Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı və məhsuldarlıq
29 mart 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanmışdır. Qeyd edək ki, Sərəncam muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılması məqsədini daşıyır. Təbii ki, istehsal iqtisadiyyatın əsasıdır. Buna görə də cəmiyyət üzvlərinin artan tələbatlarının qarşılanmasında, istehlak sahəsində əlçatanlığın təmin olunmasında istehsal anlayışının müstəsna əhəmiyyətə malik olduğunu qeyd etmək olar. Məhz bu baxımdan təsdiq olunan yeni Dövlət Proqramının böyük əhəmiyyəti vardır.
Keçdiyimiz dövrlər üzrə muxtar respublika iqtisadiyyatının inkişaf mərhələləri üçün etibarlı baza rolunu oynayan kənd təsərrüfatı, eyni zamanda, mezoiqtisadi əhəmiyyətliliyinə görə də aktuallığını artırmaqdadır. Bu sahə həm də ASK inteqrasiyası fonunda xammal, emal və istehsal həlqəsinin qırılmazlığını gücləndirmişdir. Məhz yeni Dövlət Proqramı kənd təsərrüfatının davamlı inkişafı ilə bu sahədə dövlət tənzimlənməsinin də gerçək ifadəsi olaraq çıxış etməkdədir. Qeyd edək ki, bu sahədə bir sıra hüquqi tənzimləmələr həyata keçirildi ki, onların da bir qismini aşağıdakı kimi göstərmək olar:
– 28 yanvar 2005-ci il tarixində “Naxçıvan Muxtar Respublikasında aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında”;
– 11 aprel 2005-ci il tarixində “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı”nın (2005-2010-cu illər) təsdiq edilməsi haqqında;
– 17 sentyabr 2008-ci il tarixində imzalanmış Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın təsdiq olunması haqqında;
– 18 noyabr 2016-cı il tarixində “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında;
– 27 noyabr 2020-ci il tarixində “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında”;
– 14 fevral 2012-ci il tarixində 2012-2015, 8 fevral 2016-cı il tarixində 2016-2020, 12 mart 2021-ci il tarixində isə 2021-2025-ci illəri əhatə etməklə, Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramının təsdiq olunması haqqında Ali Məclisin Sədri tərəfindən imzalanan sərəncamlar muxtar respublikada kənd təsərrüfatının sürətli və uzaq gələcəyə hesablanan inkişafı məqsədlərini daşıyır.
Nəzərə alsaq ki, kənd təsərrüfatı əhalinin məşğulluq və özünüməşğulluq imkanlarının artrılmasında; ərzaq məhsulları ilə etbarlı təminatında və bu sahədə təhlükəsizliyin möhkəmləndirilməsində; təsərrüfatçılıq formalarının fəaliyyətinin səmərəli təşkili və idarə olunmasında; kəndlərin iqtisadi inkişafında; dayanıqlı məskunlaşma siyasətinin təmin olunmasında mühüm əhəmiyyəti ilə seçilir, onda bu tənzimlənmə mexanizmləri mövcud potensial üçün güclü təsisatlara malik perspektivlər açacaqdır.
Məhz yeni Dövlət Proqramının məqsədlərinə baxdıqda aydın olur ki, bu, kənd təsərrüfatı məshullarının istehsalı, emalı və ixrac imkanlarını nəzərdə tutmaqla və strateji mahiyyətə malik olmaqla, aşağıdakılardan ibarətdir:
– kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracını stimullaşdırmaq;
– kənd təsərrüfatı istehsalına əsaslanan ailə təsərrüfatlarını formalaşdırmaq;
– muxtar respublikada özünüməşğulluğu təmin etmək.
Bütün bunlar kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində keyfiyyət göstəricilərinin də həcmini artıracaqdır. Məhz regional inkişaf üzrə Dövlət proqramlarının təsiri və digər sahəvi tənzimləmələr vasitəsilə Naxçıvan Muxtar Respublikasında istehsal olunan kənd təsərrüfatı məhsullarının artım dinamikası da təmin olunmuşdur.
Ulu öndər Heydər Əliyevin həmişəyaşar ideyaları ilə müstəqilliyimizin bərpasının son 26 ilində daha mütərəqqi inkişaf yolu keçən kənd təsərrüfatı muxtar respublikanın makroiqtisadi inkişafının təmin olunmasında etibarlılığı ilə seçilmişdir. Belə ki, 1995-2020-ci illərdə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi 14 dəfə artmışdır. Bu, regional inkişaf üzrə Dövlət proqramlarının icrasının birinci mərhələsi, yəni 2004-2008-ci illər ərzində 2, ikinci mərhələsi ərzində, yəni 2009-2013-cü illərdə 1,8 dəfədən artıq, üçüncü mərhələsində, yəni 2014-2018-ci illər ərzində isə 1,4 dəfə təşkil etmişdir.
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2004-2020-ci illərdə 7 dəfəyə yaxın, 2009-2020-ci illərdə 3 dəfəyə yaxın, 2014-2020-ci illərdə isə 1,5 dəfədən çox artmışdır. Qeyd edək ki, 2021-ci ilin yanvar-fevral aylarında muxtar respublikada 16 milyon 689 min 300 manat həcmində kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsalı həcminin artan dinamikası bu sahənin artan tələbatlar qarşısındakı dayanıqlılığının və müqavimətliliyinin ifadəsi olub, iqtisadiyyatın sahə strukturunun təşkilatlanmasının gerçək təsdiqidir. Bu, eyni zamanda, kənd təsərrüfatı sahəsində istehsalçıların stimullaşdırıcı fəaliyyətinin göstəricisi olmaq etibarilə daha əhəmiyyətli olmaqdadır. Məhz 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması makroiqtisadi hədəflərin əlçatanlığı və reallaşması sahəsində kənd təsərrüfatının rolunun artmasını bir daha göstərmiş oldu. Ardıcıl olaraq 2020-ci ilin də “İxrac ili” olaraq elan olunması yeni Dövlət Proqramının da məqsədlərinə uyğun olaraq kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı sahəsindəki proseslərin sosial, iqtisadi və məntiqi nəticəsi olaraq çıxış etməkdədir. Yaxın gələcəkdə isə bu sahədə keyfiyyətcə yeni mərhələnin daha böyük uğurları özünü göstərəcək.
Məlumdur ki, iqtisadi inkişafın müasir mərhələsində mühüm makroiqtisadi məqsədlərdən biri idxalın məhdudlaşdırılması və bu əsasda yerli məhsul istehsalının stimullaşdırılması, nəticə etibarıilə ixracyönümlü məhsul istehsalının həcminin artırılmasından ibarətdir. Buna görə də nəzərdə tutulan tədbirlər məhz kənd təsərrüfatı məhsulları istehsalının artırılması, bununla da daxili tələbatın ödənilməsi ilə ixrac məhsullarının həcminin artırılmasını hədəfləyir.
Təhlillər göstərir ki, geridə qalan illər üzrə muxtar respublikanın sosial-iqtisadi inkişafında kənd təsərrüfatında bu amillər diqqət mərkəzində saxlanılmış və bu əsasda təmin olunan iqtisadi və hüquqi tənzimləmələr məhz həmin məqsədin reallaşmasına xidmət etmişdir. Bu istiqamətdə regional inkişaf üzrə Dövlət proqramlarının da mühüm təsirə malik olduğunu qeyd edə bilərik. Belə ki, hələ 2014-cü ildə muxtar respublikada tələbatdan çox istehsal olunmuş 95 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. 2015-ci ildə 97 milyon ABŞ dollarından artıq; 2017-ci ildə 101 milyon 478 min 400 ABŞ dolları; 2018-ci ildə 101 milyon 781 min 300 ABŞ dolları; 2019-cu ildə 102 milyon 230 min 400 ABŞ dolları; 2020-ci ildə isə 103 milyon 158 min ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur.
Bu göstəricilərin təşəkkülü milli iqtisadi quruculuq proseslərinin müasir mərhələsində Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının etibarlılığını ifadə etməklə, onun müəyyən olunan hədəflərin əlçatanlığına xidmət etməsini bir daha göstərir.
Təsdiq olunan yeni Dövlət Proqramının həyata keçirilməsi üzrə 16 bənddən ibarət olan Tədbirlər Planı da qəbul olunmuşdur. Tədbirlər Planında kənd təsərrüfatı məhsullarının istehsal, emal və ixrac potensialının gücləndirilməsi, emal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidinin və əmtəəlik göstəricilərinin yüksəldilməsi, ailə təsərrüfatlarının ixracyönümlü məhsul istehsalına təşviq olunması, ixrac bazarları haqqında sahibkarlar və ailə təsərrüfatlarının məlumatlandırılması, ixracyönümlü məhsul istehsalçılarına lazımi şəraitin yaradılması, gömrük yoxlamalarının sadələşdirilməsi, özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin məşğulluğu ilə bağlı işlərin davam etdirilməsi və digər zəruri tədbirlərin icrası nəzrədə tutulmuşdur. Həmin tədbirlər müvafiq strukturların icrası ilə 2021-2025-ci illəri əhatə edəcəkdir.
Kənd təsərrüfatının inkişafı sahəsində tənzimlənmənin həyata keçirilməsi özünün məqsədyönlülüyü, konkret hədəflərə istiqamətlənməsi, qarşıya qoyulan məqsədlərin reallaşması sahəsindəki qətiyyətliliyi ilə daha da önəmlilik daşıyır. Çünki muxtar respublika əhalisinin 70 faizdən artığı kənd yerlərində yaşayır. Yəni torpağa, kəndə, təsərrüfata bağlı olan və zəhmətkeşliyi ilə strateji mahiyyət kəsb edən məşğulluq imkanlarının artırılmasında fəallıq göstərən insanlar üçün bu Dövlət Proqramının müstəsna əhəmiyyəti olacaqdır. Kəndli bir daha biləcək və əmin olacaq ki, o, bir istehsalçıdır, istehsal etdiyi məhsulun bazarı, yəni alıcısı var və bu proses daha səmərəli xarakterə malik olacaq.
Elə Dövlət Proqramının icrası, muxtar respublikanın kənd təsərrüfatına gətirəcəyi yeni nəfəslər və işıqlı yol baxımından aşağıdakı nəticələri özündə əks etdirir:
– kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması;
– istehsal olunan məhsulların ixrac potensialının artırılması;
– kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulmasından ibarət olan yüksək faydalılıq göstəricilərini ifadə edir.
Beləliklə, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında kənd təsərrüfatının rolu həm artır, həm də makroiqtisadi dayanıqlılığın gücləndirilməsinə öz töhfələrini verməkdədir. Təbii ki, bu isə ümumilikdə, həm də mezo və makroiqtisadi mahiyyətliliyinə görə daha böyük uğurlar gətirəcəkdir. Bunu mövcud potensial və gələcək perspektivlər də göstərir.
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru

