Peyvənddən sonra qidalanma rejimi
ARANTV.AZ bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Çoxlu tərəvəzlər qəbul edilməli və onunla yanaşı vitaminlərlə zəngin və mövsümə uyğun olaraq meyvələrdən istifadə edilməsi məqsədəuyğundur. Ət məhsulları, toyuq, balıq məhsulları və göyərtilər mütləq şəkildə rasiona daxil edilməli, xüsusilə tərkibində S vitamini olan qidalara üstünlük verilməlidir. D vitamini olan qidaların – göbələk, kərə yağı, yumurta, avokado və s. də qəbulu məsləhətdir”.
Kişmiş, kəvər, göy və qırmızı soğan, sarımsaq, brokkoli və gül kələmi də vitaminlərlə zəngin qidalardır. Peyvənd olunanların xüsusilə spirtli içkilərdən uzaq olması, fast-fud, şirniyyat və un məmulatlarından mümkün qədər az istifadə etməsi tövsiyə olunur.
“Yağlı, qızardılmış və qurudulmuş qida məhsullarının qəbulunu məhdudlaşdırmaq lazımdır. Qaynadılmış, buxarda bişirilmiş, kabab formasında olan məhsullardan rahat şəkildə istifadə etmək olar. Normal yuxu rejimi və stresdən uzaq olmaq da peyvənddən sonra yaxşı təsir göstərir”, – deyə həkim-diyetoloq bildirib.
Zülalların kifayət qədər qəbulu da əsas amillərdəndir. Bu baxımdan balıq, pendir, lobya, mərcimək, noxud və çərəzlərin yeyilməsi məsləhətdir. Orqanizmdə xəstəliklərin yaranmaması üçün gündəlik qidalanma normasını gözləmək və ona əməl etmək lazımdır.

