Erkən nikahlar və onların fəsadları
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Rasilə Arifqızının, komissiya üzvlərinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyevanın, eləcə də rayon ümumtəhsil məktəb direktorlarının iştirakı ilə keçirilən video konfrans “Erkən nikahlar və onun fəsadları” mövzusuna həsr olunmuşdu. Onu da bildirim ki, cənub bölgəsi üçün aktual əhəmiyyət daşıyan tədbir Lənkəran Şəhər İcra Hakimiyyətin, Şəhər Təhsil Şöbəsinin birgə təşəbbüsü əsasında baş tutmuşdu.
Konfransın əsas hissəsi Rasilə Arifqızının dərin mətləbləri açıqlayan çıxışı ilə başlandı. Natiq uşaq hüquqları haqqında Beynəlxalq konvensiyalar, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verərək vurğuladı ki, erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin sağlam həyat tərzi ilə bağlı böyük problemlər yaranır. Həmçinin bu hallar
yeniyetmələri təhsildən də aralı salır. Yaranan fəsadlar hətta gələcəkdə cəmiyyətdə gedən inkişafa öz mənfi təsirini göstərə bilir. Natiq axırda bu neqativliyə son qoymağın yollarını göstərdi, tez-tez maarifləndirici tədbirlərin görməsinin vacibliyini söylədi.
Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva isə erkən nikah problemləri ilə bağlı aparılan araşdırmalar, problemin qarşısının alınması məqsədilə pandemiya şəraitində həyata keçirilən tədbirlər və mübarizə yolları barədə iştirakçılara ətraflı məlumat verdi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

