Əsas səhifə 

Prezident tələbi: Biz zamanı qabaqlamalıyıq

Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında bir daha diqqəti son 17 ildə ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində görülən hazırlıq işlərinə yönəldərək bu əminliyi ifadə etmişdir ki, tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər

Yeni Azərbaycan Partiyasının VII qurultayında « Biz müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik» söyləyən ölkə Prezidenti İlham Əliyev proqram xarakterli nitqində müstəqillik tariximizi təhlil edərək ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdırdı. Məhz 1993-2003-cü illərdə yaradılan möhkəm bünövrə üzərində Azərbaycan son 17 ildə daha da inkişaf edərək 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərə imza atdı: «Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür.» Cənab İlham Əliyev bu çağırışı da edir ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları  kənara qoymalıyıq: «Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır.»

Artıq yeni dövrün yeni reallıqlarına uyğun olaraq prioritetlər müəyyənləşdirilib.  Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə  «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi də artıq yeni hədəflərin  müəyyənləşdirildiyini və  əvvəlki illərdə əldə olunan uğurlar əsasında  gələcəyə inamla addımladığımızı təsdiqləyir.

Dövlətimizin başçısı İlham Əliyev partiyanın VII qurultayında  2003-cü ildən başlanan yolun mahiyyətini ətraflı şəkildə  təhlil edərək o dövrü istər ictimai-siyasi sabitliyin qorunması, istər dayanıqlı iqtisadi inkişafın təmin olunması, istərsə də  ordu quruculuğu və beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmləndirilməsi baxımından hazırlıq dövrü kimi xaraterizə etmişdir. Məhz bu uğurlar Azərbaycanın tarixi Qələbəsinə yol açdı və postmüharibə dövrü üçün görüləcək işlər üçün təməl rolunu oynadı. Cənab İlham Əliyevin  «Bizim yarışacağımız əsas tərəf müqabili zamandır» söyləməsi də səbəbsiz deyil.  Çünki işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, soydaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur.  Əsas olan bu ərazilərin minalardan təmizlənməsidir ki, bu da xeyli vaxt tələb edir. Dövlətimizin başçısı İlham Əliyev bir müddət əvvəl yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da Türkiyənin CNN televiziya kanalının «Otuz il əvvəl torpaqlarını tərk etmək məcburiyyətində qalan insanlar gözləyirlər ki, öz yurdlarına qayıdacaqlar. Bununla bağlı tarix müəyyənləşibmi? Bir “yol xəritəsi”, plan hazırlanıbmı» sualını cavablandırarkən bildirmişdir ki,  mən də özüm-özümə bəlkə hər gün eyni sualı verirəm. Çünki istəyirəm ki, nə qədər mümkünsə qısa müddət ərzində biz buna nail olaq. Amma bunun üçün əlbəttə ki, kompleks tədbirlər görülməlidir.  Bütün güclər də səfərbər edilib.  Amma zaman, əlbəttə ki, öz haqqını diktə edir: «Mən hansısa bir tarix vermək istəməzdim. Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də həyəcanlandırmaq istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq.»

Qeyd olunduğu kimi, ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət idarəçilik sistemini reallaşdırdı.  Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Son günlər beynəlxalq maliyyə qurumlarının hesabatlarına diqqət yetirmək kifayətdir. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirirlər. Dünyanın ən böyük beyin mərkəzlərindən biri olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycanın mövqeyi 6 pillə yaxşılaşaraq 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplayıb.

Azərbaycan Avropa regionunda 45 ölkə arasında 23-cü yerdədir.

Ötən ilin dekabr ayında Dünya Bankının Daxili Audit strukturları tərəfindən aparılmış müfəssəl diaqnostika nəticəsində Azərbaycanın “Doing Business 2020” hesabatındakı mövqeyi daha da yaxşılaşıb, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub.

Qeyd edək ki, İlkin hesabatda Azərbaycan 76,7 balla qlobal reytinq sıralamasında 191 ölkə arasında 34-cü olduğu halda, araşdırmadan sonra Azərbaycanın balı 78,5-ə yüksəlib, sıralamada isə ölkəmiz 6 pillə yüksələrək 28-ci olub.

Dövlətimizin başçısı Yeni Azərbaycan Partiyasının VII qurultayında da dayanıqlı iqtisadi inkişafımızdan bəhs edərkən diqqəti  şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilən Dövlət Neft Fondunun  64 suveren fond arasında 5-ci yerdə qərarlaşmasına yönəltmişdir. Bu  o deməkdir ki, neft və qaz gəlirlərinin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünün təmin edilməsi məqsədilə yaradılan Dövlət Neft Fondu fəaliyyətə başladığı müddətdən bəri ölkənin sosial-iqtisadi həyatında önəmli rol oynamaqla bərabər, vəsaitlərin idarə edilməsi, idarəçilik, institusional quruculuq, hesabatlılıq və şəffaflıq kimi istiqamətlərdə beynəlxalq səviyyədə örnək qurum kimi tanınaraq ən ali mükafatlara layiq görülüb və ölkəmizin nüfuzunun yüksək səviyyədə qorunub saxlanılmasına əhəmiyyətli töhfə verib. “Fitch Ratings”, “Moody’s”, “Standard & Poor’s” kimi nüfuzlu beynəlxalq reytinq agentlikləri də  Azərbaycan iqtisadiyyatının perspektivi ilə bağlı nikbin kredit reytinqi müəyyənləşdirirlər və bu, investorlarda inamı gücləndirir.

Bütün bu uğurlar  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ardıcıl və sistemli iqtisadi siyasətin, islahatların məntiqi nəticəsidir. Azərbaycan qlobal pandemiya dövründə də dayanıqlı inkişafı təmin etmək istiqamətində ciddi addımlar atdı. Koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin ilk günündən cənab İlham Əliyev islahatların dərinləşdirilməsini qarşıya mühüm vəzifə kimi qoyaraq heç bir sosial layihənin təxirə salınmayacağını bildirmişdir. Dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında  4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının icrasına başlanmışdır. Bütün  bu addımların uğurlu nəticələri bu gün beynəlxalq maliyyə qurumlarının hesabatlarında özünün aydın ifadəsini tapıb.

Hər zaman bu reallıq önə çəkilir ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması qarşıya çıxan hər bir çətinliyin aradan qaldırılmasında stimulverici amil rolunu oynayır. 2008-ci ildən başlanan və nəticələri də hələ də bəzi ölkələrdə hiss olunan iqtisadi və maliyyə böhranını Azərbaycanın çox az hiss etməsi, eyni zamanda, ötən ildən dünyanı cənginə alan koronavirus infeksiyası ilə mübarizə sahəsində ölkəmizin ortaya qoyduğu təcrübə də deyilənlərin təsdiqidir. Əvvəldə də qeyd etdiyimiz kimi,  Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da ölkənin hərtərəfli inkişafına stimuldur. 2003-cü ildə Dövlət Neft Fondunun vəsaitləri 800 milyon dollar təşkil edirdisə, 2021-ci ilin yanvarın 1-nə olan məlumata görə,  43 milyard dollardan artıqdır. Ölkə iqtisadiyyatına qoyulan investisiyanın həcmi 270 milyard dollara çatıb.  Valyuta ehtiyatlarımız 52 milyard dollara yaxındır. Qeyri-neft sektorunun inkişafına geniş imkanlar açan enerji sektorunda da davamlı uğurlara imza atılıb. Son 17 ilin bu sahədə əldə edilən uğurlara  diqqət yetirsək görərik ki, Azərbaycan dünyanın enerji xəritəsini yenidən tərtib edib.

Ölkəmizin iqtisadi tərəqqisi güclü sosial siyasətlə tamamlanır.  Dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyev ölkə həyatının bütün sahələrində islahatlar strategiyasını seçib. 2003-cü ildən yeni keyfiyyətlə davam etdirilən sosial siyasət nəticəsində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkələrdən biri oldu. Azərbaycan həyata keçirilən uğurlu, təkmil sosial-iqtisadi islahatları ilə beynəlxalq aləmdə qazandığı sosial dövlət imicinə yeni əlavələr etdi. İnkişafın Azərbaycan modeli artıq özünü təsdiqləmiş, müsbət təcrübə kimi öyrənilir. «Bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan beynəlxalq aləmdə də ən böyük zirvələrə çata bilmişdir.  O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş  «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası, həmçinin 12 istiqaməti əhatə edən Strateji yol xəritələri hazırlanaraq uğurla icra edilir. Məqsəd ölkənin hərtərəfli inkişafına nail olmaq, əhalinin sosial müdafiəsini gücləndirməkdir. İnkişaf Konsepsiyasında yer alan əsas hədəflər Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlamasına, həmin dövrə qədər üç dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, eyni zamanda, Azərbaycanı yüksək gəlirli ölkə çevirmək idi. Konsepsiyanın imzalanmasından bu günə atılan addımlara, əldə olunan sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir. Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması artıq reallıqdır. Aparılan islahatlar, həyata keçirilən onlarla Dövlət proqramlarının tətbiqi ilə ölkəmizdə  yoxsulluq və işsizlik 5 faizə enib. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə yoxsulluq səviyyəsi 49 faiz idi. Bazar iqtisadiyyatı prinsiplərinə əməl olunan Azərbaycanda aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün addımların atılması insanların yaşayış tərzini xeyli yaxşılaşdırmışdır. Sosial ədalət prinsipinə sadiq qalan ölkəmizdə əməkhaqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır.

Bir sözlə, bu gün ölkəmiz  bütün sahələrdə təcrübəsi ilə nümunədir. Yeganə problemimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi ki, o da dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü,  xalqımızın birliyi sayəsində həll olundu, işğala son qoyuldu, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız hazırda Böyük Qayıdışı gözləyir. 2021-ci il Azərbaycanın həyatında quruculuq və bərpa dövrü kimi xarakterizə olunacaq. Artıq işğaldan azad edilmiş ərazilərimizdə  yeni idarəetmə institutunun yaradılması ilə bağlı addımlar atılıb. Yeni dövrün reallıqlarına uyğun inkişaf strategiyasının qəbuluna və icrasına böyük ehtiyac var. Dövlətimizin başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də  yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır.

Təhlillər bu ümumiləşdirməni aparmağa əsas verir ki, möhkəm təmələ əsaslanan siyasətimizin nəticəsi olaraq qarşıya qoyulan hər bir hədəf gerçəkləşəcək, ölkəmizin qarşısında yeni imkanlar açılacaq. Dövlətimizin başçısı İlham Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qoruyur: Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.

Tezliklə soydaşlarımızın Böyük Qayıdışının və işğaldan azad edilmiş ərazilərimizin cənnətməkana çevrilməsinin, bu torpaqlara yeni nəfəsin verildiyinin şahidi olacağıq.

Daha çox xəbərlər