışa bilərəm. İndisə şair dostuma deyirəm: Nəriman müəllim, 80-90 nədir ki… Sənin bəşəri poeziyan min illər boyu Azərbaycan poeziya kəhkəşanında ən parlaq ulduzlardan biri olacaqdır. Bu günsə şair, durma, yaz! O çağlayan ilhamınla söz mülkünü ucaltmaqda davam et. Özün yaxşı demisən:

Bir insan ömrünü girov qoymuşam,

Bir şair ömrünü yaşatmaq üçün.

Bu şair ömrü isə xalqımızın, dilimizin varlığı qədər var olacaqdır. Ona görə ki, Nəriman Həsənzadə təkcə bu günün deyil, həm də gələcəyin söz bahadırlarındandır.

Ötən il mayın 10-da  – Müstəqil Azərbaycan Respublikasının memarı Heydər Əliyevin doğum günündə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Nəriman Həsənzadəyə ölkəmizin Ali mükafatı – “Heydər Əliyev Mükafatı” verildi. Bu mükafat təkcə Nəriman Həsənzadəyə deyil, bütün Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına göstərilən qiymətdir. Onu da qeyd edək ki, “Heydər Əliyev Mükafatı” şairlərdən ilk olaraq Nəriman müəllimə verilmişdir…

Nəriman Həsənzadə xalqın vətənpərvər şair oğlu kimi yeri gələndə, zamanında qələmini süngüyə çevirən sənətkardır. Azərbaycan xalqının şərəf və ləyaqətini, milli qürurunu özünə qaytaran Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə 2020-ci ilin 27 sentyabrında başlanmış İkinci Vətən müharibəsinin ilk günündən müzəffər ordumuzla bir sırada şair Nəriman da öz qələmi ilə 44 günlük müharibənin son gününə kimi yağı düşmənlə var qüvvəsi ilə vuruşdu. Onun müharibə dövründə xeyli müddət xəstəhal olduğuna baxmayaraq yazıb və dövrü mətbuatda dərc etdirdiyi odlu, alovlu, qələbəyə çağırış, qələbəyə inam, düşmənə nifrət dolu şeirləri təkcə arxa cəbhədə yox, döyüş səngərlərində də böyük əks-səda doğurdu.

Şairin noyabr-dekabr aylarında gecəni-gündüzə qatıb yazdığı “Qarabağ Azərbaycandır – Qarabağnaməm-İlham” poeması öz siqləti, əhatə dairəsi, ən ümdəsisə, günümüzlə səsləşdiyinə görə geniş maraq doğurmuşdur. Poema “Azərbaycan” qəzetində dərc olunmuşdur. Poemada ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin parlaq, dolğun obrazı yaradılmışdır. Əsərdə Müzəffər Ali Baş Komandanın sarsılmaz qətiyyəti, hərb tarixini mükəmməl bilməsi, hər gün ordumuzun zəfər yürüşünü, bir-bir kənd və şəhərlərimizin düşməndən azad olunması xəbərini sevinclə xalqa çatdırması obrazlı və poetik ifadələrlə verilməsi şairin yeni uğuru sayıla bilər. Onu da deyək ki, poemada cənab İlham Əliyev təkcə Prezident, Baş Komandan kimi yox, həm də Milli Qəhrəman kimi tərənnüm olunmuşdur. Bu, doğrudan da belədir, bütün dünya azərbaycanlıları cənab İlham Əliyevi belə qiymətləndirir. Sanki Böyük şair xalqın qəlbindəki duyğuları duyaraq belə şedevr yaratmışdır…

Sonda isə Böyük şairimizi yubileyi münasibətilə təbrik edərək deyirəm: Qələmin həmişə işləsin!

Musa Quluzadə,

Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru,
tarix elmləri doktoru, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Əməkdar müəllim

Daha çox xəbərlər