Sosial 

Gözlərimizi zərərli şüalardan necə qoruyaq?

Dünya əhalisinin əksəriyyəti göz zəifliyindən əziyyət çəkir. Həkimlər bu mövzuda yeni texnologiyaları günahlandırmaqda heç də haqsız deyillər.

Kompüterdən  tutmuş telefonlara qədər hər bir modern əşya gözlərimizə düşmən kəsilib.

Göz həkimləri kompüterdən istifadəni göz xəstəliklərinin birinci səbəbi kimi göstərir. Gözlərdə quruluq, yanma, qızarma və baş ağrısı kimi simptomlar xəstəliyin əlamətlərindən sayılır.

Kompüter niyə gözlərə pis təsir edir?

Gözlərimiz anatomik olaraq görmə baxımından hərəkət etməyə və uzaqlığa görə kiçilib-böyüməyə hazır yaradılıb. Monitor arxasında 6-7 saat vaxt keçirən insanın gözləri bu imkanlardan istifadə etmir. Çünki gözləri tək bir nöqtəyə zillənir və nəticədə göz yorulur.

Gözlərin sağlamlığını qoruya bilməsi üçün göz qırpmaq çox vacibdir. Kompüter arxasında oturanda isə onları çox gec-gec qırpırıq. Buna görə gözlərdə quruluq yaranır. Göz yorğunluğu və quruluğunun səbəbi budur.

Digər bir faktorsa kompüterin ekranındakı görüntülərin real həyatdan fərqliliyidir. Ən yaxşı ekran olsa belə, gözün xarakterindən asılı olaraq real görüntülərin yerini vermir. Bundan başqa, radiasiya da gözün işləmə prinsipinə maneə yaradan təsirlərdəndir.

Bəs bu təsirləri necə minimuma endirmək olar?

Həkimlərin ilk məsləhəti gözlərə istirahətin verilməsi ilə bağlıdır. Ekran qarşısında oturduğunuz hər saatın əvvəlində gözlərinizi bağlayaraq 10 dəqiqəlik fasilə verin. Hətta pəncərədən baxmaq belə gözün normal işləmə mexanizminə qayıtmasını təmin edir.

Ekranın yeri və qoyulma forması da gözləriniz üçün çox vacibdir. Çalışın ki, ekran dik formada, yəni sizə paralel olsun.

Monitorlar üçün filtr şüşələr gözlərə zərər verən ultrabənövşəyi şüaların qarşısını alır. Bu məhsullardan istifadə çox faydalıdır.

Linza taxırsınızsa, gözləriniz daha tez quruyacaq. Bunun qarşısını isə göz damcıları ilə almaq olar. Həkiminizlə məsləhətləşərək göz damcılarından istifadə edə bilərsiniz.

A, B2, E və C vitaminləri, kalsium gözlərin sağlamlığı üçün çox vacibdir. Bundan başqa, kök, pendir, balıq və dənəli meyvələr də gözə çox xeyirlidir. Xüsusilə payız və qış aylarında təzə sıxılmış meyvə, tərəvəz şirələrinə üstünlük verin.

Daha çox xəbərlər