Davamlı sülh regionun inkişafını təmin edən amildir.
Bu günlərdə respublikamızın Prezidenti İlham Əliyev cənablarının yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransını yüz minlərlə ölkə vətəndaşı kimi mən də çox böyük həvəs və diqqətlə dinlədim. Prezidentimizin jurnalistlərin suallarına səlist və məntiqli cavabları hamımızı qürurlandırdı. Prezident İlham Əliyevin jurnalistlərin suallarına verdiyi cavablarda istər ölkənin daxili, istərsə də xarici münasibətlərdə olan mövqeyi, Qarabağın gələcək inkişaf perspektivləri çox gözəl, çox aydın açıqlanmışdır.
Qarabağ müharibəsinin səbəb və nəticələri haqqında söhbət açan prezidentimiz qeyd etmişdir ki, bu müharibə hər iki ölkəyə böyük ziyanlar vurmuş, xüsusilə Azərbaycanın 30 il ərzində işğal altında qalan torpaqlarında kənd və şəhərlərimiz dağıdılmış, bərbad hala salınmışdır. İndi işğaldan azad olmuş torpaqlarda bərpa və quruculuq işləri görülməkdədir. Qarabağda böyük iqtisadi layihələr həyata keçiriləcəkdir. İnşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaqdır. Bərpa işlərinin görülməsinə bütün tərəfdaş və maraq göstərən ölkələr cəlb olunacaqdır. Dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb olunacaq. Prezident qeyd etmişdir ki, irimiqyaslı layihələr böyük maliyyə vəsaiti tələb edir. Bu işlərin görülməsinə bir neçə milyard dollar xərclənəcəkdir.
-Bərpa işləri sistemli və planlı şəkildə aparılacaq. Şəhərlərin və kəndlərin baş planlarının tərtib edilməsi prosesi artıq başlanıb.
-30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum imkanlar yaradılacaqdır.
Prezident həmçinin mətbuat konfransında müharibə dövründə bizim haqq işimizə əvvəldən dəstək verən dost və qardaş ölkə olan Türkiyənin rəhbərliyinə göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirmiş və bu dəstəyin qələbə qazanmağımızdakı əvəzsiz rolundan da ətraflı söhbət açmışdır. O bildirmişdi ki, müharibə dövründə ilk günlərdən Türkiyə prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə onun yanındadır. Bu bir çoxları üçün mesaj oldu: kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. Türkiyə dünya miqyasında güc mərkəzi kimi bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır.
Xarici jurnalistlərin suallarını cavablandırarkən Prezident İlham Əliyev Azərbaycanın tarixən birgə yaşayış modelinin universal nümunə olmasından da geniş söhbət açmışdır.
-Bizim xalqlar sülh şəraitində yaşamalıdır. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır.
-Azərbaycanda yaşayan bütün xalqlar eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur.
Prezident jurnalistlərin suallarını cavablandıranda sülh şəraitində yaşamağın üstünlüklərindən də söhbət açaraq demişdir:
-Davamlı sülh regionun inkişafını təmin edən əsas amildir. Davamlı sülhə nail olmaq prioritet vəzifədir. Düşmənçilik səhifəsi çevrilməlidir. 10 noyabr tarixində imzalanmış bəyanat bunun üçün zəmin yaradır. İmzalanmış bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaq.
İradə Əsədova
Bərdə rayon, Yeni Daşkənd kənd orta məktəbinin müəllimi.

