Cəmiyyət 

Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzindən – REPORTAJ

Dekabrın 26-da Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə (“Qaynar Xətt” xidməti) mediatur keçirilib.

ARANTV.AZ xəbər verir ki, həftənin beş günü – 09:00-18:00 aralığında vətəndaşlara fasiləsiz xidmət edən qurumlar Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Vətəndaşların qəbulu mərkəzinin rəhbəri Samir Paşayev yeniliklər olduqca müraciətlərin çoxaldığını bildirib. O qeyd edib ki, 2014-cü ildə təşkil olunan yenidənqurma nəticəsində köhnə üsul – bir nəfərin bütün zəngləri cavablandırması növbəli sistemlə əvəz olunub:

“Əvvəllər fiziki olaraq sənədlər qəbul olunurdu, indi isə tələbələr saytda göstərilən sənədləri elektron şəkildə təqdim edərək cavab alırlar. Tələbələrin ölkədaxili universitet dəyişmələri və digər bir sıra prosedurlar elektron formaya keçirilib.

Gələcəkdə bütün sahələr üzrə vətəndaşların müraciətlərinin elektron formaya keçirilməsi, insanların məsafə qət etmədən elektron qaydada müraciət etməsi, təhsil sahəsində olan bütün yenilik və islahatların şəffaflaşdırılması və hər kəsin bunlardan xəbərdar olması planlaşdırılır”.

Telefon məlumat mərkəzində çalışan Xədicə Bayramova hazırda tələbələrin transferi ilə bağlı sualların aktual olduğunu deyib:

“Valideynlər buraxılış imtahanının gedişatı ilə bağlı soruşurlar. Dekabr ayında tələbələrin transferi – köçürülməsi aktualdır. Fevraldan məktəblərə qəbul başlayacaq, müraciətlər daha çox bununla bağlı olacaq. Müraciətlərin çoxu yerində cavablandırılır, şikayətləri qeydə alıb vətəndaşları yönləndirib qəbula yazırıq”.

Telefon məlumat mərkəzinin mütəxəssisi Azər Məhərrəmov müraciətlərin xarici ölkələrdə təhsil alan vətəndaşların diplom təsdiqləri, birinci sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin bağlanması ilə bağlı olduğunu bildirib.

Telefon Məlumat Mərkəzinin rəhbəri Natavan Əsgərova qurumun aktiv cavablandırma ilə xarakterik olduğunu deyib. Onun sözlərinə görə, gündəlik statistikalar nəticəsində cavablandırılmış zənglərin itirilən zənglərdən daha çox olması məlum olub.

Qeyd edək ki, 2018-ci ilin 11 ayı ərzində Vətəndaşların Qəbulu Mərkəzi 36541 vətəndaş, Telefon Məlumat Mərkəzi 176472 zəng qəbul edib.

Üç ildir burada çalışan Elçin Qasımov kimi fiziki məhdudiyyətli işçilərin işləməsi həyata keçirilən sosial layihələrin görünən hissəsidir. Mərkəzdə bu cür fəaliyyət göstərən bir neçə işçi var. İş yerində əlil arabasında olan işçilərin rahat hərəkəti üçün hər cür şərait yaradılıb.

oxu.az

Daha çox xəbərlər