İlham Əliyev: Dəmir yumruq yerindədir
Lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyular
Prezidenti İlham Əliyevin bu günlərdə Bakıda Hərbi Qənimətlər Parkının açılışında etdiyi çıxış bir daha təsdiq etdi ki, hazırlanmış mükəmməl hərbi strategiya və taktika sayəsindəAzərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirirərək 44 gün ərzində mütləq qələbə əldə etdi.Düşmənin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Prezidentin dediyi kimi 10 minlərlə düşmən əsgəri Azərbaycan ordusunun ildırımsürətli həmlələri qarşısında tab gətirməyərərk fərarilik edir, döyüş meydanından sağ çıxmaq üçün, əsir düşməyi belə məqbul sayırdılar. Parkda nümayiş etdirilən düşmənin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qeyd olunan fikrin təsdiqinə bariz nümunədir. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir.Lövhənin qarşısında çıxış edən Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ermənilərin azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirdiyini xüsusi qeyd edib: “Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb.Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya, məğlubedilməz orduları var. Azərbaycanlılar isə şəxsi maşınlarını qoyub, öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya qənimət kimi götürülmüşdür. Hələ müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik.Dekabrın 10-da keçirilmiş hərbi paradda bu lövhə nümayiş etdirildi. Azadlıq meydanında, bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi. Bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Yük maşınlarının burada sərgilənən nömrələri götürülmüş texnikanın, sadəcə, kiçik hissəsini təşkil edir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb. Buraya gələn hər bir insan – Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur, onlara verilən cavab. Qarabağ Azərbaycandır!”.
Döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinəcinayətləri törədib, döyüş bölgəsindən uzaqda olan yaşayış sahələrinə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da var.“İsgəndər M” raketinin qalıqlarına baxan Prezident İlham Əliyev Şuşanın “İsgəndər-M” raketləri ilə ermənilər tərəfindən atəşə tutulduğunu xüsusi vurğulayıb: “Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının onun üçün ən vacib məsələlərdən biri olduğunu deyən Prezident Əliyev İkinci Qarabağ müharibəsində bu sahədə də böyük uğurlar əldə edildiyini qeyd edib: “Əlbəttə ki, ilk növbədə, ordu quruculuğu. Ordunun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, peşəkarlığı, xidmət şəraiti, hərbçilərin məişət şəraiti yaxşılaşdırıldı. Elə güclü ordu yaratmışıq ki, beynəlxalq reytinqlərdə həmişə 50-ci yerlərdə idik, indi müharibədən sonra təbii ki, daha da yüksək yerlərə qalxacağıq. Müharibə dövründə gücümüzü göstərdik. 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Biz düşməni hər gün qovurduq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdılar, halbuki müharibələrdə hücumlar, geriyə dönmələr, manevrlər olur. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Ermənistan ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər”.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev daha sonra çıxışında azad edilmiş torpaqların bərpa ediləcəyini, lakin erməni vəhşiliyinin heç vaxt unudulmayacağını xüsusi vurğulayıb: “Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyular”.

Şeyda Əzizova
“Aran Media” qəzetinin baş redaktoru

