Sosial 

Pandemiya və ictimai nəqliyyat: Açıq hava maskadan istifadə etməli olan əhali avtobuslarda niyə sıxlığa düşür?

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 856 363 vaksin vurulub. Belə ki, birinci mərhələ üzrə vaksinasiya olunanları sayı 558 485, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 297 878 nəfərdir. Peyvənd olunmuş əhalinin faizinə görə Azərbaycan MDB regionu üzrə birincidir.

Koronavirus pandemiyası başlayandan bəri aparılan mübarizə tədbirləri, o cümlədən qabaqcıl Avropa ölkələri eyni vaxtda peyvəndləməyə start verilməsi ölkəmizdə əhalinin sağlamlığına verilən əhəmiyyətin daha bir nümunəsidir.Lakin virusun daha çox yayıldığı Bakı şəhərinin ictimai nəqliyyatındakı vəziyyət koronavirusla mübarizə tədbirlərinə nəinki zərbə vurur, hətta bir növ sabotaj etməkdədir. Söhbət ondan gedir ki, onsuzda əvvəllər də sərnişin sıxlığının yüksək həddə olduğu ictimai nəqliyyatda hazırda  metronun fəaliyyət göstərməməsi fonunda vəziyyət daha da kəskin hal alıb.

Bakı Nəqliyyat Agentliyində hesab edilir ki, sərnişin sıxlığının artması tıxaclarla bağlıdır. “Gün ərzində xüsusilə pik saatlarında nəqliyyatın hərəkətində yaranan sıxlıqlar avtobuslararası hərəkət intervalının pozulmasına, avtobusların uzun müddət tıxacda qalmasına səbəb olur. Bu isə öz növbəsində dayanacaq məntəqələrində gözləyən sərnişin sayının artmasına və avtobuslarda sərnişin sıxlığının yaranmasını qaçılmaz edir”, deyə qurumun açıqlamalarının birində deyilir.

Doğrudanmı, hətta açıq havada tibbi maskadan istifadə etməli, ticarət və ictimai iaşə obyektlərində sosial məsafə saxlamalı olan əhalinin avtobuslarda biri-birinə bitişik formada getməsi tıxacla bağlıdır?

Ondan başlayaq ki, Bakı  Nəqliyyat Agentliyi yarandığı vaxtdan bəri sərnişindaşıma fəaliyyəti göstərən subyektlərin sayının azaldılması istiqamətində siyasətini pandemiya dövründə də davam etdirib. BNA 2020-ci ildə daşıyıcı şirkətlərin sayını 37-dən 29-a endirib. Qeyd edək ki, bu qurum fəaliyyətə başladığı dövrdə paytaxtda 65 belə subyekt olub.

BNA-nın rəsmi saytında yerləşdirilmiş məlumata görə, hazırda fəaliyyətdə olan 166 marşrut xəttinin 74-ü və ya 45 faizi şəhərdaxili, 92-si və ya 55 faizi şəhərətrafı ərazilərin payına düşür. Müqayisə üçün deyək ki, pandemiyadan əvvəl Bakıda 150 marşrut xətti fəaliyyətdə olub ki, onların  43 faizini və ya 65-ni şəhərdaxili, 57 faizini və ya 85-ni isə şəhərətrafı xətlər təşkil edirdi. Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatından belə məlum olur ki, ötən il koronavirus (COVID-19) pandemiyası ilə bağlı 12 ekspress və 5 müntəzəm marşrut xətti təşkil edilib.

Şəhərərtafı marşrut xətlərinin sayındakı azalma həmin ərazilərdə sərnişin sıxlığında “öz sözünü deməkdədir”. Maraqlı olan əsas məqam isə ondan ibarətdir ki, pandemiya əvvəlki dövrlə  müqayisədə paytaxtda marşrut xətlərinin sayında artım olsa da, avtobusların sayı azalıb. Ötən ilin əvvəlində Bakı şəhərinin marşrut şəbəkəsində 2046 avtobus olsa da, metronun bağlı olduğu hazırkı dövrdə bu göstərici 114 ədəd azalaraq 1932-yə enib. Metronu “əvəz edən” 12 ekspres marşrut xəttinin yaradılması fonunda şəhərdaxili fəaliyyət göstərən avtobusların sayı 51 ədəd artaraq 1115-ə çatsa da, şəhərətrafı xətlərdə bu göstərici 155 ədəd azalaraq 827-yə enib. Pandemiyadan  əvvəllə müqayisədə orta hesabla hər şəhərdaxili marşrut xəttində avtobus sayı 16-dan 15-ə,  şəhərətrafında isə 11-dən 9-a enib. Baxmayaraq ki, BNA ölkəyə hər il yüzlərlə avtobusun gətirildiyi bəyan edir.

Ayrıca BNA hələ ötən ilin avqust ayında  müntəzəm marşrutlar üzrə avtobusların sərnişin tələbatına uyğun tənzimlənməsi barədə verdiyi tapşırığın icrasına nəzarət məqsədilə bir qrup daşıyıcı şirkətin istehsalat bazalarına baxış zamanı saz vəziyyətdə olan avtobusların saxlanılaraq xətlərə buraxılmaması hallarının müşahidə edildiyini açıqlamışdı.

Bütün bunlar paytaxtdakı əksər marşrut xətlərində müşahidə olunan böyük sərnişin sıxlığının təkcə tıxacla bağlı olmadığını üzə çıxarır. Bu isə virusa yoluxma sayının artmasına öz “töhfə”sini verməklə pandemiya ilə mübarizəyə aydınlıq gətirir: axı necə olur ki, koronavirusla mübarizəyə bütün iqtisadiyyatı səfərbər edən, bütün imkanlardan istifadə etməklə vaksin əldə edib əhalinin sürətlə peyvəndlənməsinə nail olan ölkənin paytaxt şəhərinin ictimai nəqliyyatı virusun yayılmasına şərait yarada bilir?

Xətlərə daha çox avtobus buraxmaqla sərnişin sıxlığını azaltmaq əvəzinə metronun işləmədiyi dövrdə avtobusların sayının azaldılmasından qazanan sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərdirsə, itirən bütün ölkə və onun vətəndaşlarıdır. Daşıyıcı şirkətlərin qazancının məbləği məlum olmasa da,  təkcə 2020-ci ildə dövlət büdcəsindən koronavirusla mübarizəyə 2 milyard manata yaxın vəsait sərf olunub. Eyni zamanda, iqtisadiyyat koronavirusla mübarizədə böyük zərbə alıb, 260 mindən çox şəxs virusa yoluxub, 3,6 minə yaxın şəxs virusdan vəfat edib.  Görünən odur ki, ictimai nəqliyyata cavabdeh olan qurum bu istiqamətdə təsirli tədbirlər görməyənə qədər atılan addımlara rəğmən koronavirusla mübarizə aparmaq asan olmayacaq.

Daha çox xəbərlər