Vaksin ədalətsizliyi…
Dünyada COVID-19 pandemiyasının yayılmağa başladığı ilk günlərdən etibarən Azərbaycan hakimiyyəti əhəmiyyətli və sistemli tədbirlər görərək virusun ölkə ərazisində sürətlə yayılmasının qarşısını nəzərəçarpacaq dərəcədə aldı və hazırda ölkəmizdə virusa yoluxanların, onun qurbanına çevrilənlərin sayı dünya statistikasının çox aşağısındadır. Dünyanın üz-üzə qaldığı, ən qüdrətli hesab olunan dövlətlərin belə qarşısında duruş gətirə bilmədiyi bu virusun fəsadları ilə indiyə qədər ən ciddi mübarizə aparan ölkələr sırasında Azərbaycanın adı daim müsbət mənada fərqlənməkdədir.
Azərbaycanın koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstək verməsi, bütövlükdə, bu prosesə qoşulmaqla ortaya çox ciddi nəticələr qoyması bir daha təsdiq etdi ki, Prezident İlham Əliyevin pandemiyaya qarşı müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlib. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır. Ölkəmiz Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini almışdır. Ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanan bu vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib. Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ilk növbədə əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi sahəsində tədbirlər davam edir.
Bir məsələni xüsusi qeyd etməliyik ki, Azərbaycan bütün bunlarla yanaşı, ardıcıl olaraq dünyada peyvəndlərin ədalətsiz bölgüsünə qarşı etiraz səsini ucaldır. Bu yaxınlarda ölkəmizin başçısı yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirdiyi mətbuat konfransında yenidən bu məsələyə toxunaraq, vaksinlərin bölüşdürülməsi ilə bağlı ədalətsizliyə qarşı çıxıb. Dövlətimizin başçısı bir daha bildirib ki, zəngin ölkələr sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar. İnkişaf etmiş bəzi ölkələrin vaksinlərin bölgüsü ilə bağlı addımları bərabərlik, insan haqları, demokratiya kimi prinsiplərlə bir araya sığmır. Bir müddət əvvəl ölkəmizin başçısı Qoşulmama Hərəkatının sədri kimi sözügedən məsələni qlobal səviyyədə qaldırıb. Həmçinin ötən ilin dekabrında BMT Baş Assambleyasının COVID-19-a həsr edilən Xüsusi Sessiyasında peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdıran dövlətimizin başçısı zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün peyvəndlər almasını təklif edib.
Prezident İlham Əliyev 2021-ci il mart ayının 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı bir daha+ vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyib: “Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb. Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik. Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq. Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm”.
İnanmaq istərdik ki, bu məsələ ilə bağlı Azərbaycanın haqlı, prinsipial və ədalətli mövqeyi, humanist ideya və çağırışları beynəlxalq səviyyədə dəstəklənəcək, nəhayət ki, bu ağrılı, bəşəri problem qlobal səviyyədə öz həllini tapacaq.

