Azərbaycan qazının Bolqarıstana nəqli üçün interkonnektorun inşasına başlanılacaq
ARANTV.AZ xəbər verir ki, Azərbaycan qazının Bolqarıstana nəqli üçün Yunanıstanla birgə interkonnektorun inşasına başlanılacaq. Bu barədə Bolqarıstanın energetika naziri Temenujka Petkova məlumat verib. Vurğulayıb ki, ən geci 3 ay ərzində inşasına başlanacaq layihə 2020-ci ilin ikinci yarısında yekunlaşacaq. Bununla da Azərbaycanla bir milyard kubmetr qazın nəqli üçün imzalanan müqavilə icra ediləcək. “Şahdəniz-2” yatağından Cənub Qaz Dəhlizi ilə nəql olunacaq mavi yanacaq Bolqarıstana da ixrac ediləcək. Bu ölkə ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Bolqarıstanın dövlət qaz şirkəti “Şahdəniz” yatağının ikinci fazasının işlənməsi çərçivəsində qazın nəqli ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı Bolqarıstanın qaz istehlakının təxminən 25-30 faizini təmin edəcək.

