Gündəm 

Möhkəm təməl üzərində qurulan, zamanı qabaqlayan partiya

Ulu öndər Heydər Əliyevin ənənələrinə sadiqlik iqtidar partiyasının məqsəd və məramlarının əsasını təşkil edir

Tarixi hadisə olan Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayını  bir neçə cəhətdən fərqləndirən Prezident İlham Əliyevin geniş, əhatəli nitqi,  eyni zamanda, YAP-ın yarandığı dövrün ictimai-siyasi vəziyyətinə,  müstəqillik tariximizə baxış idi. Qurultayda partiyanın yaranma tarixi ilə bağlı  söylənilənlər də təsdiqləyir ki,   Azərbaycanın bu gün qazandığı uğurlar  ulu öndər Heydər Əliyevin yaratdığı YAP-ın adı ilə bağlıdır.  Naxçıvanda keçirilən təsis konfransından sonra yayılan, əsas şüarı «Müxalifət naminə müxalifət ola bilməz. Bizim prinsipimiz-konstruktivlikdir» olan bəyanatda  qeyd edildiyi  kimi,  partiyanın məqsəd və məramı dövlət müstəqilliyinin möhkəmləndirilməsi , ərazi bütövlüyünün bərpası,  sivilizasiyalı, demokratik, hüquqi dövlətin yaradılması, islahatların həyata keçirilməsi naminə  qüvvələri səfərbər etməkdir. Partiyanın yeni yaradılan ilk təşkilatlarındakı   çıxışlarında,  Azərbaycan ziyalılarının- «91-lər»in müraciətinə cavabında Ulu Öndər bildirirdi ki,   müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratik prinsiplərə və  siyasi plüralizmə nail olmaq üçün Yeni Azərbaycan  Partiyasının yaradılması obyektiv zərurətdən doğur: «Belə partiya  Azərbaycanın ictimai-siyasi həyatında  fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində  və inkişafında  tarixi rol oynaya bilər. Əgər belə  partiya  yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.»

Azərbaycana rəhbərliyi, YAP-a  Sədrliyi ilə varislik ənənəsinə sadiq qalan Prezident İlham Əliyev partiyanın VII qurultayında söylədiyi  «Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. O günləri, o ayları təsəvvür etmək üçün, bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir» sözlər  çətin şəraitdə yarandığına baxmayaraq qısa müddətdə  xalqın etimadını qazanaraq iqtidar partiyası kimi fəaliyyət göstərən YAP-ın keçdiyi yola da  nəzər idi.
O zaman xaos içərisində qalan xalqı düşündürən «Kim bu vəziyyəti dəyişdirəcəkdir» sualına qətiyyəti ilə cavab verən ulu öndər Heydər Əliyev YAP-nın ətrafında toplaşan insanlarla birlikdə  ölkəni  parçalanmaqdan, bölünməkdən, vətəndaş müharibəsindən xilas etdi.

Partiyanın II qurultayında  « Biz partiyanı yaradarkən heç də düşünmürdük ki,  qısa müddətdən sonra hakimiyyətə gələcəyik» söyləyən Ulu Öndər onu da bildirirdi ki,  partiyanın yaranması o dövrdə  xaos içərisində qalan ölkəmizin düşdüyü vəziyyətdən çıxması yollarını axtaranların istək və arzulardan yaranan ictimai zərurət idi. Ona görə də qısa bir zamanda böyük nüfuz qazanan partiya böyüdü və sıraları genişləndi.  Yarandığı gündən kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilən partiyanın sadiq insanlar hesabına möhkəmlənməsini qarşıya məqsəd qoyan  ulu öndər Heydər Əliyevin « Bizim partiyaya üzv olan adamlar, bizim partiyaya qoşulmaq istəyənlər, bizim partiyaya gələn adamlar ancaq və ancaq öz qəlbinin, öz zehninin hökmü ilə gəlməlidir, öz könlü ilə  gəlməlidir. Bilməlidir ki, bu partiya onun bütün arzu və istəklərinə  cavab verən partiyadır» sözləri bu gün də milyonların partiyası olan YAP-ın əsas ideyalarındandır.

Partiyanın yarandığı dövrdəki  ictimai-siyasi həyatı «O vaxt cəsarət və milli düşüncə göstərmiş, baxmayaraq ki, repressiyalara məruz qalmış vətənpərvər insanlar – məşhur «91-lər»” Ulu Öndərə müraciət ediblər. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt qanun yox idi. Kim nə istəyirdi, onu edirdi. Hüquq-mühafizə orqanları insanları əsassız həbs edirdilər, döyürdülər, canlı efirdə döyürdülər, söyürdülər. Tamamilə anarxiya, xaos, özbaşınalıq hökm sürürdü. Kimi istəyirdilər öldürürdülər, şikəst edirdilər, həbs edirdilər. Bax, bu idi o vaxt mövcud olan mənzərə. Senzuranı tətbiq etmişdir, guya ki, demokratik Xalq Cəbhəsi. Senzura o vaxt onlar tərəfindən tətbiq edilmişdir. O vaxt onlara qarşı bir söz deyəni tutub əzirdilər, döyürdülər, öldürürdülər. Nə üçün bəs Yeni Azərbaycan Partiyasının təsis qurultayı Naxçıvanda keçirildi? Bakıda imkan vermədilər. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi» sözləri ilə xarakterizə edən Prezident, YAP-ın Sədri  İlham Əliyevin  vurğuladığı kimi, daim inkişafda olan YAP eyni zamanda  əqidəsinə sadiq, xalqa xidmət naminə yorulmadan  çalışan mübarizlərin partiyasıdır.

Bu təşkilatda vahid qüvvə kimi birləşən gənclər, qadınlar cəmiyyətin aparıcı qüvvəsi kimi avanqardlığını bütün sahələrdə  göstərirlər. «Həyat inkişaf edir, nəsillər nəsilləri əvəz edir, Naxçıvanda  bizim partiyanı yaradanlar,- mən bunu həmişə demişəm, indi də deyirəm,- partiyanın veteranlarıdır, partiyanın qızıl fondudur. Bizim partiyada bunlara həmişə hörmət olmalıdır və onların xidmətləri həmişə yüksək qiymətləndirilməlidir» söyləyən ümummilli lider Heydər Əliyevin bu sözlərinə sədaqətini «Mən bu gün bir daha o vaxt bu milli maraqları hər şeydən üstün tutan «91-lər»”i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular» fikri ilə dəyərləndirən   Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin təkcə partiyanın veteranlarına deyil, bütünlükdə Azərbaycan vətəndaşlarına göstərdiyi diqqət və qayğı   milyonların güvənini  xalq naminə göstərdiyi xidmətləri ilə qazanan, ümidləri doğruldan  təşkilatın əsas məqsəd və məramlarındandır.

2003-cü ildə keçirilən prezident seçkilərindən sonra respublikaya başçılıq edən cənab İlham Əliyevin təsdiq etdiyi  proqramlar icra edilir, qarşıya qoyulan  vəzifələr həyata keçirilir. Ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoyan Prezident İlham Əliyevin  Ali Baş Komandan kimi bu  vədini də yerinə yetirməsi iqtidar partiyasının uğurlarındandır. Siyasi, iqtisadi, sosial sahələrdə fəallığını artıran YAP üzvləri qaragüruhçu dairələrin Azərbaycan əleyhinə apardıqları təxribatlara,  xoşagəlməz hallara mübarizlikləri ilə cavab verirlər. Qurultayın keçirilməsini zamanın tələbi, zərurət adlandıran Prezident İlham Əliyevin  bildirdiyi kimi, inkişafı, demokatik dəyərlərə sadiqliyi ilə   beynəlxalq aləmin diqqətini cəlb edən, bölgədə yeni  reallıqlar  yaradan Azərbaycana qarşı yönələn cəhdlərin qarşısı alınacaqdır. Dövlət başçımızın qeyd etdiyi kimi, bundan əvvəlki dövrlərdə də Azərbaycanın təşəbbüsü ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi.  Ölkəmizin uğurlu enerji , nəqliyyat siyasəti bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu  layihələr ətrafında birləşən və bu layihələrin icrasında iştirak edən  ölkələrin sayı artmaqdadır.  Ölkəmizin həqiqətləri,  Azərbaycanın təşəbbüsləri, sabitliyin təminatına yönələn çağırışlar, daxili və xarici siyasətimizlə bağlı düzgün təhlillər, ölkədə  həyata keçirilən islahatlara  yüksək qiymət həqiqəti tam əks etdirir. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün uzunmüddətli sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanda davam etdirilən siyasətə uyğun  qarşıya qoyulan hədəflərin düzgün  müəyyənləşdirilməsində,  nəzərdə tutulan məqsədə nail olunmasında , ölkəmizin siyasi, iqtisadi sahədə dayanıqlı inkişafının təmin edilməsində, beynəlxalq aləmdə böyük nüfuz qazanmasında,  ən başlıcası isə  ərazi bütövlüyümüzün bərpasında  YAP-nın rolu böyükdür.  Xalqın inam və etimadını ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində qazandıqları qələbə  ilə doğruldan, bugünün, sabahın partiyası adına layiq olan YAP bölgənin ən böyük siyasi təşkilatı adını beynəlxalq əməkdaşlığa sadiqliyi ilə də təsdiqləyir. Fəaliyyətini müasir dövrün tələbələrinə  uyğun formalaşdıran, təkmilləşdirən, fundamental təməl üzərində  inkişaf edən partiya  XXI əsrin bütün çağırışlarına əməli fəaliyyəti, siyasi plüralizmi, əməkdaşlığa sadiqliyi ilə  cavab verir.

Ermənistanın işğal altında saxladığı  torpaqlarımızın azad edilməsi, Ali Baş Komandan İlham Əliyevin qüdrəti sayəsində  düşmən üzərində qələbə çalan Azərbaycan Ordusunun  qazandığı qələbədə də  iqtidar partiyasının zəfər payı vardır.  Döyüş meydanlarında şücaət göstərən, müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə  aparılan genişmiqyaslı bərpa işlərində çalışan gənclərimiz təmsil olunduqları  partiyanın inam və etimadını quruculuq işlərindəki fəallıqları ilə doğruldurlar.

Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurətdən  yarandığını söyləyən   cənab İlham Əliyev bildirir ki,
bölgədə  Azərbaycanın təşəbbüsü ilə yaranan  reallıq siyasi  sahədə də  müasirliyin tətbiqini,  əməkdaşlığın yeni formatlarının yaranmasını tələb edir. Azərbaycanın müəllifi olduğu enerji, nəqliyyat siyasətinin
bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarının  yaratması ölkələr arasında qarşılıqlı münasibətləri də  labüd edir. İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycana artan maraq, işğaldan azad olunan torpaqlarda  aparılan quruculuq işlərində  iştirak etmək istəyən dövlətlərin çoxluğu bölgə üçün yeni reallıqlar,  yeni əməkdaşlıq, uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır.

«Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın» söyləyən Prezident  İlham Əliyev qurultayda  səsləndirdiyi fikirlər, qarşıya qoyulan vəzifələr YAP-ın hər bir üzvünün gələcək fəaliyyət  proqramı, təmsil olunduğu  partiyaya sadiqlik nümunəsidir.

Daha çox xəbərlər