Siyasət 

Bu müharibə Azərbaycan və Ermənistan arasında fərqi bir daha dünyaya açıq şəkildə nümayiş etdirdi

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, əldə olunan nailiyyətlər tariximizin milli yüksəliş salnaməsidir. Vətən müharibəsində qazanılan qələbə təkcə bu salnamənin deyil, bütün Azərbaycan tarixinin ən şərəfli səhifəsi oldu. Dünya azərbaycanlılarının, bütün türk və islam dünyasının qürur və şərəf tarixinə çevrildi.

ARANTV.AZ  xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib. Təşkilatın sədri bildirib ki, qələbə ən müasir silahlarla, XXI əsrin ən səliqəli, ən sürətli və dəqiq müharibəsi ilə qədim və doğma torpaqlarımızı işğaldan azad etməklə və həm də siyasi yolun hər zaman fəxrlə təhlil olunacaq müdrik, uzaqgörən gedişləri ilə tarixi ədaləti və həqiqəti dünyanın gözü önünə sərdi və bütün dünya dövlətlərinin qəti və əbədi təsdiqinə çevirdi. Bu qələbənin təməlində Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu hərbi strategiyası durur. Prezident İlham Əliyev bu günlərdə işğaldan azad edilmiş torpaqlara səfəri zamanı deyib: “Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir”.
Bu müharibə Azərbaycan və Ermənistan arasında fərqi bir daha dünyaya açıq şəkildə nümayiş etdirdi. Göstərdi ki, Azərbaycan ərazisində yaşayan bütün xalqların tarixinə, dininə və mədəniyyətinə hörmət edən dövlətdir! Ermənistan isə dağıdıcıdır, gözü daim qonşu ölkələrin torpağında olan işğalçı dövlətdir! Prezident İlham Əliyev deyib: “Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər”.
F.Şadlinskaya bildirib ki, Vətən müharibəsində qələbə asanlıqla əldə olunmayıb. Məhz buna görə bu qədər möhtəşəmdir, əzizdir. Müharibənin hər günü, hər dəqiqəsi, hər saatı özündə neçə-neçə illərin çətinliyini, ağırlığını, yüzlərlə qanını-canını Vətəndən əsirgəməyən şəhidin, qazinin, minlərlə hər dəqiqə ölümlə üz-üzə qalan və onun gözünə dik baxan hərbiçinin döyüş əzmini, igidlik və şücaətini əks etdirir.
“Damla-damla və qarış-qarış bütövləşən o doğma torpaqlarımızı, adlarını sadalamaqdan qürur duyduğumuz əziz yurd yerlərimizi görmək, gəzmək, dərindən qoxulayıb öpmək üçün hər birimizin ürəyi səbirsizlikdən şan-şandır… Hər birimiz tələsirik. Ancaq görüləsi çox işlər var. Bu gün qalib ölkənin rəhbəri Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə azad edilmiş torpaqları gəzərək çox böyük mesajlar verir: Bu torpaqları erməni vandalizmi görün nə günə qoyub! Çünki bu torpaqlar onların deyil! Bu torpaqlar bizim dədə-baba yurdumuzdur! Bu torpaqları biz özümüz hərbi və siyasi yolla geri qaytardıq! Artıq bu tarixi torpaqlarımız əbədi və qəti şəkildə özümüzdədir! Bu torpaqları ən yaxın zamanda minalardan təmizləyib dirçəldəcəyik! Bu mesajlar qəti bir yolun və yeni inkişaf mərhələlərinin bağlandığının sübutudur. Prezidentimizin dediyi kimi: “Biz reallıqlar yaradan ölkəyik!”.

Daha çox xəbərlər