Sosial 

Qalib Sərkərdə

Yarandığı gündən Azərbaycanın əsas siyasi qüvvəsinə çevrilən, Ümummilli lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin siyasi kursuna sadiq olan 760 mindən çox insanı öz sırlarında birləşdirən, ölkəmizin inkişafında mühüm rol oynayan Yeni Azərbaycan Partiyası martın 5-də VII qurultayını keçirdi. Ölkədə aparılan siyasi islahatlar çərçivəsində baş tutan qurultay həmişə olduğu kimi yenə də bir sıra mühüm yeniliklərlə yadda qaldı. Bütövlükdə qurultay və orada qəbul edilən qərarlar YAP-ın fəaliyyətinin təkmilləşdirilməsinə, optimallaşdırılmasına və müasir dövrün çağırışlarına uyğun olaraq daha çevik mexanizmlər üzərində qurulmasına imkan verir.

Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda proqram xarakterli geniş çıxış etdi. Dövlətimizin başçısı qeyd etdi ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır: “Partiyamızın böyük ənənələri var. Biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir.

Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm. Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması da bunu göstərir. Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək.

Birgə fəaliyyətlə bağlı əlavə addımlar da atılacaq. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, partiyamızın yeni proqramı da hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. İdarə heyətinə tapşırıq verirəm ki, üç ay ərzində partiyamızın yeni proqramı hazırlansın və təqdim edilsin”.

Dövlətimizin başçısının qurultaydakı çıxışı YAP-ın gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyən etdi. Prezidentin çıxışından irəli gələn məsələlərin həyata keçirilməsi onsuz da geniş sosial bazaya malik olan partiyanı xalqa daha da yaxınlaşdıracaq, populyarlığını artıracaq, sıralarını genişləndirəcək. Bu isə onu əminliklə deməyə əsas verir ki, YAP hələ uzun illər hakim partiya olacaq.

YAP-ın VII qurultayı tariximizin ən qürurlu günlərinə – Vətən müharibəsində qazandığımız Böyük Qələbədən bir neçə ay sonraya təsadüf etdi və sözsüz ki, böyük sevinc içində keçirildi. Çünki partiyanın təsis olunduğu 1992-ci ildə Azərbaycan faktiki olaraq vətəndaş müharibəsi ərəfəsində idi, dağılmaq təhlükəsi ilə üzləşmişdi. Ölkəmizi bu uçurumdan YAP-ın qurucusu və əbədi lideri, Ulu Öndər Heydər Əliyev xilas etdi. Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Bu o deməkdir ki, hakim partiyanın qarşısında duran əsas problem də öz həllini tapıb və YAP Sədri, Prezident İlham Əliyev prezident seçkilərində xalqa verdiyi ən əsas vədi tam yerinə yetirib.

Şübhəsiz ki, otuz ilə yaxın davam edən erməni işğalına son qoyan, ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə başa çatan 44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin şah əsəridir və Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Qarabağ Zəfərindən nəyinki Azərbaycanda dünyada da hələ uzun illər, əsrlər danışılacaq və tarix bu Böyük Qələbənin memarı olan Ali Baş Komandan İlham Əliyevi heç vaxt unutmayacaq. Çünki bu Qələbə bütövlükdə onun gərgin əməyinin, siyasətçi kimi ustalıq və uzaqgörənliyinin, Sərkərdəlik qabiliyyətinin və cəsarətinin, diplomatik məharətinin bəhrəsidir.

Qarabağ zəfəri regionda və dünyada yeni geosiyasi və iqtisadi reallıqlar yaradıb. İndi bölgənin bütün açarları Azərbaycanın və qardaş ölkə olan Türkiyənin əlindədir. Rəsmi Bakı və Ankaranın razılığı olmadan regionda hər hansı bir layihə həyata keçirilə bilməz. Bundan başqa, Qarabağ Zəfəri iki ölkə arasındakı münasibətləri də keyfiyyətcə yeni mərhələyə keçirib. Şübhəsiz ki, hələ 103 il əvvəl də, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da, Vətən müharibəsi dövründə də Azərbaycanın ən yaxın müttəfiqi, hər zaman bizim yanımızda olan ölkə Türkiyə olub. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Türkiyə Vətən müharibəsi dövründə Azərbaycana böyük mənəvi, siyasi dəstək verib və bu, Qarabağ zəfərində ciddi rol oynayıb. Bütövlükdə götürdükdə Vətən müharibəsində Azərbaycan və Türkiyə birlikdə qalib gəlib. İndi bu iki qalib ölkə bütün məsələlərdə öz şərtlərini diqtə etmək gücünə malikdirlər. Eyni zamanda Bakı və Ankara müttəfiqlik münasibətlərini daha da dərinləşdirir. Vətən müharibəsindən sonra baş tutan qarşılıqlı səfərlər, diplomatik təmaslar, imzalanan sənədlər bunu təsdiqləyir. Bölgədə həyata keçiriləcək yeni infrastruktur layihələri, xüsusən də Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyəni daha da yaxınlaşdıracaq. Bundan başqa, bu dəhlizin açılması Azərbaycanın digər bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolu vasitəsilə əlaqənin yaranmasına imkan verəcək. Türkiyə də dəhlizdən istifadə etməklə Naxçıvanla yanaşı Azərbaycanın digər rayonlarına quru yolla çıxış əldə edəcək. Bu dəhliz isə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadakı Türkdilli ölkələrə qədər uzanacaq, türk qurşağının yaranmasına səbəb olacaq. Verilən bəyanatlardan məlum olur ki, Qarabağ Zəfəri bütün türk dünyasını sevindirir, yalnız azərbaycanlıların deyil, bütün Türkdilli xalqların qürur mənbəyinə çevrilib. Başqa sözlə, bu Türkün Qələbəsidir.

Lakin bütün bunlarla yanaşı onu da unutmamalıyıq ki, Azərbaycan Qələbəni heç də asan əldə etməyib. Ölkəmiz böyük güclərin maraqlarının toqquşduğu çox mürəkkəb geosiyasi məkanda yerləşir, uzun illərdir Cənubi Qafqaz uğrunda gərgin mübarizə gedir, hər kəs öz maraqlarını təmin etməyə çalışır. İstər bu regionda, istər postsovet məkanının digər ölkələrində və Yaxın Şərqdə baş verən hadisələr bunu bir daha təsdiqləyir. Bəzi qüvvələr böyük dağıntılara səbəb olan həmin olayları, siyasi böhran və küçə qarşıdurmalarını vaxtilə Azərbaycanda da törətmək istəyirdilər, ölkədə sabitliyi, xalq-iqtidar birliyini pozamağa uğursuz cəhdlər edirdilər. Amma bu cəhdlərin heç bir nəticəsi olmadı. Bu da səbəbsiz deyil. Əvvəla xalqımız bir dəfə – 1990-cı illərin əvvəllərində qeyri-sabitliyin ölkəni nələrə sürüklədiyinin şahidi olub, ağır günlər yaşayıb və yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu bəlalardan xilas ola bilib.

İkincisi, İlham Əliyevin hər bir vətəndaşın sosial rifahının yüksəldilməsinə, hüquq və azadlıqlarının təmin olunmasına xidmət edən, xalqın etimadını qazanan daxili siyasəti, qətiyyətli mövqeyi və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizdə sabitliyi pozamağa və bunun vasitəsilə öz maraqlarını təmin etməyə çalışan qüvvələrin planlarını alt-üst edib, Azərbaycanı böyük bəlalardan qurtarıb. Dövlət başçısı dəfələrlə bəyan edib ki, ölkənin inkişafı üçün ilk növbədə daxili sabitlik olmalıdır, sabitlik olmayan yerdə heç bir inkişafdan danışmaq mümkün deyil. Bu praktikada özünün təsdiqləmiş tezisdir və heç də uzaq olmayan tarixdə – 1990-cı illərin əvvəllərində daxili sabitliyin olmaması nəticəsində Azərbaycan çox böyük bəlalara düçar olmuşdu. Ermənistan kimi kiçik və kasıb bir ölkənin torpaqlarımız işğal etməsi də bunun nəticəsi idi, daxili çəkişmələr, hakimiyyət uğrunda didişmələr düşmənə qarşı səfərbər olmağa imkan verə bilməzdi və vermədi də. Nəticədə ermənilər 20 faiz ərazimizi işğal etdi.

Sonrakı hadisələr, xüsusən də İkinci Qarabağ müharibəsi dövlət üçün daxili sabitliyin, hakimiyyət komandasının monolitliyinin nə dərəcədə böyük önəm daşıdığını bir daha təsdiqlədi. Sanki Azərbaycan və Ermənistan yerlərini dəyişmişdilər, Ermənistan 90-cı illərin əvvəllərinin Azərbaycanını xatırladırdı. Düşmən ölkədə siyasi çəkişmələr, küçə toqquşmaları hələ də davam edir və nə zaman bitəcəyini də proqnozlaşdırmaq mümkün deyil. Amma Azərbaycanda 1993-cü ildən mövcud olan daxili sabitlik müharibə dövründə və Qələbədən sonra daha da möhkəmləndi, xalq-iqtidar birliyi özünün kəmiyyət və keyfiyyətçə yeni mərhələsinə daxil oldu. İndi ölkəmizdə daxili sabitliyi heç bir qüvvə poza bilməz, çünki xalq yektilliklə Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə İlham Əliyevin ətrafında birləşib, azərbaycanlılar onun Prezidentliyindən böyük fəxarət hissi yaşayırlar.

Hamıya aydındır ki, İlham Əliyevin Prezidentliyi Azərbaycana dünyada böyük hörmət qazandırıb, eyni zamanda beynəlxalq almədə yeni standartlar yaradıb. Nədən ibarətdir Azərbaycan standartları? İlk növbədə ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmət etmək, heç bir dövlətin daxili işlərinə qarışmamaq, özünün daxili işlərinə müdaxilə olunmasına imkan verməmək, iqtisadi inkişafa nail olmaq, xeyirxahlıq, tolerantlıq, multukultural və bəşəri dəyərlərə sadiqlik və s.

Bunun nəticəsidir ki, indi dünya Azərbaycanın tolerantlıq modelini öyrənir, inkişaf etmiş və inkişaf etməkdə olan bir neçə ölkənin aparıcı universitetlərində Azərbaycanın tolerantlıq siyasətinə dair xüsusi fənn tədris olunur, kurslar təşkil edilir. Bu siyasət bütövlükdə ölkəmizə çox böyük hörmət qazandırıb. Vətən müharibəsindəki qələbə isə Azərbaycanın tolerantlıq siyasətinin düzgün və gələcəyə yönəlmiş bir strategiya olduğunu təsdiqlədi. Nə qədər ki torpaqlarımız işğal altında idi Azərbaycanın tolerant ölkə olduğunu faktlarla dünyaya nümayiş etdirə bilirdik. Belə ki, müharibəyə və iki dövlət arasında olan düşmənçiliyə baxmayaraq Bakıdakı erməni kilsəsinin qorunub saxlanılmasını, Rus Pravoslav Baş Kafedral kilsəsinin (“Jen Mironosits” pravoslav kafedral kilsəsi), “Xilaskar” Yevangelik-lüteran kilsəsinin, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav kilsəsinin dövlət tərəfindən təmir olunmasını, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilməsini, Qəbələdəki Çotari Alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmirini, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası faktlarla bütün dünyaya çatdıra bilirdik. Eyni zamanda Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın qədim mədəniyyət abidələrini, məscidləri, ibadətgahları dağıtdığını bəyan edirdik. Lakin əlimizdə bunları təsdiqləyən o qədər də maddi sübutlar mövcud deyildi. Vətən müharibəsindəki Qələbədən sonra ermənilərin törətdikləri bütün vəhşiliklər tam çılpaqlığı ilə üzə çıxıb. İndi məlum olur ki, erməni vandalları yalnız azərbaycanlılara məxsus qədim abidələri, müsəlmanların məscidlərini, qəbiristanlıqlarını yerlə yeksan etməyiblər, o ərazilərdə olan pravoslav kilsələrini də dağıdıblar. Azərbaycandakı xarici diplomatların, əcnəbi media nümayəndələrinin həmin ərazilərə tez-tez səfərləri təşkil olunur, onlar hər şeyi öz gözləri ilə görürlər və həmin abidələrin, dini ibadət ocaqlarının real vəziyyətinə dair kadırlar bütün dünyada yayılır. Bunun nəticəsində dünya Azərbaycanın tolerantlıq modelini daha aydın formada dərk edir, Azərbaycanın Qarabağ məsələsində nə qədər haqlı olduğunu anlayır. İndi bir tərəfdə bütün dinlərə məxsus tarixi abidələri qoruyan, təmir edən, bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşan Azərbaycan, digər tərəfdə isə yalnız müsəlmanların məscidini deyil, hətta xristian qardaşlarının kilsəsini də dağıdan, məhv edən Ermənistan var. İşğaldan azad olunan ərazilərdəki vəziyyətə dair faktlar Ermənistanın beynəlxalq aləmdə ifşası üçün kifayət qədər əsas verir.

Qarşıda isə görüləcək hələ çox işlər var. İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işləri aparılacaq, insanlar ora qayıdacaq, yurd yerlərimiz abadlaşacaq, həyat qaynayacaq.

Bütövlükdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan və son illərdə daha geniş vüsət alan siyasi, sosial-iqtisadi, kadr və struktur islahatları Azərbaycanı keyfiyyətcə yeni inkişafın mərhələsinə yüksəldib. 2003-cü ildə gənc yaşında xalqın böyük dəstəyi ilə hakimiyyətə gələn dövlətimizin başçısının bütün fəaliyyəti ölkəmizin daha da çiçəklənməsinə, güclənməsinə, qüdrətlənməsinə yönəlib və bu, siyasət bütün sahələrdə öz müsbət nəticələrini verib. Elə bir uğurlu nəticə ki bu gün bütün dünya ondan danışır.

İlham Əliyevin islahatlarının əsas fərqi və istiqamətləri nədir? Zəruri olanı zamanında həyata keçirmək. Dəyişiklikləri hay-küysüz, təmkinlə və yalnız dövlətçilik maraqları əsas götürülməklə reallaşdırmaq. Bu yeniliklərin Azərbaycanın inkişafına yeni təkan verəcəyinə əmin olduqdan sonra addım atmaq. İslahatlarla ölkədə keyfiyyətcə yeni gənc məmur zümrəsinin formalaşmasına zəmin yaratmaq. Eyni zamanda xidməti olan insanları unutmamaq, onların işinə kölgə salmağa imkan verməmək.

Bütün bunların nəticəsində Azərbaycanda geniş dünya görüşünə malik, bir neçə xarici dil bilən, intelektual, vətənpərvər gənc nəsil formalaşıb. Bu gənc nəsil Qarabağın azad olunmasında böyük rol oynadı. Prezident İlham Əliyev Şuşada Cıdır düzündə çıxış edən zaman son illərdə formalaşan gənclərin Vətən müharibəsindəki roluna da toxunub. Dövlət başçısı deyib: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

Onminlərlə gəncin Vətən müharibəsinə könüllü qatılması, döyüşlərdə qəhrəmanlıqlar göstərməsi heç də təsadüfü deyil. Çünki uzun illərdir ölkədə uğurlu gənclər siyasəti yürüdülür, bu təbəqənin təmsilçilərinə böyük etimad göstərilir, onlar mühüm dövlət vəzifələrində irəli çəkilirlər və öz kreativ ideyaları, intelektual yanaşmaları ilə ölkəmizin inkişafına böyük töhfələr verirlər. Ən əsası isə azərbaycanlı gənclər böyük vətənpərvərlərdir və onlar döyüş meydanında bunu sübut etdilər.

YAP həm də gənclərin partiyasıdır. Azərbaycanda yüzminlərlə gənc öz gələcəyini bu partiyada görür, könüllü formada YAP-a üzv olurlar. VII qurultayda qəbul edilən qərarlar, gənclərin partiya rəhbərliyində mühüm vəzifələrə təyin edilməsi də YAP-da gənclərə böyük etimad göstərildiyini təsdiqləyir. Bütövlükdə Ümummilli lider Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi hələ uzun illər aktuallığını itirməyəcək.

İranə Məmmədli,

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini,  dosent

Daha çox xəbərlər