Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cocuq Mərcanlıda bayram tədbiri keçirilib
ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, yenidən bərpa edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edən qonaqlar sonra Cocuq Mərcanlıya gələrək orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, “Qayıdış” parkı, məscidlə tanış oldular. Məktəbə kitablar hədiyyə edildi. Klub-icma mərkəzində keçirilən bayram tədbirində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov xatırlatdı ki, Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirilib, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, “Qayıdış” parkı inşa edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət QəhrəmanovaCocuq Mərcanlıya qayıdışın mühüm hadisə olduğunu bildirdi. Dedi ki, cocuq mərcanlılıların 24 illik köçkünlük həyatından sonra doğma kəndlərinə qayıtmaları qəhrəmanlıq salnaməsidir, torpağa bağlılığın parlaq nümunəsidir.
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva da kənd sakinlərini uzun illərdən sonra doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik etdi. O, Cocuq Mərcanlıda dövlət tərəfindən yaradılan şəraitdən, həyata keçirilən layihələrdən və cocuq mərcanlılıların öz doğma kəndlərində firavan həyatından məmnunluğunu ifadə edərək, bunu vətənpərvərlik, fədakarlıq nümunəsi adlandırdı.
Prezident Katibliyinin rəisi – Prezidentin köməkçisi, professor Dilarə Seyidzadə Cocuq Mərcanlı sakinlərini, uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi, xoş arzularını çatdırdı. Dilarə Seyidzadə xatırlatdı ki, hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə bütün qaçqın düşərgələrində olub, məcburi köçkünlərin çətin şəraitini görüb. “Biz qadınlar Cocuq Mərcanlıda yaradılan gözəl şəraitə görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Burada arıçılıqla, əkinçiliklə məşğul olursunuz, sakit yaşayırsınız. Dövlət başçısı hər bir azərbaycanlının qayğısına qalır, hamının firavan yaşamasına çalışır. Sitatın sonu. Tədbirdə çıxış edən sakinlər Prezident İlham Əliyevə sosial problemlərinin həllinə göstərdiyi həssas münasibətə görə minnətdarlıqlarını bildirdilər. Cocuq Mərcanlıda yaşayan ailələrə və uşaqlara bayram sovqatları verildi. Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə təqdim olunan bədii proqram xoş ovqat yaratdı.

