Cəmiyyət Region Xəbərləri 

Tərtərdə surğucu qırılmayan sayğaca müdaxilə olub deyə vətəndaşa cərimə yazılıb

Cərimə bildirişi Namazovlar ailəsinə gözləmədikləri halda təqdim olunub, necə deyərlər sürpriz ediblər

 

ARANTV.AZ xəbər verir ki, Tərtər rayonunun Ağkənd sakini Şükür Namazov Sputnik Azərbaycanın bölgə müxbirinə üzləşdikləri durum barədə məlumat verib. Bildirib ki, 2013-cü ildə Tərtər Rayon Elektrik Şəbəkəsinin baş mühəndisi Ələddin Əliyev onların sayğacına müdaxilə adı ilə akt tərtib edib. Ev sahibi Namazov Talıb və digər ailə üzvlərinin isə bu aktın necə yazılmasından xəbərləri belə olmayıb.Məsələni arşdırmağa görə yola çıxanda Ağkənddə yaraşıqlı, iki mərtəbəli, həyət qapısına, hasarına görə başqa evlərdən fərqli, yolqırağı bir mülkü göstərir Şükür bizə. “Ələddin Əliyevin evidi”- deyir. “ Kənddə çox adamın sayğacının surğucunu belə qırır, sonrada cərimə yazırlar. Belə yollarla var, dövlət yiyəsi olub. İkimərtəbəli evi , qapısında JEEP maşını, təmtəraqlı həyatı vəs.  Yolun qırağındakı, gördüyünüz bu evlərin də ikisinə cərimə yazmışdılar. Guya sayğaca müdaxilə ediblər. İmkanlı adamlardan bu yolla pul qopartmağa çalışırlar. Onların biri inşaat mühəndisi , digəri isə Azərsunda işləyirlər. Bakıda adamları var. Ona görə belələrinə bata bilmirlər. Mənim kimilərini isə incidirlər. İndi məndə bunlara göstərmək istəyirəm ki, mənimdə adamım prezidentimdir. Qoy görsünlər ki, məni kimiləri də yiyəsiz deyil”- deyə əlavə edir Şükür Namazov.

Şükür Namazov yolboyu  Ağkəndə gəlib, məskunlaşmalarından danışır:” 1988-ci ildə məlum hadisələr səbəbindən Ermənistanın Basarkeçər rayonundan 20-dək ailə buraya gəldik. Dövlət vəsaiti hesabına bizə ev tikib, verdilər. Əvvəllər qarşı yüksəkliklərdən ermənilər kəndi tez-tez atəşə tutur, dincliyimizə mane olurdular. Aprel döyüşləri vaxtı kəndin ermənilərə tərəf yerindən atəş nöqtələrini izləyirdim.Yer-göy titriyirdi.İndi yüksəkliklər artıq bizim ordunun nəzarətində olduğuna görə tam təhlükəsizliyimiz təmin olunub.Prezidentimizə, döyüşən əsgərlərimizə buna görə minnətdarıq. Bizə bu qələbəni bəxş eliyən, ancaq canından keçən şəhidlərimizin qarşısında baş əyirik.”

Namazovlar ailəsinin yaşadığı evə gəlib çıxırıq.Eyvanda bizi evin ağbirçəyi 80 yaşlı Ayulduz nənə “ qadanalım, xoş gəlmisiniz”-deyib, qarşılayır. İçəri daxil olanda isə çarpayıda illərdən bəri yataq xəstəsi olan evin ağsaqqalı Talıb Namazovu görürük. Yuxuda olduğundan salamlaşa bilmirik.Talıb kişinin yatağındakı yorğanın altından döşəmənin üstündəki balaca tibb tuluğuna bağlı şlank diqqətimizi çəkir.  Məlum olur ki, Talıb kişi həmişə bu tibb şlankına möhtacdı.

Necə yaşayırlar, güzəranları , dolanışıqlarından danışan Ayulduz nənə 170 manat özünün , elə o qədərdə həyat yoldaşının təqaüd aldığını deyir.Əmək veteranı olduqları halda onlara verilən pensiyanın qanuna görə düzgün təyin olunub, ya yox.  Pensiyanın az ya çox hesablandığını da  dəqiq bilmir. Sadəcə onlara verilən bu  pensiyaların ancaq ki, dərmanlarına xərcləndiyini, hərdən bu məbləğı belə ödəmədiyini deyir Ayulduz nənə. Həyat yoldaşının ancaq qatıq yediyini,ona görədə bir balalı inək saxladıqlarından xərcləri bir az da artıb. Ota, ələfə də xeyli pul xərcləməli olurlar ki, bu da ailənin sosial durumunu bir az da çətinləşdirir.Necə deyərlər inəyin hər gününə 8-10 manat tələb olunur.

Ayulduz nənə ilə söhbətdən məlum olur ki, həyat yoldaşı Talıb kişinin 85 yaşı var.1941-1945-ci il müharibəsinin  iştirakçısıdır.Əmək fəaliyyəti əsasən kolxozda çobançılıq olub.Əməklərinə əmək veteranı kimi dəyər də verilib. Sovet hökumətinin zəhmətkeş medal və döş nişanlarına layiq görülüblər.

Ayulduz nənənin dediklərindən məlum olur ki,  oğlu Şükür də  ailəsi ilə onlarla bir yerdə yaşayırlar. Şükür Namazov ailəsi barədə belə deyir:” Bir qız , iki oğlum var. Qızı köçürmüşəm.Oğlumun biri tələbədi,digəri isə özümlə fəhləlik edir. İş olanda gedib, işləyirik.”

Namazovlar ailəsi iki pensiyaçının aldığı məvacib, birdə Şükürün fəhləliklə zəhməti hesabına qazandığı gəlirlə dolanırlar.

Ailə ilə tanışlıqdan sonra əsas mətləbin üzərinə  gəlirik. Tərtər Elektrik Şəbəkənin onlara yazdığı cəriməni qanunsuz adlandırıb, buna özbaşınalıq adı veriblər:” Gözləmədiyimiz halda  2013-cü ildə 100 manat Tərtər Elektrik Şəbəkəsindən bizə cərimə kağızı gəldi. Guya biz sayğaca müdaxilə eləmişik. Məhkəməyə müraciət edəndə bizə Akt yazan Ələddin Əliyev və onunla birlikdə iki nəfəri hakim çağırdı. Məhkəmədə hakim surğucun sındırılması, sayğaca  müdaxilə olunmasını soruşdu. Şəbəkənin işçiləri müdaxilə olunmadığını bildirdilər.Hakim onlara dedi ki, gedin bu kişinin cəriməsini ləğv edin.Ələddin Əliyev və yanındakılar dedilər ki, gedirik, məsələni həll edəcəyik. Məhkəmədə şikayət ərizəsini geri götürdüm. Bir müddət cərimənin ödənilməsi barədə bizə heç nə deyilmədi. Fikirləşirdik yəqin məsələ həll olunub. Ələddin Əliyev  ötən il işindən azad edilən kimi cəriməni bizdən yenidən tələb etməyə başladılar. İcra Hakimiyyətində Xatirə xanımın qəbulunda oldum. Problemimi bildirəndə, mənə dedi ki, “100 manat pul nədiki get ödə. Bundan ötrü danışıq edirsən.”Bu pul onlardan ötrü ola bilsin ki, heç nədir.Amma mənim üçün böyük puldur”.- deyə vurğulyıb Şükür Namazov.

Şükür Namazov isə fikrində qətidir. Bildirir ki, əvvəla cərimə qanunsuz olaraq yazılıb.Çünki surğuc qırılmayıbsa sayğaca necə müdaxilə oluna bilər ki? Onun isə belə haqsızlığı qəbul eləmək fikri yoxdur. İkinci bir məqam isə ondan ibarətdir ki, onun haqsız olaraq yazılan 100 manatlıq cəriməni ödəmək imkanı da yoxdur.

Şükür Namazov məsələ ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya da məktub ünvanlayıb. Ümüd edir ki, şikayəti müsbət həll olunacaq.

Ağkənddən çıxanda kəndin adı yazılmış lövhəsinin şəklini çəkərkən iki üç sakin dominonu tərgidib, bizə  yaxınlaşırlar. Birinci yaxınlaşan adam çəkilişimizin məqsədini, kimliyimizi, hardan gəldiyimizi soruşur.Bir anlıq nə deyəcəyimizi fikirləşirik. Ağkəndə gəlişimiz doğrudanmı kimlərisə narahat edib.Şükürü göstərib , onların qonağı olduğumuz bildirəndən sonra bizi sorğu-suala tutan şəxs “yoxlamasına” haqq qazandırmağa başlayır.Guyakı cəbhə bölgəsi olduğuna görə tanımadıqları adamların hamısından soruşurlar.Ayıq , sayıqlığın əlamətidir. Yol boyu kişinin hərəkəti də maraqlı göründüyündən, təhlil eləməyə çalışırıq. Məlum olur ki, bizi sorğu suala çəkən adamın adı Məhərrəmdir. İşi də kəndə gəlib, gedənləri güdməkdir.

Tərtər Elektrik Şəbəkəsinin rəisi Zülfü Salahov bildirib ki, onlardan əvvəl olduğuna görə məsəliyə qarışmır. “ Vətəndaş əgər cərimənin yazılmasını düzgün hesab eləmirsə məhkəməyə müraciət edə bilər. Bundan sonrası məhkəmə araşdırması aparılmalıdır.Belə olarsa kimin haqlı olduğu aydınlaşar”- deyib Z. Salahov.

 

Daha çox xəbərlər