Cəmiyyət 

Müvafiq dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib

ARANTV.AZ xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar müvafiq dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib.

Bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonlar şəbəkədən açılmayacaq, eləcə də daxil olan müraciətlərlə bağlı operativ tədbir görüləcək. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı təmin edilməsinə dair tabeli qurumlara tapşırıqlar verib.

Şəhərlərarası nəqliyyat sistemi də gücləndirilmiş iş rejiminə keçib. Bakı Beynəlxalq Avtovağzal Kompleksində zəruri tələbatı ödəmək üçün bayram ərəfəsində və günlərində marşruta buraxılacaq avtobusların sayı artırılıb. Adi günlərdə 300-340 avtobusla 7 min sərnişin daşınırsa, bayram günlərində  600 avtobusla 16 min sərnişinin daşınması gözlənilir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi də bu günlərdə fasiləsiz iş rejimində işləyəcək. Bayram günlərində adətən şimal istiqamətinə sərnişin axını çox olur. Ona görə də Gəncə-Qazax və Balakən istiqmətlərində hərəkət edən qatarlara, o cümlədən Gürcüstanın paytaxtı Tbilisiyə gedən qatarlara əlavə vaqonların qoşulması nəzərdə tutulub.

Bayram günlərində ”Azərsu”ASC-i isə əhaliyə içməli suyun verilməsində fasilələrin olmaması və qəzaların baş verməməsi üçün bütün zəruri tədbirlər görüb. Bütün yerli qurumlarda xüsusi qruplar yaradılıb. Bu qruplar baş verə biləcək hər hansı bir qəzanı ən qısa vaxtda aradan qaldıracaq.

Əhalinin qazla təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə SOCAR-in “Azəriqaz” İstehsalat Birliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir. Gün ərzində fasiləsiz işləyən 185 və 104 “Çağrı Mərkəzləri”nin fəaliyyəti gücləndiriləcək, eləcə də Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində, həmçinin xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

”Azərişiq” ASC-dən isə bildiriblər ki, bayram günlərində əhaliyə davamlı elektrik elektrik enerjisinin verilməsi üçün bütün zəruri tədbirlər görülüb.

“Azəristiliktəchizat” ASC–nin də bütün qurumları gücləndirilmiş iş rejimində çalışacaq.Bununla bağlı Cəmiyyətin rəhbər şəxslərindən ibarət növbətçilik cədvəli təşkil edilib.Paytaxtın 12 rayonunda və digər mərkəzi şəhərlərdə operativ qruplar yaradılıb.Baş verə biləcək qəzaların qarşısını operativ şəkildə almaq üçün qəza xidməti qruplarına əlavə texnika və canlı qüvvə cəlb edilib.Sakinlər tərəfindən müraciətlərin operativ araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədi ilə “Azəristiliktəchizat” ASC tərəfindən 956 saylı “Qaynar xətt”i də fəaliyyətdədir.

Daha çox xəbərlər