Minalı əraziyə getmək ya ölümdür, ya da ömürlük şikəst olmaq
Təbii ki, dünyaya gəldiyimiz yurd, böyüyüb boya-başa çatdığımız doğma ocaq şirindir. Biz onlardan ayrı qala bilmirik. Otuz ilə yaxın əzablı həsrət bu həqiqəti bizə daha aydın şəkildə əyani olaraq anlatdı. Azərbaycan Ordusunun müzəffər yürüşü ilə erməni işğalı altında inləyən torpaqlarımız nəhayət, azad edildi. Lakin mənfur düşmənlərimiz torpaqlarımızın hər qarışını minalayaraq gediblər. Ona görə də dörd ay keçməsinə baxmayaraq hələ də minaları təmizləyib ərazilərimizi təhlükəsiz hala salmaq mümkün olmayıb. Məğlub ölkənin hərbi rəhbərliyi minalanmış sahələrin xəritəsini müxtəlif bəhanələr gətirərək bizə vermir. Təhlükəni nəzərə alaraq dövlətimiz xəbərdarlıq edib ki, mülki əhali minalardan təmizlənməmiş ərazilərə getməsin. Artıq neçənci dəfədir ki, icazəsiz səfər edənlər minaya düşərək ya həyatlarını itiriblər, ya da ömürlük şikəst həyatı yaşamalı olublar.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz olaraq, nəzarət postlarından kənar yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir. Bu günlərdə mina partlayışından Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin ayağının amputasiya olunması hamımızı məyus etdi. Onun icazəsi olsa da, Novruzlu kəndi ərazisində iş görmək üçün gedərkən belə bədbəxt hadisə baş vermişdir. Ancaq görünür bəziləri hətta belə hadisələrdən də nəticə çıxarmır, öz həyatlarını təhlükəyə atırlar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 3-ü gecə saat 4 radələrində polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 7 avtomobildə olan 11 nəfər saxlanılmış və aidiyyəti üzrə Füzuli Rayon Polis Şöbəsinə gətirilmişdir.
Araşdırmalarla onların Füzuli rayonunun Zobucuq qəsəbə sakinləri R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudov, N.Əmirov, C.Məmmədov, Z.Orucov, F.Alışov, A.Quliyev və S.Əsədov olmaları müəyyən edilib. Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.
Bir daha xatırladırıq ki, Azərbaycan və Türkiyə istehkamçıları və minatəmizləyənləri on minlərlə hektar ərazini təhlükəsiz vəziyyətə gətiriblər və bu iş fasiləsiz olaraq davam etdiriblər. Bu mühüm işdə bizə dost Pakistanın da mütəxəssisləri kömək edirlər.
Rusiya sülhməramlı kontingentinin humanitar mina təmizləmə bölüyünün şəxsi heyəti də Qarabağda ərazilərin partlayıcı predmetlərdən təmizlənməsi işlərini davam etdirir.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Göstərilir ki, minatəmizləmə əməliyyatı çərçivəsində Ağdərədə rusiyalı istehkamçılar tərəfindən 30-dan çox 152 millimetrlik qəlpəli-fuqas tipli artilleriya mərmisi zərərsizləşdirilib.
Ümumilikdə 2020-ci ilin noyabrın 23-dən bu günə kimi 1 548 hektar ərazi, 484 kilometr yol, 1 524 bina, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış sursatlardan təmizlənib, 24 994 partlayıcı predmet aşkar edilərək məhv edilib.
Hörmətli soydaşlarımıza məsləhət görürük ki, torpaqlarımız minalardan təmizlənməmiş oralara səfər etməsinlər, özlərini və doğmalarını müsibətə, məhrumiyyətlərə düçar etməsinlər. Yurda köçməyə lap az qalıb, doğma yurd həsrətinə otuz il dözmüşük, bir neçə ay da dözək.

