Cəbhədən Xəbər 

Doğma nəfəs duyan torpaq çiçəklər açır…

Hər döyüş bir tarixdir. Hər döyüşçünün təəssüratı, xatirələri də bir tarixdi. Vətən müharibəsində 44 gün döyüşdə olmuş kapitan-leytenant (Hərbi Dəniz Qüvvələrində hərbi rütbə) Orxan Qədirovun xatirələri də müharibənin tarixidir…

***

İlk döyüş tapşırığına Talış kəndi istiqamətində başlamalıydılar. Döyüşün ikinci günü Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan postun mühafizəsi kapitan-leytenant Orxan Qədirovun komandir olduğu qrupa tapşırıldı.

Hamısı həyəcanlı idi, çünki 2016-cı ilin aprel ayında burada döyüşmüşdülər. Qrup əmri böyük məsuliyyətlə yerinə yetirdi, bir sutka ərzində üç nəfər yaralandı, mövqe tamamilə bizdə qaldı. Sonradan mövqeni hərbi birliyin hərbi qulluqçularına təhvil verib qayıtmaları əmr olundu.

Füzuli istiqamətinə hərəkətə başladılar. Qruplara döyüş əmri verildi.

Döyüşə Cocuq Mərcanlı istiqamətindən başladılar. Saat 4 olardı. Orxana rabitə ilə qrupu öndə olan idarəetmə məntəqəsinə gətirmək əmr olundu. O, qrupa hazırlıq əmrini verdi, qısa müddətdə deyilən yerə gəldilər. Saat 6 olardı. Komandir Orxanı vəziyyətlə tanış edərək qarşıdakı torpaqları azad etmək əmri verdi. Orxan qrupu düzərək döyüş əmri verdi, bu döyüşlərin torpaqlarımızın qurtuluş döyüşü olduğunu bildirdi. Qrupda yüksək döyüş əzmi, qələbə ruhu vardı. Əmrə əsasən Cocuq Mərcanlı kəndinə gedən yolun üzərindən iki qrupla düşmən müvqelərinə gizlincə sızmağa başladılar. Onlardan əvvəl orada olan qruplarla koordinasiya yaratdılar. Həmin qrup Orxangilin qrupunu istiqamətləndirməyə başladı. Düşmənin “val”ını keçmiş qruplara çatdılar. Orxan qrup komandirlərindən vəziyyəti öyrəndi və qrupa irəli getmək əmri verdi. Tapşırığa əsasən onlar dəmir yolunun sağı ilə, Ziya Fərziyevin rəhbərlik etdiyi qrup isə Araz çayının sahili boyunca hərəkət etməli idi. Relslər söküldüyündən dəmir yolunu tapa bilmədilər. Məcburən relyefdə orientləşmək üçün avtomobil yoluna istiqamətləndilər. Yolu sağlarında  tutaraq qamışlıqla sakit şəkildə irəlilədilər. Hava isti, yükləri ağır idi. Yol onları Aşağı Maralyan kəndinin yaxınlığına gətirdi. Burada dayanmadılar, irəlilədilər. Yuxarı Maralyan kəndinə çatanda öyrəndilər ki, Ziya Fərziyevin rəhbərlik etdiyi qrup döyüşərək Araz çayının kənarında yerləşən zastavanı düşməndən azad edib.

Ön dozor bildirdi ki, qarşılarında düşmənin “val”ı var. “Val”ın solundan manevr etməyi qərara aldılar. Yolun aşağısında çay yatağı kimi bir yer vardı, ordan sürünərək “val”ın arxasına keçdilər. Qəfil hücumdan çaşan düşmən xeyli itki verərək geri çəkilməyə məcbur oldu. Qarşıda bir bina görünürdü. “Dörd yol”u keçdilər. Onları mühafizə etmək, qorumaq üçün ora texnika göndərilmişdi. Texnikanın yanından dərhal uzaqlaşdılar. Məktəbin yanından sızma əməliyyatı icra edirdilər ki, düşmən minaatanlardan, toplardan “Dörd yol”u da, onlar olan yeri də vurmağa başladı. Köməyə göndərilmiş texnika vuruldu.

Cəbrayılın Karxulu kəndi sağlarında qalırdı. Karxulunu soldan sürünərək keçirdilər. Düşmən onların kəndə düz gəldiyini güman edərək Karxulunun içərilərində – xarabalıqlarda yerləşdirdiyi iri çaplı silahlardan və atıcı silahlardan atışa başladı. Qrupun üzvləri həmin anlarda sol tərəfdən onların içinə sızmışdı. Döyüşçülərimizin orada olduğundan xəbərləri yox idi. Orxan qrupa “Açıl!” əmri verdi. Ziyagil zastavadakı qüllədə çox böyük böyüdücüsü olan binoklla Orxangilin qarşı tərəfini müşahidə edir, gərəkli məlumatlar verirdilər. Orxan Ziyagilə  bildirdi ki, biz soldan düşmənə basqın edəcəyik, siz artilleriyanı onların arxasına yönləndirin ki, geri çəkilə bilməsinlər.

Razılaşdılar.

Orxan qrupa hücum əmri verdi. Karxulu kəndinə sol istiqamətdən hücum etdilər. Artilleriyamız yüksəklikləri və mövqeləri vurmağa başladı.

Döyüş çox çəkmədi.

Karxulu kəndi azad olundu. Yüksəklikdə düşmən qüvvələri olduğunu bilirdilər. Ehtiyat üçün kəndin içini deyil, onun kənarındakı yolun mühafizəsini gotürdülər ki, tank gələrsə, yoldan həm onu vursunlar, həm də pusqu atsınlar. Gecəni orada pusqu zolağında qaldılar.

İki gün idi ki, düşmənin içindəydilər. Hücumdan əvvəl daha çox sursat götürmək üçün yeməyi-suyu az götürmüşdülər. Yeməkləri-suları azalmışdı.

Səhər saat 6-da yüksəkliyə hücum edib oranı almaq əmri verildi. Qrup Karxulu kəndinə girdi. Karxulu ilə oranın arası 2000 – 2500 metr olardı. Orxan Ziyaya bildirdi ki, biz ora giririk, oranı artilleriya ilə vurun. Orxangil Karxuludan yüksəkliyə doğru gedəndə gördülər ki, qarşıda tank üçün eni təxminən 5 metr, dərinliyi təxminən 3 metr olan böyük istehkam maneələri qazılıb. Bunun eni təxminən 5 metr, dərinliyi 3 metr Maneənin kənarları düzünə qazılmışdı. Maneəni tam səssiz keçdilər. Komandir snayperləri perimetrə qoyduqdan sonra qrup sızmağa başladı. Bu an Ziya bildirdi ki, artilleriya atışı nəticəsində düşmənin yaralananları var. Bu, hücum üçün gözəl şərait olsa da şəxsi heyəti də qorumaq lazım idi. Komandir qrupu yarımqruplara bölərək təpəyə sızmağı əmr etdi. Birinci yarımqrup soldan yolla, ikinci yarımqrup təpənin yoxuşuyla irəliləməyə başladı. İkinci yarımqrupun tərkibində olan Orxan artilleriya atışını saxlatdıqdan sonra hücum etdilər. Bunu gözləməyən düşmən bilmirdi döyüşsün, yoxsa qaçsın. Düşmən döyüşmədi, meyitlərini, yaralılarını, döyüş texnikalarını qoyub qaçdı. Dərhal təpənin dairəvi mühafizəsini götürdülər. İlkin baxış zamanı 3 T-90 tankı, 2 BTR (biri vurulmuşdu), 2 “UAZ” komanda maşını, 4 “Ural” markalı yük maşını, qids və silahlarla dolu 2 “Zil” markalı yük maşını, “UAZ” markalı 1 rabitə maşını, “Ural” markalı yük maşınını banında quraşdırılmış generatorla birlikdə rabitə vasitələri, çox sayda mobil rabitə vasitələri, içərisində xəritə və məxfi sənədlər olan komandir planşetləri, … qaldığını müəyyənləşdirdilər.

Komandir məruzə etdi. Oranı tərk etməmək tapşırıldı, kömək gələcəyi bildirildi. 2 saatdan sonra kömək gəldi. Yüksəkliyin önəmi çox vacib idi. Mayor Tariyel Zöhrabov rabitə ilə bildirdilər ki, əməliyyatı davam etdirsinlər.

Dağlarla, təpələrlə Şükürbəyli kəndinə getməli idilər. Yəni, bu kənd uğrunda döyüşəcəkdilər. Orxan köməyə gələn heyəti qruplara bölərək öz heyətindən onların üstünə rəhbər təyin etdikdən sonra dağlarla Şükürbəyli kəndinə hərəkətə başladılar.

Ön dozor məruzə etdi ki, qarşıdakı təpənin üstündə düşmənin kamerası var. Həmin təpəyə taktiki çıxış etdilər. Düşmən bir qədər müqavimət göstərsə də davam gətirə bilmədi, qaçdı. Mövqedə rabitə qəbuledici və ötürücü antenlər, kamera, Günəş batareyaları, generator, məlumatların onlayn ötürülməsi üçün internet şəbəkə və s. var idi. Kameranı vurub naqilləri kəsdikdən sonra hərəkəti davam etdirdilər. Hardan biləydilər ki, orda düşmənin taboru var…

Təpədən gördülər ki, Ziyagilin qrupu hücuma yoldan dəstək vermək əmri alıb.

Təpəlikləri aşaraq gedirdilər. Yorulmuşdular. Susamışdılar. Ancaq bu torpaqları 30 illik intizarına son qoymağa tələsirdilər. Onlara elə gəlirdi ki, 30 il doğma nəfəs eşitməyən torpaq bu gəlişi duyunca çiçəklər açacaq…

Rəşid Faxralı

Daha çox xəbərlər