Protez göz köçürülən qazi: İndi özümü yaxşı hiss edirəm
İkinci Qarabağ döyüşlərində yaralanan Nuralı Abdullayev İsraildən gələn humanitar tibbi heyətin protez göz taxdığı ilk xəstələrdən biridir. O, İsrail həkimləri və “YAŞAT” Fondunun birgə səyləri sayəsində normal həyatına qayıdıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində paylaşım edilib.
N.Abdullayev bildirib ki, indi özünü yaxşı hiss edir: “Gözümdən qəlpə yarası almışdım, göz qapağı əməliyyat olunub. İsraildən gələn həkimlər müayinə etdilər, gözümə implant qoydular. İndi özümü çox normal hiss edirəm. Yaxşıyam, ağrılarım yoxdur. Sadəcə olaraq göz qapağım bağlanmır, amma həkimlər bildirdilər ki, müəyyən bir vaxtdan sonra bağlanacaq.”
Qeyd edək ki, “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən tibbi-humanitar yardım məqsədilə Azərbaycana gələn oftalmoloqlardan ibarət nümayəndə heyəti qısa müddət ərzində 150-dən çox qazini müayinə edib.

