Vahid jurnalist vəsiqəsi kimə və necə verilsin? Cahangir Məmmədlinin TƏKLİFLƏRİ
“Cənab Prezdentimiz bütün istiqamətləri diqqətdə saxladığı kimi, mediamızın da, azad sözümüzün də daha da inkişaf etdirilməsini daim diqqətdə saxlayır. Uzun müddət fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət dəstəyi Fondu da elə bu məqsədlə yaradılmışdı. Əgər, bu gün dövlət başçısı həmin təşkilatın varisliyi fonunda yeni bir qurum yaradırsa, bunun daha mükəmməl və səmərəli fəaliyyətə əsaslan bir Agentlik olacağını düşünürəm. Agentliyin yaradılmasını milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı saymaq olar. Təbii ki, bundan sonra yeni yaradılan qurum informasiya mühitinin formalaşması işində xüsusi missiya yerinə yetirəcək. Bu səbəbdən yeni qurumun çoxşaxəli fəaliyyətində informasiya təhlükəsizliyimizə böyük töhfələr verəcəyi şübhə doğurmur.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli söyləyib.
C.Məmmədli qeyd edib ki, Medianın İnkişafı Agentliyi Azərbaycan Prezidentinin ölkədə azad sözün, azad mətbuatın daha da təkmilləşməsi istəyinin nəticəsidir: “Bu agentlik KİVDF-dən fərqli olaraq daha geniş perspektivlidir. Agentlik Media haqqında yeni qanun hazırlayır. Bu qanun bütövlükdə media sistemini əhatə edəcək və media azadlığını təkmilləşdirəcək. Məmur-jurnalist münasibətinə diqqət yetiriləcək. Agentlik jurnalist peşəkarlığını öz təlimləri ilə daha inkişaf etdirəcək, media qurumlarına biznes mühiti yaradacaq, bu sahədə rəqabət prinsipini əsas tutacaq və s. Medianın İnkişafı Agentliyi aşağıdakı problemləri həll etməyə çalışmalıdır: Beynəlxalq aləmdə yüksək bəyəniləcək qanun hazırlanmalıdır. Jurnalist peşəkarlığının artırılması üçün medianın nəzəri və praktik sahələrində mükəmməl fəaliyyəti olan praktik jurnalistlərdən ibarət təlimçi qurupu təşkil etməli, jurnalistikanın yaradıcılıq prinsiplərini, etik normaları, mediaya məmur etinasızlığının həlli yollarını göstərməli, yaradıcılıq müsabiqələrində mövzu göstərişi verməməli, media qurumlarının texniki təchizat problemlərinin həllinə kömək etməlidir.”
Həmsöhbətimiz vahid jurnalist vəsiqələri verilməsinin aktual məsələ olduğunu bildirdi: “Vahid media vəsiqəsi peşəkar, savadlı, ciddi jurnalisti təsadüfi şəxslərdən, ictimai marağı deyil, öz şəxsi marağını güdən jurnalistlərdən fərqləndirilməlidir, jurnalist vəsiqəsi ciddi nəzarət altında olmalıdır. Əsl jurnalisti gözdən salanlara imkan verilməməlidir. Medianın İnkişafı Agentliyi bu nəzarəti həyata keçirə bilər. Milli mətbuat vəsiqələri hər hansı bir media qurumunda ən azı 5 il stajı olan, ali təhsilli, yazıları ilə sınanmış jurnalistə verilməlidir. Hətta belə vəsiqənin verilməsi nəzərdə tutulan jurnalist üçün, ictimai rəydə yüksək yeri olan hansısa jurnalist rəy versə yaxşı olar. Vəsiqələr əsl, peşəkar jurnalisti qeyri-peşəkardan, bəzi “qəzet”, “sayt” rəhbərlərinin 50-60 nəfərə verdiyi adi kağızlardan fərqləndirəcək. Məsələ bundadır ki, belə vəsiqəni zəruri hesab etməyənlər isə öz redaksiyalarının ucdantutma vəsiqələrinin sıradan çıxacağına görə narahatdırlar.”
Professor vurğulayıb ki, dünya təcrübəsində bu ənənə var. Azərbaycanda gəldikdə isə hər bir jurnalist əvvəlcə özünün redaksiya tərəfindən verilən vəsiqəsini göstərir və tam əmin olduqdan sonra onunla əmədaşlıq edirlər. Ona görə də jurnalist vəsiqələri vacibdir. Ondan imtina etmək olmaz. Amma bizdə kimə gəldi vəsiqə verirlər deyə, jurnalistika və jurnalistlər hörmətdən düşürlər. Ona görə də mən çox istəyərdim ki, jurnalistika öz dəyərini qaldırsın. Jurnalistikanın son dərəcə ciddi bir peşə olduğu ilə bağlı cəmiyyətdə dəqiq bir qərar müəyyənləşdirilsin ki, hər adamı məmurun üstünə göndərmək olmaz. Məmurla sırf peşəkar jurnalist danışmalıdır. Ona görə də jurnalist redaksiyada formalaşmalıdır. Daha sonra ona vəsiqə verilməlidir.
Cahangir Məmmədli əlavə edib ki, vəsiqə verilərkən nəzərə alınmalı vacib məqamlar var. Jurnalistin peşəkarlıq keyfiyyəti olmalıdır. Redaksiyada müəyyən bir staj dövrü keçməlidir. Media qurumunda görünməlidir, tanınmalıdır. Hətta jurnalistika fakültəsini bitirmiş olsa belə, o media qurumunda praktik cəhətdən formalaşmalıdır. Ümumiyyətlə, çox gözəl olar ki, mütləq ali təhsili olsun. Bir əlavəm də ondan ibarətdir ki, hər hansı bir media qurumunun dövlətçiliyə, Azərbaycançılığa, milli maraqlara xidmət etməsi üçün mütləq media qurumunun rəhbəri jurnalistika ixtisası üzrə ali təhsili olmuş olsa, sadaladığım prinsiplər mütləq həmin qurumda yerinə yetirilər. Hər yoldan ötənə də jurnlaistika vəsiqəsi vemək olmaz.

