Gündəm 

Tanınmış müxalifətçi: “Ağdamı ziyarətdə mənə dəyən o dəyənəklərin halallığını verdim…”

Barat Abbasoğlu 27 il sonra yurduna döndü və bunları yazdı

Bir sutkada cəmi 3 saat yatdım…

Səhər 04.30-da yuxudan ayıldım. Mənim Ağdama getməyim planda yox idi. Allahdan bu ziyarəti ürəkdən istədim və gedə bildim…

Keçən əsrdən həsrətindəydik yurdumuzun.

Qibləgahmız, cənnətməkanımız da deyirdik oraya.

Ya Rəbb, o nə hava idi… dərindən doyunca çəkdim o havadan ciyərlərimə. Nə vaxtdan idi yadırğamışdı ciyərlərimiz o havadan ötəri.

Kimlər yox idi bu ziyarətdə… Azərbaycanın, demək olar ki, bütün TV-ləri və onların rəhbərliyi. Tanınmış jurnalistlər, media kapitanları, bloqerlər… o adamlar ki, ermənilərin vəhşiliyin çəkib bütün dünyada yaşayan millətin dilində yayacaqlar.

Çox gözəl təşkil edilmişdi bu ziyarət. Altı avtobus ayrılmışdı. Ziyarət iştirakçılarına Prezidentin köməkçisi Hikmət Hacıyev rəhbərlik edirdi. Çox sadə, mehriban və təvazökar bir insandır Hikmət bəy.

Heç nə, daşı-daş üstə də qalmayıb Ağdamda. Öz məhləmizdən adladıq: öncə mən oranı tanımadım. Sonradan “İmarət”ə çatanda bildim ki, 150-200 metrliyində qoyub gəlmişəm doğulduğum evimizi, amma tanınmaz hala salındığından adlamışam oranı…

68306247-62eb-45b7-8df4-8a6a9f6edcbb.jpg (29 KB)

İlk dayandığımız yer Qərvənd kəndinə az qalmış, mina partladılmasını izləməyimizlə başladı.

Səfər proqramında göstərilən növbəti dayanacaq Ağdamda Uzundərə deyilən yerdə oldu. O məkanda 1992-1993-cü illərdə ikinci Şəhidlər Xiyabanı salınmışdı. Çünki Ağdamın birinci Şəhidlər Xiyabanı düşmən tərəfindən mütəmadi atəşə məruz qalırdı.

…Adı qalmışdı Şəhidlər Xiyabanının. Heç nə qalmamışdı. Demək olar ki, düzənlənmişdi…

Artıq mən avtobusun qapısı ağzında ayaq üstə yol yoldaşlarıma bələdçilik edirəm: bax, bura Qərvənd kəndidir; bu dağılmış yer ( zatən hər yer dağılıb, sadəcə, mən tanıyıram hələ ki… ) Qərvəndin pambıq formasında tikilən restoranıdır; onun yanında dəmirləri qalan 1941-1945 müharibəsinə aid abidənin xaraba qalan yeridi; bura Göytəpə kəndi olmalıdır, Atçılıq zavodu, bax, buralardaydı…

b3311a5d-2694-4c47-b921-c5955cfd728c.jpg (14 KB)

Uzundərədən yol alırıq…

Aman Allah, Ətyeməzlidir bura. Yol yoldaşlarıma 1992-ci ildə avtoqəzaya düşdüyüm yeri göstərirəm.

1990-cı ilin yanvar ayının 6-da partladılmış avtovağzalı (proqramda partladılmış avtovağzalın tarixi yanlış yazılmışdı) göstərirəm, sol tərəfdə indi heç nə qalmayan Hacı Əkbər müəllimin işlədiyi 50 saylı peşə məktəbinin yerini nişan verirəm. Yenidən sol tərəfdəki uzun xaraba qalmış tikilinin tədarük məntəqəsi, sonra pambıq məntəqəsi, sonra Tofiq-Rafiq qardaşlarının, onun yanındakı gor qonşumuz Müseyib əminin kafesinin təxminən yeri buralardır, deyirəm. Uşaq xəstəxanasının, solda rəhmətlik qardaşım Yusifin beşmərtəbədəki evinin, doğma 6 saylı məktəbimizin yanından adlayıram, su kanalının üstündən keçirik, ancaq tanıya bilmirəm. Çünki heç nə qalmayıb və orda başqa yol olmayıb demə sırayla sayıram…

Bəs hara dönürük belə, tanınmamış hala salınmış yolla hara gedirik?

Aman Allah, Rəcəb Gözəlov küçəsiylə getmişik, xəbərim olmayıb. Sol tərəfdə beşmərtəbə ( o beşmərtəbə ki, üç sinif yoldaşım – İlkanə, İlham və Həsən orda yaşayırdılar) qarşısında “ştrafnoy” Minaya xalanın çörək “butdası”. Bir az gedirdik “sambist” Yaqubgilə, əmisi oğlu Zöhrəbgilə, dostumuz Nazimgilə gedən aralıq, sonra gəlirdi sinif yoldaşım o biri İlhamla, Arzugilin aralığı. Sağda sinif yoldaşım Azərgilin aralığı. Uşaq həkimi Raisə həkimin evləri olan yer… ondan aşağı mənə dərs deyən Nəsir müəllim, bizim qazi Tahir Bayramovun, qazi Bakir Behbudovgilin aralığı, sonra Səməd Vurğun küçəsi, sağ tərəfdə sinif yoldaşlarım, rəhmətlik Kamil, qarşı tərəfdə Elçin, Həqiqətgilin evləri…yolun solunda Sarıcalı pavilyonunun müdiri Vaqif və diş həkimi Saleh, demokrat Əbdüləli əmi, Saleh-Valeh əkizlərin, qardaşı Ədalət, dostumuz Nazim və Səyyafgilin evləri…

a23dc3e3-dddd-4bc3-909e-3919e589c0e4.jpg (29 KB)

Mirzə Fətəli Axundov küçəsi, tində ev, bənna Yusif, oğlu Asif Həsənov, o biri tində “zapı” düzəldən Rafiq kişi, onun yanında rəhmətlik gəlinimizin atası demokrat Bilun Hüseyn əmigil, qarşıda xaş Şahmar, rəhmətlik dəmirçi Hüseyinin evi… Rəhimovların, çoxuşaqlı Hüseyn, dostumuz Cahidgilin evləri sırayla yuxarı qalxırdı.

M.F.Axundovun küçəsinin sol tərəfində “raypo”ya dirənirdi. Yuxarı tərəf isə ” Çay evinə” aparırdı…

“İmarət”ə çatandan sonra biləcəyəm ki, məhləmizdən adlamışıq, tanımamışam. Sağ tərəfdə kiçik aralıqda Musa, Şakir, İlqar Ağayevlərin, Nəsib, Akif, Asif Məmmədovların, Rafael, Əli, rəhmətlik Nazım, Kamil Ağayevlərin, rəhmətlik İldırım əmi və oğlu Elxangilin evi. Yolun kənarında dükançı İlyas əmi, yanında dəmirçi Böyükkişi, qardaşımın qudası Tahirgilin evi, sonra ət kombinatı. Sol tərəf birinci aralıqda tum satan Mirvari xala, Keyfiyyət əmi, Ocaqverdiyev Fərhad, futbolçu Vasif, şəhid İbadi Rövşənin qardaşı Yusifgilin evi..

İkinci döngədə, bizim tində Ruqiyyə arvadın, nənəmgilin, rəhmətlik dayım Əvəzin, sonra bizim -atam Abbas, anam Sərfinazın əziyyətlə tikdikləri, indi tanımadığım evimiz, sonra Rəhimov Adilin təzə tikdirdiyi ev, ondan sonra zarıslı Vidadi və Nizamigilin evi, döngənin sağ tərəfində birinci rəhmətlik Müseyibin evi, sinif yoldaşım Mahir, Mübariz, İlhamiz, ondan sonra rəhmətlik Rəhbər əminin, oğulları Tofiq, Rafiq, sinif yoldaşım Rafael, Rabil (Allah rəhmət eləsin ), Coşqun, yanındakı ev İldırım əmi, oğlu Elşən, sonra Sabirgilin, anası Nabat xala, bacısı cücə satan Gülgəz, sonra Abbasov Zahid əmi, xalam qədər sevdiyim Xalidə xala, oğlanları Səbuhi, Şükuhi, qızı Vəfa Abbasova və bacılarınən yaşadıqları evlər…

Evimizin arxasında ” hökumət həyəti” dediyimiz ikimərtəbəlilər…

Beləcə, “İmarət”ə çatdıqdan sonra kino lenti kimi gəldi getdi gözlərimin qarşısından. Axı mən niyə tanımadım uşaqlığımın, gəncliyimin məkanını… (Bu arada bir neçə adamdan ürək dərmanı istəyirəm, heç kimdə yoxdur…)

“Qarabağ” futbol komandasının oynadığı meydança. “İmarət”də dəfn edilən bəy nəslinin dağılmış məzarları. Akif Nağıyla torpaq götürürük ki, həsrətlə dünyadan köçmüş doğmalarımızın məzarı üstə səpək. Arada torpağı öpmək bəhanəsiylə dilimi torpağa yapışdırıb uduram. Deyəsən, heç kim hiss etmədi…

Aman Allah, nə şirindir. Canlı bağlantıya danışıram, dəyərli Rauf Arifoglu, Zaur Qəriboğlu, Əvəz Zeynallı və digərləri yorulmadan canlı bağlantı yapırlar. İstəyirlər bu vəhşiliyi və ziyarətdəki sevincimizi hər kəs görsün, dünya duysun…

Sonra birinci Şəhidlər Xiyabanına gedirik. Ora çatanadək yenə rabitəsiz danışacam – yox, bura “Dostluq” kinoteatrının yanı olmalıdır, beşmərtəbə burdaydı, bu küçədə əmanət bankı yerləşirdi –deyəcəm, ancaq heç nə yoxdur deyə, dəqiqləşdirə bilmirəm. Bəlkə də piyada gəzsəydim, çox yeri tanıyardım. Təəssüf ki, mina təhlükəsinə görə bizi “cığıra” salıblar. Budur, çatdıq…

92effacf-5eff-4d19-9f60-7040e0aa733a.jpg (35 KB)

Milli Qəhrəman Allahverdi Bağırov, şəhid Sənan, Naiq, Əlabbas, Baxşeyiş…  Ermənilər insan deyil, dünyanın hələ adını qoya bilmədiyi məxluqlardır.

Enirik Ağdam mərkəzi meydanına. Əgər meydan demək mümkünsə… Haqverdiyev adına Dövlət Dram Teatrının ancaq ön hissəsi qalıb. Arxasında – ay aman, Allah mənim iş yerim- deyərək, illərlə işlədiyim Ağdam “Aqroprom” bankının bir tərəfinin divarı qalıqlarını hər kəsə yaxınlaşıb göstərirəm.

Rayonun icraiyyə komitəsinin binasının qalıqları qalır. Mehmanxana, Həmidin işlətdiyi restoran…

Cümə məscidinə piyada yol aldıq, QAT sədriylə. Mağar qurublar gəlib gedənlərdən ötəri, içəridə çay süfrəsi açılıb. Şəhidlərimizə ehsan süfrəsi sanıram o çay dəsgahını. Qayıdan baş bir stəkan içəcəyik. Ürəyimiz yansa da Məscidimizə tez yetişmək istəyirik. Axı orda bizimlə gedən ibadət əhli başda Akif Nağı olmaqla, namaz qılacaqlar. Bu nədir, namaz üstə göz yaşı tökmək olarmı? Aman Allah, yanaqlarına süzülür gözünün yaşı Akif Nağının. İçəri girməmişdən ayaqqabımı çıxarıb, qapıdan, içəridəki sütunların divarından öpərək namaz üstə şəklini də çəkirəm sədrimizin.
84f6006f-0035-45b2-9478-44db9e71e19f.jpg (22 KB)

Sevinc göz yaşları içərisində “Şükran” namazı qıldıq… Məscidin yuxarısına qalxırıq. Orda yenə Rauf bəy canlı yayın edir. “Hörmətli dostlar, indi Abbasoğludur danışan”, deyir.

“…Bax, ora univermaq idi. O sökülmüş bina məhkəmə, bu qızıl dükanıydı”, deyirəm: “Burda hovuz var idi. Yayda uşaqlar orda, istidə çimirdilər… Yenə məscidin içərisindəyəm… Kim gəldi, deyirəm, baxın, cavan vaxtı orda zəncir vurardıq. Yuxarıda xanımlar oturardı. Bax, ora axund Barat əminin yeri idi.

“Çay evi”nin yerini ortadakı yumru dəmir “turbadan” tanıyıram. Aman Allah, “qorpo”nun qalıqları. Bir az aşağı gedirsən Qurbanov Nizami, oğlu İlqar Qurbanovgilin eviydi. Sağ tərəfdə, bir az aşağı mənimlə bankda işləyən Qurbanov Rasim, qardaşı evi, qardaşı uşaqları Tofiq- İlqargilin evləri…

Aralanırıq oradan. Aha, deyəsən Sarıtəpə deyilən yerdir bura. Gedirik Şahbulaq qalasına. Deputat Hikmət Babaoğu soruşur ki, bu hansı kənddir. Qiyaslı deyirəm. O Qiyaslı ki, gilası bal idi. Çatırıq qalamıza. Şərəfsiz ermənilər özününküləşdiribmiş oranı. Öz dillərində, ingilis və rus dillərində tanıtım tabloları hazırlayıbmışlar…

b0641c9b-3574-4a54-942b-29772c956cd2.jpg (71 KB)

Beləcə, oranı da ziyarət edib yekunlaşırıq. Artıq toranlıq düşür. Ağdamın çöl yolu ilə qayıdırıq. Uzundərə tərəfə…
Ağdam, səndən ayrıla bilməsəm də, məcburam. Avtobusa minməmişdən oradakıların da etiraf etdiyi təmiz havadan acgözlüklə, dalbadal ciyərlərimə çəkirəm…

Yolda gözəl yol yoldaşlığı olan insanlara da söylədim: mənə bu 25 ildə Qarabağa görə dəyən dəyənəklərin (“dubinka”ların) halallığını verirəm.

Hə, bir də gedib -gələnə qədər yüz kərə dedim: “Sənə lənət olsun, erməni”.

Barat Abbasoğlu, QAT Ali Məclisinin sədri

13 mart 2021-ci il, Ağdam

227e9fb1-767d-40cb-9ccb-4380255deff5.jpg (28 KB)

Daha çox xəbərlər