Siyasət 

Xocalı faciəsini törədən erməni cəlladlarının məhkəmə qarşısında cavab verəcəyi gün uzaqda deyil

Hər bir bəyanatını reallığa çevirən, 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində  Azərbaycan xalqı  bunun da  şahidi olacaq

Sentyabrın 27-dən başlanan və  44 gün davam edən İkinci Qarabağ müharibəsində Zəfərimiz  30 ilin işğalına,  nisgilinə, torpaq həsrətinə son qoyub  haqqı, ədaləti bərpa etməklə yanaşı, bəşər tarixində görünməmiş dəhşətləri ilə yadda qalan Xatın, Sonqmi, Ruanda kimi soyqırımların təkrarı olan Xocalı faciəsi qurbanlarının da qisasını aldı.  Xalqımız tam əmin idi  ki, dövlətimizin qətiyyətli mövqeyi, ordumuzun gücü, qüdrəti sayəsində uğurla həyata keçirilən  əks-hücum əməliyyatları otuz ildən artıq davam edən   işğala son qoyacaq! Ədalətsizliyə son qoyacaq!   Bu əks-hücum əməliyyatı, eyni zamanda, insanlarda Vətənə bağlılığı, illərdən  bəri işğal altında olan torpaqlarımızın azad olunması arzularının reallaşması, gerçəkləşməsi idi.

“Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir: « Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.»

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının nə qədər böyük, məğrur, yenilməz olduğunu dünyaya bir daha təqdim etdi.  Birliyimiz, həmrəyliyimiz qarşıya qoyduğumuz bütün hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Azərbaycanın 44 günlük müharibədə dünyaya təqdim etdiyi “dəmir yumruq” əməliyyatı bu gün beynəlxalq ekspertlər tərəfindən təhlil edilir, öyrənilir, ölkəmizin bu sahədə də təcrübəsi nümunə göstərilir. Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı.
Azərbaycan xalqı bundan sonra da 44 günlük Vətən müharibəsində qəti siyasi iradəsini nümayiş etdirərək bütün təzyiqlərə mərdanə şəkildə sinə gərən,  öz prinsipial mövqeyindən dönməyib Zəfərimizə imza atan  ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşəcək,  hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək, ölkəmizin həyatında başlanan yeni quruculuq, bərpa dövrü üçün müəyyənləşdirilən prioritetlərin gerçəkləşməsinə töhfələrini verəcək.

İkinci Qarabağ müharibəsi Azərbaycanın illərdən bəri necə vəhşi ilə üz-üzə dayandığını bir daha dünyaya göstərdi. Beynəlxalq birlik bu həqiqətləri olduğu kimi görüb, düzgün dəyərləndirməlidir. Mənfur qonşularımızın işğal etdikləri ərazilərimizdə törətdikləri vandalizm aktları ölçüyəgəlməzdir. Bütün evlər, infrastruktur, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib.  Mədəni irsin məhvi xalqın özünəməxsusluğunu, keçmişini, gələcəyini şübhə altına almaqdır.  Ermənilərin tarixi abidələrimizi dağıtmaları, izlərini tamamilə itirmək cəhdləri də bu məqsədə xidmət edirdi. Amma unutdular ki, nə qədər cəhd göstərsələr də hər biri tariximizin şahidi olan abidələrimizi susdurmaq, özününküləşdirmək mümkün olmayacaq. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri çərçivəsində tarixi abidələrimizin, məscidlərimizin qarşısından işğalçı Ermənistana və dünyaya ünvanladığı mesajlar ciddi  dərsdır.

Ağdam məscidinin qarşısında çıxışında bununla bağlı birmənalı və qətiyyətli mövqe­yini bildirmişdir: “Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil.” Ölkə Prezidenti, həmçinin bu mesajı da ünvanlayır ki, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın.

44 günlük müharibədə Qələbəmiz dünyada yaşananların aydın mənzərəsini ortaya qoydu. Bu baxımdan ki, Azərbaycana münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyünü diktə etməyə çalışan dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların reallıqda Ermənistana əlavə  vaxt qazandırmaq, öz maraqlarını yerinə yetirmək üçün bu cəhdləri etdikləri açıqlandı, həmçinin ədalət meyarına necə əməl edildiyi onların timsalında aydın göründü. Yenə də bütün diqqətlərin yönəldiyi, əsassız iradların söyləndiyi ünvan Azərbaycan, başına sığal çəkilən, beynəlxalq hüququn yoxluğunu xarici televiziya kanallarına müsahibələrində açıq-aşkar bəyan edib, amma heç bir təzyiqlə üzləşməyən Ermənistan oldu. Amma Zəfərimiz bu mənzərəni tamamilə dəyişdi. Azərbaycanın qalib, Ermənistanın məğlub  tərəf kimi diqqətdə olması həm işğalçı dövlətə, həm də 30 ilə yaxın müddətdə ona havadarlıq edib törətdiyi təxribatlara, terror aktlarına, vandalizmə göz yummaqla ona şərik olduqlarını  nümayiş etdirən dövlətlərə bu mesajı ünvanladı ki, yalan üzərində qurulan, saxtalaşdırılan  deyil, ədalətə, haqqa, faktlara, reallığa, ən əsası beynəlxalq hüququn prinsiplərinə əsaslanan tarixə sahib olan dövlət, xalq  qalib olur. Dövlətimizin başçısı İlham Əliyev xalqa bütün müraciətlərində bu məqamı xüsusi qeyd edir ki,  44 gün ərzində bütün dünya gördü ki, heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz.  Müharibənin ilk günlərində şərt qoymaq, hədələmək, şərləmək istəyən ölkələr, bəzi Qərb dövlətlərinin  nümayəndələri sərt cavabını  aldılar: “Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə. Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz.”

Sual olunur, bu gün işğaldan azad edilmiş ərazilərimizdə xristian məbədlərinin taleyindən narahatlıq keçirən dövlətlər bilə-bilə ki, Azərbaycan onları milli sərvəti kimi qoruyur, mühafizə edir, bəs ermənilərin məscidlərimizdə donuz saxlamalarına niyə  göz yumur? Bu, Azərbaycan xalqına, İslam dininə, ən əsası  demokratik dəyərlərə hörmətsizlik deyilmi? Dünyamın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların ədalət meyarını, beynəlxalq hüququn norma və prinsiplərini zamana və məkana görə tətbiq etmələrinin nəticəsidir ki, özlərinə qarşı inamsızlıq yaradır, dünyanın hüquq problemi yaşadığı barədə fikirlər formalaşdırırlar. Amma dövlətimizin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə ədalət, haqq, beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu təsdiqlədi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi ki, bu da dünyaya ciddi mesaj oldu.

44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələrinin Nikol Paşinyanın göstərişi ilə iki dəfə Gəncədə, Bərdədə, Tərtərdə və digər yaşayış məntəqələrində törətdikləri terror aktları XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının davamıdır. Dünya  ermənilərin vəhşiliyinin bir daha şahidi olsa da, susmaqla işğalçıya dəstəklərini ifadə etdilər.

29 ildir ki, Azərbaycan dövləti Xocalı faciəsinin soyqırım kimi tanınması istiqamətində səylər göstərir. Xocalı faciəsi tariximizin qanlı səhifəsi kimi heç zaman unudulmur və unudulmayacaq. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə  bütöv bir şəhər yerlə yeksan edildi. 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürüldü. 487 sakin əlil oldu, 1257 Xocalı sakini ermənilər tərəfindən əsir alındı, tarixdə misli görünməmiş təhqirlərə, əzab-əziyyətlərə məruz qaldı. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları  kəsilmişdir. Bu, insanlığa sığmayan soyqırımı aktıdır.

Azərbaycana  qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Dövlətimizin uğurlu siyasəti nəticəsində  Xocalı faciəsinin soyqırım olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız vəziyyəti artıq dəyişmişdir. Bu əminlik də ifadə edilir ki,  gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəkdir.

Hər bir bəyanatını reallığa çevirən, 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində  Azərbaycan xalqı  bunun da  şahidi olacaq.

Daha çox xəbərlər